Qarabağ davası ətrafında divident oyunları

25-02-2019, 23:00           
Qarabağ davası ətrafında divident oyunları
Ötən ilin sonlarından başlayaraq Azərbaycan siyasi arenasında canlanma yarandı.

Siyasətçilər, ictimai xadimlər bir araya gələrək Qarabağ Komitəsi yaratdılar. Danışıqların tamamən dayandırıldığı, cəbhədə atəşkəsin ilk dəfə iyirmili, otuzlu rəqəmlərə düşdüyü bir vaxtda əslində, belə bir komitəyə ehtiyac var idi.

Komitə yarandı, toplantılar keçirdi və mitinq etdi. İlk mitinqdən sonra bəziləri Qarabağ Komitəsinin Qarabağ adından istifadə edərək siyasi divident qazanmaq istədiyini bildirdi. Onlar tərəfdən baxanda haqlı olduqları görünür. Bəs əslində olan nədir? Qarabağ həm də siyasət qurbanı olub axı. Niyə görə Qarabağı siyasiləşdirməsinlər? Qarabağ problemi Azərbaycan dövlətini idarə edəcək bütün hakimiyyətlərin başının üzərində domokl qılıncı kimi duracaq. Ölkə güllük, gülüstanlıq olsa belə, məhz Qarabağ probleminin qalması hakimiyyətlərin minusuna yazılacaq. Çünki Azərbaycanda müstəqillik dövründə baş verən bütün hakimiyyət dəyişikliklərində əsas təkanverci məqam Qarabağ məsələsi olub.

Adında Qarabağ olan saysız-hesabsız təşkilatlar var. Bir çoxu da bu addan istifadə edərək dövlətdən qrantlar alıblar, layihələr həyata keçiriblər. Bu iş hələ də davam etməkdədir…

Bir müddət öncə Qarabağ Komitəsindən qopmalar oldu. Əslində bu normal bir haldır. Könüllülük əsasında qurulan qurumdan qopmalar təbii ki, olacaq. Bunun üzərində durmaq belə doğru deyil. Amma və lakin. Qarabağ Komitəsindən gedənlərdən keçmiş daxili işlər naziri İsgəndər Həmidov öz təşəbbüsü ilə yaratdığı Azərbaycan Xalq Hərəkatının tərkibində Qarabağ Komitəsi formalaşdıracağını bildirdi və etdi də. Görünən odur ki, Qarabağın dirisini olduğu kimi, ölüsünü belə bölə bilmirik.

İsgəndər Həmidov və digərləri Qarabağ Komitəsindən getdikdə sonra orada olanlardan bəzilərinin hakimiyyətin adamı olduğunu dedilər. Qarabağ ümummilli problem deyildi bəyəm? Gələk, Qarabağ Komitəsindəki hakimiyyətin adamının kimliyinə – Akif Nağı.

Komitədən çıxanlar, hətta orada olanlar belə Akif Nağının hakimiyyətin adamı olduğunu deyir. Bunu guya bilmirdilər? Yoxsa çıxanda yadlarına düşdü? Maraqlıdır ki, Akif Nağı hər vəclə bunu inkar edir. Niyə inkar edir ki? Hakimiyyətin adamı olmaq pis şeydir? Qarabağ Azadlıq Təşkilatının rəhbəri olan Akif Nağı hakimiyyətin adamı ittihamına görə əsir, coşur, kükrəyir. Bəs təşkilat adına qrantlar alanda necə?..

Bir çoxları deyir ki, Qarabağ Azadlıq Təşkilatı ən azı Fələstin Azadlıq Təşkilatı kimi olmalı idi. Bəli! Amma əslində necədir? Heç nə! Konkret olaraq heç nə!

Qarabağla bağlı qurulan təşkilatlara baxırıq. Aşağı-yuxarı eyni simalar. Bir təşkilatda olan adamın eyni mahiyətli başqa bir təşkilatda olmasının anlamı nədir? Bunu da özləri cavablandırsınlar.

Misal üçün, Akif Nağının həm QAT-ı var, həm də Qarabağ Komitəsi ilə özününki kimi davranır. Adama sual verərlər ki, QAT-la nə etdin ki, Qarabağ Komitəsi ilə də nə edəsən?

Qarabağ problemi ətrafında yaranan təşkilatlar içərisində heç şübhəsiz, ürəyi Qarabağla döyünənlər də var. Ancaq onların da görəcəyi bir şey yoxdur. Ola bilməzmi ki, həmin şəxslər birlik yaratsın və Qarabağ üçün birgə fəaliyyət göstərsinlər? Bunu istəyənlər var. Sadəcə nələr olacaq, onu yaşayarıq, görərik.

Səxavət Məmməd












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.