Tramp İrana zərbələri "birdəfəlik akt" adlandırıb, Tehran isə cavab zərbəsi hazırlayır
Bu gün, 15:34

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana xəbərdarlıq edib ki, nüvə obyektlərinə zərbələr hakimiyyəti dəyişdirmək üçün müharibənin başlanğıcı deyil, birdəfəlik aktdır.
Bu barədə "The Wall Street Journal" amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Vaşinqton ərəb dövlətləri vasitəsilə Tehrana hücumların başa çatması barədə məlumat verib. ABŞ həmçinin vasitəçilər vasitəsilə İranı nüvə sazişi üzrə danışıqlara qayıtmağa çağırıb.
Buna baxmayaraq Ağ ev 48 saat ərzində İranın ABŞ obyektlərinə mümkün cavab zərbələrinə hazırlaşır. Bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
İranın hansı ABŞ obyektlərini hədəf seçə biləcəyi açıqlanmayıb.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.