Yekun mənzərə: ABŞ çətin dilemma qarşısında
Bu gün, 10:43

ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı yürütdüyü təslimçi siyasətin əsas məqsədi Rusiya-Çin ittifaqının qarşını almaq idi. Bunun üçün hətta Ukraynanı belə Rusiyaya qurban verməyə hazır idi. Bütün səylərinə baxmayaraq, nə Ukrayna, nə də Rusiya bununla razılaşdı. Ukraynanın niyə razılaşmadığı aydındır. Heç kim Trampın könlü xoş olsun deyə, öz ərazi bütövlüyündən vaz keçməz.
Rusiyanın niyə hər dəfə öz tələblərinin səviyyəsini qaldırdığı, dolayısıyla sülhə gəlmədiyi dünən məlum oldu. Putin Trampın məqsədlərini başa düşdüyü üçün Çini tək buraxmadı. Çünki Çinin məğlubiyyətindən sonra sıranın özünə gələcəyini bilirdi. “Kəlilə və Dimnə”dəki “iki öküz və şir” hekayəsində olduğu kimi.
ABŞ prezidenti də dünən Çində keçirilən hərbi paradda Putin, Si Cinpinq və Kim Çen İnin eyni cərgədə yürüdüyünü görüb qurduğu bütün oyunların iflasa uğradığını anladı. Və yəqin ki, böyük təəssüf hissi ilə Çin liderinə ünvanladığı son mesajını paylaşdı: “Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız üçün Vladimir Putinə və Kim Çen İnə mənim ən səmimi salamlarımı çatdırın”.
Yeri gəlmişkən, bu Çinin ABŞ üzərində ilk qələbəsi də deyildi. Bundan əvvəl başlatdığı ticarət savaşlarında Tramp Si Cinpinqin adekvat addımları ilə qarşılaşmış və sonunda onunla dil tapmağa çalışmışdı. Nəhayət Çinə tətbiq etdiyi 145%-lik gömrük rüsumunu 30%-ə endirməyə məcbur olmuşdu. Təsadüfi deyil ki, Çin qarşısında məğlub duruma düşən ABŞ-ın bu aciziyyəti Hindistanı da cəsarətləndirmiş və o, Trampın bütün tələblərini heçə sayaraq, Rusiyadan neft alışlarını dayandırmamışdı.
ABŞ-ın üzləşdiyi bu məğlubiyyətlərdən sonra tutacağı iki yol qalır: ya Ukrayna savaşına daxil olub son ana qədər savaşmaq, ya da müxtəlif bəhanələrlə üzəngi parlatmaq. ABŞ-ın üzəngi parlatması tamamilə məğlubiyyəti anlamına gələcək ki, bundan sonra onun öz hegemoniya tacını Çinin başına qoymaqdan savayı heç bir şansı olmayacaq. Müharibəyə daxil olması isə olduqca risklidir və kimin qələbə çalacağı bəlli deyil.
Bir sözlə, ABŞ, tarixi bir ikiləm qarşısındadır: ya indidən təslim olacaq, ya da II Dünya savaşından sonra qazandığı liderliyi uğrunda savaşacaq.
Bir sözlə, geridə buraxdığımız ŞƏT sammitindən sonra dünyanı ağır imtahanlar gözləyir.
Heydər Oğuz
TEREF