Onlar hər yerdə və hər zaman bunu edir - dava, yaralama, həbs və...

27-05-2019, 09:16           
Onlar hər yerdə və hər zaman bunu edir - dava, yaralama, həbs və...
İngilis azarkeşlər barədə bilmədiklərimiz
Bu günlərdə Bakı “Arsenal” və “Çelsi” tərəfdarlarına ev sahibliyi edəcək. Avropa Liqasının final oyununun paytaxtımızda keçiriləcəyi Bakıya da xeyli sayda turistin, amma qızğın tərəfdarın qonaq gələcəyi deməkdir.

“Yeni Müsavat” isə xatırladır ki, ingilis azarkeşləri barədə dünya mediasında yayılan xəbərlər və ümumən imza atdıqları qalmaqallar, kütləvi dava və iğtişaşlar yaddan çıxarılmamalıdır. Çünki bu insidentlərin bəziləri hətta insan ölümü ilə nəticələnib. Bilməyənlər üçün: kimdir bu azarkeşlər? Onların psixologiyası, olaylara yanaşma tərzi yetərincə diqqət çəkən məqamlardan xəbər verir.

AFFA çağırış edir: “Azarkeşlər tez gəlsin...”

Öncə ondan başlayaq ki, AFFA ingilis azarkeşlərə Bakıya Avropa Liqasının final oyunundan bir gün əvvəl deyil, daha tez gəlməyi və şəhərdən zövq almağı tövsiyə edib. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov “The Telegraph” nəşrinə müsahibəsində deyib.


Cümə axşamı “Arsenal” rəhbərliyi tərəfdarlarının bir çoxunun Bakıya gedib çıxa bilməyəcəyinin “tamamilə yanlış olması”ndan şikayətlənib. Buna cavab olaraq UEFA azarkeşlərə köməklik göstərmək üçün klubla əməkdaşlıq təklif edərək bildirib ki, “bizim ekspertlər fəal şəkildə bu məsələ üzərində işləyir ki, azarkeşlərin səyahət edə bilməsi üçün daha ucuz həll yolu tapsın”.

Ä°lgili resim

Elxan Məmmədov bildirib ki, Bakı hava limanı daha çox azarkeş qəbul etmək imkanına malikdir və hər iki klub üçün daha çox bilet əlçatan olacaq. Lakin London klubları səfərin maddi-texniki və maliyyə problemləri səbəbindən 6 min həcmində olan cari təxsisatlarını satmağa çalışır.

AFFA rəsmisi “Arsenal” və “Çelsi” fanatlarına Bakıya həftənin əvvəli gəlməklə uçuşlara qənaət etməyi təklif edib. “Əksəriyyət otel və evlərdə qalmağa qənaət etməkdən ötrü oyun günü gəlmək və səhəri gün getmək üçün bilet tapmağa çalışır ki, bu da başa düşüləndir. Bunu bütün dünya üzrə adətən o fanatlar edirlər ki, qonşu ölkələrdə və ya yaxın coğrafi ərazilərdə yaşayırlar. Hazırkı vəziyyətdə isə mən məsləhət görərdim ki, azarkeşlər daha tez gəlib Bakının gözəlliyindən zövq alsınlar”, - deyə o bildirib.

Öncə dava salıb, sonra da həbs olunublar

İndi isə keçək ingilis azarkeşlərlə bağlı dünya mediasında yayılan və onların imza atdıqları qalmaqallara. Bunlardan ən geniş yayılanları Avro 2016 çərçivəsində baş verənlərdir.

Avro 2016-da oynanılacaq oyundan öncə Marsilyada iki komandanın azarkeşləri arasında dava düşüb. Marsilyanın Vieux-Port bölgəsində kafe və restoranlarda yığışan azarkeşlər dava salıb. Qruplar qarışıqlığa müdaxilə edən Fransa polisinə də daş və şüşə atıb. Çox sayda azarkeş saxlanılıb. Gündüz başlayan dava gecə saatlarında da davam edib. Hadisələr zamanı polis gözyaşardıcı qazdan istifadə edib. “Polis ingilis və rusiyalı qrupları ayırıb. İki nəfər həbs edilib. Sərxoş ingilisləri ayırmaq üçün gözyaşardıcı qazdan istifadə olunub”, - mənbə “Reuters”ə deyib. Gecə saatlarında isə təxminən 100 ingilis azarkeş və 50 yerli sakin dava salıb. Polis nəzarəti ələ keçirmədən öncə stullar ətrafa atılıb, pəncərələr qırılıb.

2016-cı ildə Fransanın Marsel şəhər məhkəməsi İngiltərə yığmasının 6 azarkeşinin həbs olunması barədə qərar çıxarıb. Fanatlar Avropa çempionatında Rusiya ilə oyundan öncə kütləvi toqquşmalarda iştirak etmələri səbəbindən cəzalansdırılıblar. Onlar asayiş keşikçilərinə şüşə qablar atmaqda günahlandırılırlar. Azarkeşlər bir aydan üç ayadək azadlıqdan məhrum ediliblər. Onların iki il ərzində Fransaya daxil olmalarına qadağa qoyulub.

Daha bir azarkeş isə istənilən ictimai yerdə beş il ərzində futbola baxmaqdan məhrum edilib.

Qeyd edək ki, UEFA Rusiya Futbol İttifaqını 150 min avro cərimələyib, Rusiya yığmasını isə şərti diskvalifikasiyaya məruz qoyub.

Şüşə, daş, yaralanan baş və ölüm...

Eyni qrup azarkeşlərin davası Fransanın Lion şəhərində də baş verib. Dava fransız və ingilis azarkeşləri arasında olub. Şəhər küçələrinin birində iki fanat dəstəsinin qarşılaşması kütləvi dava ilə nəticələnib. Fransanın ayrı-ayrı şəhərlərində müxtəlif ölkələrdən gələn azarkeşlər arasında toqquşmalar mütəmadi olaraq baş verir.

2016-cı ilin iyununda rus və ingilis azarkeşlər arasında dava baş verib. Hadisə Lill şəhərində olub. Qeyd edək ki, Lill şəhərində həmin günlərdə Rusiya və Slovakiya komandaları arasında görüş nəzərdə tutulmuşdu. İngilislərin oyunu isə Lansda keçiriləcəkdi. Rusiya mətbuatı yazıb ki, ingilislər uelsli azarkeşlərlə birləşərək ruslara hücum ediblər. Britaniya mətbuatı isə əksini iddia edib.

“The Sun” qəzeti yazıb ki, hadisə şəhər restoranlarından birinin önündə yaşanıb. “Sky Sports”un məlumatına görə, davada iştirak edən iki rusiyalı azarkeş saxlanılıb. Bundan öncə hər iki ölkənin azarkeşləri arasında Marsel şəhərində kütləvi iğtişaş baş vermişdi. Məlumata görə, həmin hadisələrdə yaralanan ingilis azarkeşlərdən biri dünyasını dəyişib.

Azarkeşlər qaçqın uşaqları da aşağılayıblar

2016-cı ilin iyununda futbol üzrə Avropa çempionatında ruslarla dava edərək ictimai asayişi pozan ingilis xuliqanlar növbəti qalmaqala imza atıblar. Həmin ilin mart ayında Çempionlar Liqasında “Atletico Madrid” - “PSV Endhoven” matçı öncəsi azarkeşlərin pul atdıqları dilənçi qadınları yerlə sürümələri böyük narazılığa səbəb olmuşdu. İngilis azarkeşlər qeyri-insani davranışlarını Avro-2016-da da təkrar ediblər. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə ingilis azarkeşlər qaçqın uşaqlara pul atırlar. Daha sonra uşaqların pul üstündə dava etməsinə gülərək əylənirlər.

Eyni il, eyni ay, eyni azarkeşlər... Fransada təşkil olunan “Avro-2016"-da Türkiyə millisinin azarkeşləri ilə ingilis azarkeşlər arasında kütləvi dava olub. Eyfel qülləsində təşkil olunan azarkeş zonasında İspaniya-Türkiyə matçını izləyən ingilis azarkeşlər türklərə şüşələr atmağa başlayıb və tərəflər arasında qarşıdurma baş verib. Azarkeşlər arasındakı davaya müdaxilə edən polisin türklərə qarşı haqsızlıq etdiyi bildirilir. Belə ki, qarşıdurmanı ingilislər yaratmasına baxmayaraq Türkiyə millisinin azarkeşləri hadisə yerindən uzaqlaşdırılıb və onların yerini ispan azarkeşlərə verilib.

Matçdan əvvəl qırılan burun və xəsarət alan 30 nəfər

2018-ci ilin iyul ayında dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Kolumbiya və İngiltərə yığmaları arasındakı qarşılaşmadan sonra Moskva metrosunda azarkeşlər arasında dava olub. Hadisə zamanı ingilis azarkeş kolumbiyalının burnunu sındırıb. Hadisə nəticəsində iki ingilis saxlanılıb.

Xatırladaq ki, iyunun 3-də DÇ 1/8 final çərçivəsində Kolumbiya və İngiltərə yığmaları arasında qarşılaşmanın əsas və əlavə vaxtları 1:1 hesabı ilə bitdiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada kolumbiyalılar təyin olunan beş penaltidən ikisini yerinə yetirə bilməyib və bununla da mundialda iştirakını dayandırıb.

“Avro-2016" çərçivəsində baş tutan Rusiya-İngiltərə matçından sonra stadionda qarşıdurma baş verib. Rusiyalı azarkeşlər İngiltərə yığmasının fanatlarının olduğu tribunaya hücum ediblər. Stadion üzrə diktor rus dilində bir neçə dəfə rusiyalı azarkeşlərə müraciət edərək, onlardan yerlərində qalmalarını xahiş edib.

Qeyd edək ki, matçdan öncə Marseldə futbol azarkeşləri arasında baş verən toqquşmalar nəticəsində azı 30 nəfər xəsarət alıb.

Dünyanın ən aqressiv azarkeşləri - siyahı

Dünya mediasında aqressiv azarkeşlərə adətən holiqan deyilir. Bu sözün mənbəyi ingilis bir tərəfdar Patrik Hooloqanın adından götürülüb. O, 1898-ci ildə bir polisi vurandan sonra media tərəfindən qanun tanımayan, neqativ tərəfləri daha çox olan və tərəfdarı olan komanda üçün hər şeyi edə biləcək tərəfdarlara yaraşdırılan bir statusdur. Bəs dünyanın ən odlu-alovlu və holiqan qrupları əsasən dünyanın hansı ölkələrindən çıxır?

River Plate (Argentina)

Los Borrachos del Tablon (Tribün Sarhoşları)

Arjantin futbol liqasının iki böyük tərəfdar klubundan biridir. Ən böyük rəqibləri Boca tərəfdarlarıdır.

Boca Juniors(Argentina)

Quruluşları və tribunada qrup halına gəlmələri 1925-ci ilə təsadüf edir. Həmin illərdə tərəfdarlar futbolçular və klub rəhbərləri ilə səyahət etməyə başlayınca adları 12 futbolçu olaraq qaldı və bu günə qədər şöhrətlərini, addımlarını davam etdirdilər.

“Liverpul” (İngiltərə) The Kop

Dünyanın ən populyar tərəfdarlarından biri olan Liverpulun odlu tərəfdar qrupu “The Kop” ləqəblərini olduqları tribunadan alıblar. “Anfield”də əsasən liman işçilərindən ibarət, ən fanatik “Liverpul” tərəfdarlarının olduğu tribuna kameraların olduğu tribunanın sağ tərəfində olan, qapının arxasındakı tribunadır. Liman işçilərinin aqressiv sifəti olaraq bilinirlər.

“Livorno” (İtaliya)

Brigate Autonome Livornesi

“Livorno” komandasının solçu tərəfdar qrupudur. İndustrial futbola qarşı duruşları ilə diqqət çəkirlər.

Hajduk Split (Xorvatiya)

1950-ci ildə bir Qızıl ulduz oyunu öncəsi qurulmuş olan Hajduk Split tərəfdar qrupu. Müdhiş qrafiti nümunələri ilə bilinirlər.

“Atletiko” Madrid (İspanya)

Frente Atletico

İspaniyanın ən yaxşı tərəfdar qrupu olan “Frente Atletico” “Atletico” Madrid tribunalarının mayestrosudur. Vicente Calderon’un 90 dəqiqə boyunca susmayan tərəfdar qrupu da deyə bilərik.

AEK (Yunanıstan)

Original 21

Yunanıstan liqasının ən holiqan tərəfdar qrupudur. Adlarını olduqları tribunadan götürüblər. İrqçiliyə və faşizmə qarşı duruşları ilə bilinirlər.

“Partizan” (Serbiya)

“Grobari” (Məzar qazanlar)

Serbiyanın ən odlu tərəfdarıdır. Əsasən Serbiya milliyyətçilərindən ibarət tərəfdar qrupudur. Qrupu mənası “məzar qazanlar” deməkdir.

“Beşiktaş” (Türkiyə)

Çarşı

Türkiyənin ən yaxşı təşkilatlanmış və cəmiyyət problemlərinə olan duruşları ilə digər tərəfdar qruplarından fərqlənən, tribun şouları və müstəqil marşları ilə bir çox kəsimin simpatiyasını qazanan tərəfdar qrupudur.

Sonda... Futbol azarkeşi olmayanların da bilməsi lazım olan məlumatlar idi bunlar. Bəli, bu günlərdə paytaxtımız ingilis azarkeşlərə ev sahibliyi edəcək. Bütün bu məlumatları bilmək bütün təhlükələrdən, baş verəcək insidentlərdən qorunmaq üçün faydalı ola bilər.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.