Təhlükəsizlik naziri niyə cəzalandırıldı - şok versiyalar
19-10-2015, 10:48
Dövlət başçısı İlham Əliyevin milli təhlükəsizlik naziri Eldar Mahmudovu oktyabrın 17-də axşam işdən çıxarması barədə sərəncamının elan edilməsi ilə ölkənin gündəmi dəyişib. Prezident sərəncamının elan edilməsindən dərhal sonra E.Mahmudov və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyi haqda bir-birinə zidd xəbərlər yayılıb. Çoxsaylı versiyalar, şayiə və mülahizələrdə sabiq nazirin saxlanıldığı, onun MTN-dəki komandasına qarşı irimiqyaslı həbslərin başlanıldığı, nazirliyin Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevin və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin, eləcə də daha bir neçə yüksək rütbəli əməkdaşının həbs edildiyi bildirilib.
Həbslərlə bağlı İlkin informasiyalar da şok effekti doğurub: “Həbs edilənlər MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər!” Sonra isə daha ilginc anons: “Həbslər davam edəcək və onun daha bir neçə generalı da əhatə edəcəyi gözlənilir...” Rəsmi qurumlar isə 48 saatdır ki, susur...
MTN-lə bağlı müəmmanın şənbə və bazar gününə düşməsi təsadüfə oxşamır. Çünki ölkənin gündəmini dəyişəcək bu kimi hadisələr, adətən, istirahət günlərində və ya bayramlarda baş verir. 18 oktyabr rəsmi bayram günü olmasa da, istirahət günüdür və rəsmi qurumlardan heç bir izahat, bilgi və açıqlama almaq mümkün deyil.
Birinci müəmma
Prezident İlham Əliyev məlum sərəncamı Qazaxıstandan qayıtdıqdan bir neçə saat sonra imzalayıb. Məlumdur ki, oktyabrın 16-da Qazaxıstanda MDB liderlərinin sammiti keçirilirdi. Sammitdə əsas müzakirə mövzularından biri də MDB məkanında İŞİD sıralarına qoşulanlarla bağlı mübarizə olub. Sammit davam edərkən MTN Bakıda İŞİD terrorçularının həbsi xəbərini yayıb və dəqiq vaxtı açıqlanmayan əməliyyatda saxlanılan Azərbaycan vətəndaşları haqda süjet televiziyalara ötürülüb.
Prezidentin Qazaxıstandakı qeyri-rəsmi görüşləri ilə bağlı heç bir xəbər yoxdur. Amma bir gün sonra, oktyabrın 17-də Qazaxıstandan qayıdan İlham Əliyev “daha bir uğurlu antiterror əməliyyatı keçirmiş” nazirliyin rəhbərini işdən çıxarıb. Ola bilsin ki, MTN və barələrində həbs iddiaları yayılan generalitet prezidentin onlarla bağlı sərt mövqeyindən xəbərdar olduqları üçün antiterror əməliyyatı ilə bağlı həbsləri həmin gün efirə verməyi lazım biliblər, bəlkə də özlərini xilas edə biləcəklərini düşünüblər. Burada prezidentin ölkədə olmadığı vaxt - əgər həbslərlə bağlı xəbərlər doğrudursa - hansısa “baş tutmayan çevriliş” iddialarından da danışmaq mümkündür. Amma diqqəti daha maraqlı bir detala yönəldək. Sərəncam elan edilməzdən bir gün əvvəl çox yüksək rütbəli bir Rusiya rəsmisi Bakıda idi. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin.
Rəsmi xronikada bildirilir ki, Bastrıkin Bakının görməli yerlərini gəzib və BDU-da tələbələrə mühazirə oxuyub. Bastrıkin Bakıda çox olub, o, professor İlham Rəhimovun dostudur və adətən, onun qonağı olur. Amma Rusiya rəsmisinin budəfəki səfərinin MTN-də baş verənlərlə eyni vaxta düşməsi sırf təsadüfmü? Bastrıkinin qovluğunda daha nə gətirə biləcəyi haqda əlavə mülahizə yürütmədən yalnız Rusiya faktoru ilə bağlı yayılmış bir mülahizəni də diqqətə çatdırırıq. Bir versiyaya görə, Eldar Mahmudov qərbyönümlü məmurlardan olmaqla, ABŞ və İsrail xüsusi xidmət rəhbərləri ilə əməkdaşlıq içərisində olub. İddiaya görə də son vaxtlar ölkənin siyasi kursunun Rusiyaya yaxınlaşması bu cür mühüm postda Qərblə iç-içə olan birisinin qalmasını mümkün etməyib.
İkinci müəmma
Eldar Mahmudovun işdən çıxarılacağı ilə bağlı informasiyalar bu ilin martında - qudası Cahangir Hacıyevin nəzarət səhmləri dövlətə məxsus Beynəlxalq Bankda kreditləri özünə yaxın iş adamlarına, şirkət və zavodlarına taladığı üzə çıxdıqdan sonra yayılmışdı. Tənqidçi media nazirin bu məsələdə rolu olub-olmadığını məhkəmə perspektivindən yayınmaq üçün çox qabarda bilməsə də, MTN şefinin hakimiyyətin etibarından düşdüyü qabarıq görünməyə başlamışdı.
May ayında məhz E.Mahmudovun da iştirak etdiyi toplantıda prezident ilk dəfə kredit qalmaqalı ilə bağlı çox sərt bir açıqlama vermişdi. Yanan bina ilı bağlı dövlət komissiyasının iclasında prezident bildirmişdi ki, iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar: “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsus ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək”.
Prezident kredit qalmaqalı ilə bağlı ad çəkməsə də, “vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər”, “onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar” sözlərinin orada oturan dövlət məmurlarından quda-nazirə ünvanlandığı aydın idi. Bundan sonrakı açıqlamalarında da prezident neftin yaratdığı maliyyə krizisində dövlət əmlakının bir qrup tərəfindən mənimsənildiyini demiş, manatın devalvasiyasından istifadə edərək daha da varlanmaq istəyənləri “çirkin niyyətli adamlar” adlandırmışdı.
Qeyd edək ki, C.Hacıyevin manatın fevralda baş verən devalvasiyasından bir neçə gün əvvəl külli miqdarda manatı dollara çevirdiyi barədə də səhih məlumatlar vardı. Bu talançı qrupa rəhbərlik edənin ölkənin milli təhlükəsizliyi etibar edilmiş nazirə - E. Mahmudova ən yaxın adamın olması və onun bu cinayətlər barədə prezidentə məlumat belə verməməsi çoxsaylı suallar doğururdu. Məsələn, iddia vardı ki, bu maliyyə cinayətləri açıldıqdan sonra prezidentə məruzə edilib ki, C.Hacıyevin ölkə dışında olan zavod-fabriklərinə əsas şərik elə qudası olub.
E.Mahmudovun prezident qarşısında mənəvi sıxıntılar keçirdiyi onun müşavirədəki son davranışlarından da hiss edilməyə başlamışdı. Nazir efirdə narahat və prezidentin son qərarını sanki onun üzündən oxumağa çalışırmış kimi görünürdü.
MTN Akademiyasının rəisi Ziya Yusifzadə ilə bağlı sentyabrın 30-da keçirilən vida törənində E.Mahmudovun gözə dəyməməsi diqqətdən yayınmadı. Oktyabrın 8-də prezident türkdilli dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərini qəbul edəndə də nazirə, nədənsə, çıxış üçün söz verilmədi. Qonaqlar adından Türkiyə Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidan çıxış etdi...
Məlumatlara görə, E.Mahmudov son günlərədək daima işə gəlib və son rəsmi görüşü əmri verilməmişdən üç gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Patrik Vial ilə olub. Yəni nəqliyyat naziri Ziya Məmmədov kimi o, “məzuniyyətə getməyib”. Bir iddiada isə deyilir ki, nazir fəlakət kimi “maliyyə xəyanətindən” qurtulmağa və qudasını həbsdən xilas etməyə ümidli imiş.
Oktyabrın 18-də yayılan başqa bir sensasion xəbərdə isə deyilir ki, prezident ölkədən gedən gün - yəni oktyabrın 16-da Xüsusi Dövlət Mühafizə İdarəsinin qüvvələri MTN-in bütün açar nöqtələrini nəzarətə götürübmüş. Əməliyyat isə baş qoruman Axundova və idarənin rəisi Bəylər Əyyubova həvalə olunubmuş. Xəbərlərdə deyilir ki, Cahangir Hacıyev nəhayət tutulub. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır və bu gün - oktyabrın 19-da məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçiləcək.
Mart ayından bəri “bank xortumlanması işi”nə görə xeyli adam həbs olunsa da, işdə əsas suçlu olan C. Hacıyevin niyə həbs edilməməsinin səbəbi kimi MTN şefi ilə qohumluğu göstərilirdi. Artıq sabiq bankirin bütün qoruyucu qalxanları söküldüyü üçün C.Hacıyevə də həbsxananın yolu göründü - güman ki, bu gün məhkəmədə onu qandallayacaqlar. “Yeni Müsavat”dakı məlumata görə, C. Hacıyev şənbə günündən saxlanılıb, hazırda MCQBMİ-dədir; bu gün ona məhkəmə ilə həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.
Bəs, MTN sefi və onun qudası ilə bağlı bir neçə aylıq güzəştin səbəbi nə ola bilərdi? Axı, bankirlə birgə naziri də vəzifədən eyni vaxtda uzaqlaşdırmaq mümkün olduğu halda niyə bu hadisələr parlament seçkilərinə iki həftədən də az vaxt qalmış gerçəkləşdi? Hakimiyyət ölkədə sabitliyin poza biləcək bütün önləmləri alsa da, hətta seçkiyə barmaq hesabı sayılacaq müxalifətçi buraxsa da, istənilən halda MTN kimi çox əhəmiyyətli bir quruma niyə indi “əl gəzdirdi”? Burada da daha bir mühüm sual qafaları qarışdırır: əgər nazirlə bağlı proses onun istefası ilə nəticələnəcəkdirsə, niyə bu müddətdə onun yerinə müəyyənləşmiş namizəd təyin edilmədi? Bu qərarı bunca tezləşdirən səbəb nə ola bilər?
Üçüncü müəmma
E.Mahmudovun məhz 17 oktyabrda işdən çıxarılması 10 il əvvəlki hadisələrlə də möcüzəvi şəkildə səsləşir. Düz on il əvvəl - 2005-ci ildə və məhz 17 oktyabrda iqtidar ən qüdrətli iki nazirini - Əli İnsanovla Fərhad Əliyevi vəzifələrindən azad edərək “dövlət çevrilişinə cəhd” ittihamı həbsə atmışdı. Əməliyyata isə MTN rəhbəri E.Mahmudov başçılıq etmişdi ki, indi onun özünə qarşı da hansısa həbsli əməliyyatlar aparıldığı xəbəri yayılıb. Maraqlıdır, hakimiyyət başçısı 10 il əvvəlki qərarını yenidən eyni gündə yada salmaqla komandaya nə mesajı vermiş olub? “Təsadüfün bu boydaşı olurmu” soruşulsa, bizcə, bu qədər üst-üstə dəng gəlməsi mümkünsüz kimi görünür.
“Yeni Müsavat” hələ ötən həftə prezidentin E.Mahmudovun da iştirak etdiyi son müşavirədə oliqarx-məmurlara sonuncu xəbərdarlıqlarından çıxış edərək ölkədə antikorrupsiya həbslərinin başlayacağını və bu dəfə “daha böyük başlar”ın bundan ziyan çəkəcəyinin yazmışdı. Prezident “artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın” deməklə əslində hakim komandada ciddi dəyişikliklərin olacağını anons etmişdi. Yazıda o da qeyd edilirdi ki, bu dəyişikliklərə qarşı müqavimətin olacağı da mümkündür. Prezident hələ ki böyük ağırlıqla Beynəlxalq Bank işinə görə hakimiyyətin ən ciddi və əhəmiyyətli fiqurlardan birini işdən uzaqlaşdırdı. Həm də təhlükəsizlik nazirini. Bu həm də o deməkdir ki, prezident təhlükəsizlik nazirini dəyişmək və özünə sədaqətli kadrın bu posta əyləşməsini təmin etməklə ilk növbədə müqavimət mərkəzlərinin zərərsizləşdirməyi təmin etməyi düşünür.
Dördüncü müəmma
Media ən sevdiyi işə - kadr axtarışına başlayıb. Yeni nazirin kimliyini araşdırmaq razılaşaq ki, indilikdə çox tirajlıdır. Amma belə görünür ki, indi bu işdə mediadan daha maraqlı qüvvələr də var. Yeni nazir postuna adları çəkilənlərin sırasını baxaq: milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev, prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev, Naxçıvan MR-in milli təhlükəsizlik naziri Vəli Ələsgərov, milli təhlükəsizlik nazirinin birinci müavini Elçin Əliyev, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev...
Siyahıya düşmək üçün həvəslilər çoxdur. Amma qərarı prezident verir və məhz kimin bu mühüm posta təyin ediləcəyi barədə tezliklə hamı biləcək. Prezidentin təyinatından sonra E.Mahmudovun işdən çıxarılmasının digər səbəbləri haqda da danışmaq mümkün olacaq.
“Yeni Müsavat”