Konqresdən Ankaraya qarşı riskli gediş: Tramp sanksiyalara “hə” desə...

13-12-2019, 09:59           
Konqresdən Ankaraya qarşı riskli gediş: Tramp sanksiyalara “hə” desə...
ABŞ Senatının komitəsi Türkiyəyə qarşı sanksiyalar paketini qəbul edib, müdafiə naziri hədəfdədir, XİN müttəfiqinə səsləndi;ekspertlər deyir ki...
Türkiyə ilə ABŞ arasında S-400-lərlə bağlı gərginlik artıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riç Ərdoğanın “Türkiyə Rusiyadan alınan S-400-lərdən vaz keçməyəcək” bəyanatına şərh verib. O bildirib ki, ABŞ-ın Türkiyəyə tətbiq edəcəyi ağır sanksiya sənədi artıq qapıdadır: “Bu sanksiya ”ABŞ-ın beynəlxalq təhlükəsizliyi və İŞİD-in canlanmasının qarşısını almaq" adı altında qəbul ediləcək".

“Sənəddə Türkiyənin milli müdafiə naziri başda olmaqla, üst səviyyəli məmurlarına sanksiya tətbiq edilməsi ilə yanaşı, Türkiyənin Suriyada istifadə etməsi təxmin olunan silah tədarükünün qadağan olunmasından bəhs edilir. Buraya Rusiyadan alınan S-400-lərlə bağlı digər sanksiya növlərinin əlavə ediləcəyinə də şübhə olmamalıdır”, - deyə o qeyd edib.Senator bildirib ki, S-400 məsələsində Türkiyəyə çox səbir göstəriblər: “Artıq yolun sonuna gəldik. Bayram sona çatdı”.

Senator Trampla Ərdoğanın Londondakı son görüşünün sanksiyanın ertələnməsinə səbəb olub-olmayacağı haqda suala isə belə cavab verib: "Prezidentin adından danışa bilmərəm. Bizim baxışlarımız hər zaman üst-üstə düşməyə bilər. Ancaq Tramp da artıq sanksiyanın tətbiq edilməsinin vacibliyinin fərqindədir. Məncə, onun da səbri artıq daralıb".

“Bəs sanksiya nə vaxt tətbiq olunacaq” sualına senator “Dəqiq tarix yoxdur, ancaq biz mümkün olduğu qədər sürətli hərəkət edirik”, - deyə cavab verib. O, sonda F-35-lərlə bağlı yaranan problemdən də danışıb: “Bilirsiniz ki, Türkiyə S-400 raketlərinə görə F-35 layihəsindəki ortaqlıqdan çıxarılıb. Bəli, Türkiyə 115 ədəd F-35 sifariş verib, onun da 5-nin pulu ödənilib, sifariş hazırlanıb. Lakin S-400 Türkiyədə olduğu müddətdə bu qırıcılar ABŞ-dan ayrılmayacaq”.

Beləcə, Amerika artıq NATO üzvü olan ölkə ilə düşmən dilində danışır və müdafiə naziri Hulusi Akara sanksiya tətbiq edə biləcəyini gizlətmir. Senatorun Türkiyə ilə bağlı açıq şəkildə təhdidlərinə cavab gecikməyib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Senatının xarici işlər üzrə komitəsinin sanksiyalar hazırlamasını qınayan bəyanat yayıb. "Konqresin iki palatasının və Türkiyə əleyhinə olan dairələrin dəstəklədiyi təşəbbüslər bizim milli təhlükəsizliklə bağlı qəbul etdiyimiz suveren qərarlarımıza qarşı növbəti hörmətsizlikdir. Biz ABŞ Konqresini məntiqli olmağa və konstruktiv mövqe tutmağa, son həftələrdə ən yüksək səviyyədə təsdiqini tapmış ortaq məqsədlərə xələl yetirməməyə çağırırıq" - bəyanatda bildirilir.

Qeyd edək ki, srağagün komitə Ankaranın Suriyanın şimal-şərqində hərbi əməliyyat aparması və Rusiyadan S-400 zenit-raket sistemini almasına görə Türkiyə əleyhinə sanksiyalar paketini təsdiq edib. Bənzər qanun layihəsi oktyabrda ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilib. İndi bu qanun layihəsini Senatın təsdiqi gözləyir. Qüvvəyə minməsi isə adətən sanksiyaların əleyhinə olan prezident Tramp tərəfindən təsdiqlənməsindən asılı olacaq.

Komitənin demokrat üzvü Bob Menendez bu xüsusda deyib: “Türkiyənin ötən bir il ərzindəki hərəkətləri heç bir çərçivəyə sığmır. Bu qanun layihəsi nümayiş etdirir ki, Türkiyənin Suriyaya münasibətdə siyasəti qeyri-məqbul, onun Rusiyadan S-400 raketlərini alması isə yolverilməzdir”.

Türkiyə ilə bağlı bu cür qanun layihəsi isə Ankaranın müstəqil siyasət yürütməsi, ABŞ-ın Yaxın Şərqdəki planlarını pozması, Qərb dövlətlərinin himayə etdiyi terror qruplaşmalarına sarsıdıcı zərbə vurması ilə bağlı olduğu şübhə doğurmur. Ancaq hədə xarakterli bu aktın prezident Tramp tərəfindən təsdiqlənəcəyi az ehtimal olunandır.

İstanbulda yaşayan politoloq Ramiyə Məmmədova “Yeni Müsavat”a bildirdi ki, proseslərin gedişini izləyir və baş verənləri Ankaranın Moskva ilə yaxınlaşmasının nəticəsi kimi qiymətləndirir. Onun fikrincə, Rusiyanın niyyəti Türkiyəni NATO-dan çıxarmaqdır və Vaşinqtonda bunu bildiklərinə görə Ankaranı sıxma-boğmaya salırlar.

Ekspert hesab etmir ki, sanksiyalar paketi Tramp administrasiyası tərəfindən təsdiqlənərək tətbiqinə başlanacaq. Siyasi şərhçinin sözlərinə görə, ABŞ və Türkiyə hər nə qədər bir-birinə top atsalar da, işləməyə davam edəcəklər. "Yəni buna məcburdurlar. Ortada NATO faktoru var. Əslində komitənin sanksiyalar paketinin indi təsdiqlənməsi təsadüfi deyil.Çünki Ərdoğanla Putinin Suriya danışıqlarından dərhal sonra amerikalılar hərəkətə keçdilər" , - deyə R.Məmmədova qeyd etdi.

Politoloq sanksiyaların təhdid olaraq qalacağını güman edir: “Amerika o qədər irəli getməz, bilir ki, Ankara ilə əlaqələrin gərginləşməsi və Hulusi Akara sanksiya tətbiqi Türkiyənin Rusiya ilə yaxınlaşmasını daha da sürətləndirəcək. Üstəlik, Trampla Ərdoğan görüşdülər və bir çox məsələləri yoluna qoydular”.

Analitik Tofiq Abbasov Türkiyənin Yaxın Şərq siyasəti və Suriyadakı mövqeyinin Amerikanı narahat etdiyini düşünür. Onun sözlərinə görə, Obama dövründən Türkiyə müstəqil siyasət yürütməyə başlayıb və Amerikanın Şərq siyasətini səhv sayır. T.Abbasov qeyd edir ki, Ankara Suriyada əldə olunan razılaşmalarla son günlər yenidən barışmaq istəmir: “Kürdlərin Suriyada muxtariyyət arzusu var və həm Senatda, həm Konqresdə güclü lobbiçiləri var. Bu mənada Türkiyənin manevr imkanlarının məhdudlaşdırılması istənilir. Hazırda Amerikanın siyasi dəhlizlərində Türkiyənin mövqeyi çox kövrəkdir. Sadəcə, Tramp Ərdoğana söz verib ki, müttəfiqliyi davam etdirəcəklər”.
“Yeni Müsavat












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.