Bakıda apteklərdə azad narkotik həblər almaq olar VİDEOFAKT

16-10-2015, 20:31           
Bakıda apteklərdə azad narkotik həblər almaq olar VİDEOFAKT
13 oktyabrda Qafqaznews.az saytında “Bakıda apteklərdə qanunsuz psixotrop dərmanlar satılır” başlıqlı məqalə dərc olunub.
Məqalədən bəlli olur ki, Qafqaznews.az-ın əməkdaşları bir neçə aptekdə reydlər keçirib. Reyd zamanı Bakıda bir neçə aptekdə reseptsiz, dövlət tərəfindən satışı qadağan olunmuş psixotrop dərmanların satışı aşkar olunub.
Qafqaznews.az-ın əməkdaşları Nərimanov rayonu ərazisində, Azadlıq prospekti 235 C ünvanında yerləşən “Elnur” aptekində və qonşuluqda- Azadlıq 235 D ünvanında yerləşən “24 saat” aptekində dövlət tərəfindən qadağan olunmuş Lyrica , Tramadol, Tropin, Contramal dərmanlarının satışı ilə məşğul olan əczaçıların çəkilişini aparıb.
Sonra əməkdaşlar Nəsimi rayonu ərazisində Asif Məhərrəmov 54 ünvanında, “İmperial” şadlıq sarayının binasına bitişik “Ekonom” aptekdə də çəkiliş apararaq eyni mənzərəni “lentə alıb”. Həmin aptekin satıcısı da dövlət tərəfindən satışı qadağan olunan Lyrica psixotrop dərmanını satarkən bu , əməkdaşlar tərəfindən lentə çəkilib.
6 fevral 2013-cü ildə Səhiyyə Nazirliyinin əczaçılıq üzrə Ekspert Komissiyasının qərarı ilə xəstələrə neqativ təsirinə görə “ Lyrica ”, “ Koaksil” dərmanlarının Azərbaycana gətirilməsi dayandırılıb. Bu dərmanlar dövlət qeydiyyatından çıxarılıb. Həmin dərmanların apteklərdə satışı qadağan edilib.
Respublika narkoloji mərkəzin direktoru Telman Məmmədhəsənovun sözlərinə görə, son illər dərmanlardan sui-istifadə, onlardan təyinatı üzrə olmayan istifadə halları artıb: “ Ötən il Mərkəzə müraciət edənlərin 45 faizi (alkoqolizm istisna olmaqla) narkotik preparatlardan istifadə edənlərdir. Onların daha çox istifadə etdikləri “Tropin”, “Midriasil”, “Koaksil” və “ Lyrica ”dır”.
Telman Məmməd onu da qeyd edib ki, bu dərmanlar təkcə istifadəçi üçün deyil, ailə üzvləri üçün də təhlükəlidir: “ Qanunvericiliyə görə, narkotik tərkibli dərmanlar xüsusi reseptlər vasitəsilə satılmalıdır. Narkoloqlar təsdiq edir ki, son zamanlar narkomanlar arasında “Lirika”dan istifadə halları artıb”. (www.azerizv.az)
Biz Səhiyyə Nazirliyinin əczaçılıq üzrə Ekspert Komissiyasının 6 fevral 2013-cü il tarixli qərarının qüvvədə olub-olmadığını dəqiqləşdirmək qərarına gəldik. Bunun üçün Respublika narkoloji mərkəzin direktoru Telman Məmmədhəsənova müraciət etdik.
O, bizə bildirdi ki, “ Lyrica ”nın ölkəyə idxalı qadağan olunub.
Müxbirimizin “Qafqaznews.az-ın məlumatına görə, bu dərmanlar açıq satışdadır” fikrinə Məmmədhəsənovun cavabı belə oldu: “ Bu barədə hüquq-mühafizə orqanlarına müraciət edin. Qadağan olunmuş dərmanlarla bağlı Səhiyyə Nazirliyi onları məlumatlandırıb”.
Biz DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinə mürcaiət etdik. Baş idarənin adını deməyən əməkdaşı qafqaznews.org-a bildirdi ki, “Lirika” ölkəyə gətirilə bilər, ancaq reseptlə satılmalıdır.
Müxbirimizin “Axı, Respublika narkoloji mərkəzin direktoru Telman Məmmədhəsənov bizə bildirdi ki, Səhiyyə Nazirliyi bu dərmanları qadağan edib və bu barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb. Ancaq Bakıda bu dərmanlar açıq satılır. Niyə?” sualına Baş idarənin əməkdaşının cavabı belə oldu:” Bu barədə Səhiyyə Nazirliyinə müraciət edin, apteklərə lisenziyanı onlar verir və fəaliyyətlərinə nəzarət edirlər”.
Müxbirimizin “Respublika narkoloji mərkəzin direktoru Telman Məmmədhəsənov bizə bildirdi ki, Səhiyyə Nazirliyi qadağan olunmuş dərmanlarla bağlı DİN-i məlumatlandırılıb” fikrinə polisin münasibəti belə oldu: “ Respublika mərkəzində qadağan olunmuş dərmanların siyahısı olmur. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edin”.
Müxbirimiz “ Respublika narkoloji mərkəzi Səhiyyə Nazirliyinin qurumudur…Nazirlik 2013-cü ildə “Lirika”nın ölkəyə gətirilməsini qadağan edib” xatırlatmasına polisin cavabı belə oldu: “ Biz sizin informasiyanı mütləq yoxlayarıq”.
Mövzu ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qafqaznews.org-a aşağıdakıları söylədi: “ Bizim apteklərdə heç vaxt resept tələb olunmur. Xaricdə reseptsiz dərman almaq mümkün deyil. Məncə, Səhiyyə Nazirliyi DİN-lə birgə yoxlama keçirməli və psixotrop maddələrin satılmasını aşkar etməlidir. Əgər hansısa aptek “Lirika”nı satırsa və heç bir tədbir görülmürsə, deməli ortada “krışa” söhbəti var”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.