“İstəsəydilər, 4 iyun qiyamının qarşısını ala bilərdilər”

3-06-2019, 08:02           
“İstəsəydilər, 4 iyun qiyamının qarşısını ala bilərdilər”
Baş prokurorun keçmiş müavini 26 il öncəki olaylardan danışdı
İyun mərhum prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hakimiyyətin süquta uğradığı ay kimi tarixə həkk olub. 1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qanuni hakimiyyətə, mərhum prezident Əbülfəz Elçibəyə qarşı qiyam qaldırılıb. Bunun nəticəsində o zaman qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.

Həmin vaxt S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb...

Proseslərin sonunda Ə.Elçibəy Bakını tərk edərək, doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib. Bununla da AXC hökumətinin süqutu reallaşıb. Sonrakı proseslər isə bəllidir.

Hər ilin iyun ayı o zamankı hadisələrlə bağlı danışılır, yeni iddialar, faktlar üzə çıxır.

Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat, Sosial Ədalət Partiyasının sədri, 4 iyun qiyamı ilə bağlı yaradılmış deputat istintaq komissiyasının rəhbəri olmuş Mətləb Mütəllimli 26 ildən sonra “Yeni Müsavat”a diqqətçəkən açıqlamalar verdi. “O zaman istəsəydilər, həmin qiyamın qarşısını ala bilərdilər” deyən M.Müətəllimli qeyd etdi: “Biz o hadisələrlə bağlı yaradılan komissiyanın fəaliyyəti dövründə bir çox dövlət məmurlarından, o cümlədən, rəhmətlik Əbülfəz Elçibəydən izahat aldıq. Onlar bildirdilər ki, bu qarşıdurmadan qaçmaq olardı, sülh əldə etmək mümkün idi. Surət Hüseynov siyasətçi deyildi. Sadəcə olaraq, o, proseslərdə istifadə olundu. Milli hakimiyyətdə yüksək postlarda təmsil olunan şəxslərin ona qarşı münasibətləri onda aqressiya doğurmuşdu. Burada həmin dövrdə hakimiyyətə gəlmək istəyənlər və onların havadarları da mühüm rol oynadılar. Sonrakı proseslər onu göstərdi ki, Surət Hüseynov təsadüfi bir adam olub. Hər iki tərəfdən ona təsirlər, vədlər var idi. Siyasətçi olmadığı üçün tələyə düşdü. O zaman qonşu ölkələrimizdə elə qüvvələr var idi ki, Elçibəy hakimiyyətinin iqtidarda qalmasını istəmirdilər. Burada əsas rolu Rusiya oynayırdı. Qiyamla bağlı biz araşdırma apardıq və çox qısa zamanda orada olduq. Sonra təcili Bakıya gəldik. Komissiya İsa Qəmbər Milli Məclisin sədri olan vaxt yarandı. Həmin hadisələrin üzərindən uzun zaman keçib. Onu da qeyd edim ki, komissiyanın da fəaliyyətinə təsir göstərən qüvvələr var idi. Bizim komissiya üzvü olaraq Surət Hüseynov və onun ətrafındakı adamlarla görüşümüz oldu. Bizdən əvvəl də gələnlər olmuşdu. Bizə deyirdilər ki, arayışı yazıb bizə verib, sonra gedəcəksiniz.

Bizə Surət Hüseynov və onun havadarları tərəfindən basqılar var idi. Onlara izah etdik ki, bu komissiyanı siz yaratmamısınız, sizlərin qarşısında hesabat verən deyilik. Onlara öz nümayəndələrini komissiyaya qoşmağı təklif etdik. O zaman baş verənlər təkcə Surət Hüseynovun işi deyildi. Bir növ ona məsləhətlər verirdilər və o, məsləhətləri, sadəcə, yerinə yetirirdi. Biz hesabat hazırlamışdıq. Həmin vaxt Surət Hüseynov üstümə qabardı ki, qərəzə yol verirsən, səni həbs edə bilərəm. Bu, Milli Məclis sədrinin otağında baş vermişdi. Nə baş verməsindən asılı olmayaraq, biz mövqeyimizi kəskin şəkildə sərgiləyirdik. Uzun zaman vaxt keçib, ola bilər ki, həmin qiyamı daha yaxşı işıqlandırmaq, araşdırmaq olardı. Komissiyanın işi ona görə çətin idi ki, hərə bir tərəfə çəkirdi. Partiya maraqlarından çıxış edənlər çox idi. Əsas məqsədim o idi ki, hesabatı obyektiv şəkildə hazırlayım. Buna da nail oldum. Biz hesabata o bəndi də əlavə etmişdik ki, nəinki 4 iyun qiyamı, ondan sonrakı hadisələr də araşdırılsın, məsələlərə hüquqi qiymət verilsin. Bizim vəzifəmizə siyasi qiymət vermək düşmürdü”.

M.Mütəllimli AXC hökumətinin buraxdığı səhvlərdən də danışdı: “Xalq Cəbhəsinin hakimiyyəti dövründə ciddi kadr səhvlərinə yol verildi. İqtidara təsadüfi adamlar çox gəldi. Nəticədə cəmiyyətdə müəyyən xəyal qırıqlığı yarandı. Xalq başqa şey gözləyirdi. Ümid edirdi ki, Xalq Cəbhəsi hakimiyyətə gəlib çox işlər görəcək. Təəssüf ki, bir sıra işlər görülməsinə baxmayaraq, xalqın ümidləri doğrulmadı. Xalqın məhz 4 iyun qiyamına laqeyd yanaşmasının səbəblərindən biri də bu amil oldu. Elçibəy hakimiyyətində 1-2 ay maaşlar verilməyəndə insanlar küçələrə axışırdılar, fikirləşirdilər ki, demokratik hakimiyyətdir, nə istəsələr deyə bilərlər. Kadrlarla bağlı buraxılan səhvlər, islahatlarda buraxılan boşluqlar daxili və xarici qüvvələrə imkan verdi ki, milli hakimiyyətin devrilməsi proseslərini sürətləndirsinlər”.

Müsahibimiz 4 iyun qiyamının səbəbkarlarının, günahkarlarının layiqli cəzalarını almadıqlarını da söylədi: “4 iyun qiyamı Azərbaycana böyük zərbə vurdu. Torpaqlarımızın işğalı prosesi o qiyamdan sonra sürətləndi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.