Kallas Ukraynada "Danimarka Qaçqınlar Şurası"na edilən hücumları pisləyib
Bu gün, 10:56
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov şəhəri yaxınlığına endirdiyi raket zərbələri nəticəsində "Danimarka Qaçqınlar Şurası" humanitar təşkilatının əməkdaşlarının həlak olması Moskvanın apardığı müharibənin qəddarlığını göstərir.
Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkə hesabında yazıb.
"Humanitar missiyalara hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Aİ Ukraynanı dəstəkləməyə davam edəcək və məsuliyyət daşıyanları cavablandıracaq", - o vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiyanın Ukraynanın Çerniqov vilayətinə endirdiyi zərbə nəticəsində azı iki nəfər ölüb, beş nəfər yaralanıb.