İskəndər Həmidovla bağlı daha bir xəbər....

3-06-2019, 10:18           
İskəndər Həmidovla bağlı daha bir xəbər....
İkiyə parçalanan Azərbaycan Xalq Hərəkatında (AXH) qanadlardan birinin lideri olan sabiq nazir İsgəndər Həmidovla bağlı müəmmalar davam edir. Türkiyədə ürəyindən əməliyyat olunan sabiq nazir haqqında hələ ki, dolğun məlumat almaq mümkün olmur.

Xüsusilə, lideri olduğu AXH-yə qarşı ötən ayın ortalarından etibarən başlayan təzyiq dalğası nəticəsində bir çox üzvlərin aidiyyəti orqanlara çağırılaraq ifadələrinin alınmasından sonra səhhəti pisləşən İ.Həmidov ətrafında bir çox suallar yaranıb.

Nəzərə çatdıraq ki, AXH-nin idarə heyətinin iki üzvü- İlyas Abdullayev və Yavər Mikayılovun saxlanıldığı deyilir. Eyni zamanda belə iddialar da var ki, onlar həbs edilməyiblər, sadəcə özləri gizlənirlər. Bu fikirləri səsləndirənlərin arqumentləri odur ki, həbs edilən istənilən şəxs haqqında yarım aydan çox müddətdə açıqlama verilməməsi mümkün deyil, əgər onlara cinayət işi açılıbsa, bu barədə rəsmi orqanlar açıqlama verməli idilər.

AXH-nin dönəm sədri, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu İ.Həmidovla əməliyyatdan sonra onun şəxsən özü əlaqə saxlaya bilmədiklərini söylədi: “Yanında olan yaxınları ilə əlaqə saxlayırıq. Hazırda İsgəndər Həmidovun səhhəti normallaşmaq istiqamətində gedir. Həkim nəzarətindədir. Əməliyyat sonrası özü ilə danışmaq mümkün olmayıb. Bilirsiniz, açıq ürək əməliyyatı tibdə olduqca ağır əməliyyat hesab edilir. Açıq ürək əməliyyatı keçirmiş bir adamdan biz çox şeylər gözləyirik. Başa düşürəm, İsgəndər Həmidov hər zaman dinamik olub, gedən bütün məsələlərə operativ cavablar verib. Amma hazırda vəziyyət fərqlidir və həkim nəzarəti altındadır. Yaxınlarının səhhəti ilə bağlı əməliyyatdan sonra verdikləri informasiya əsasında məndə belə fikir yaranıb ki, 30-35 günə Bakıda olacaq. Bəzi “dostları” şübhəli yanaşmalarını qırağa qoymağa çağırıram. Burada nə şübhə var ki? Adamın səhhəti pisləşib və əməliyyata gedib. Ötən ilin noyabr ayında da Azərbaycanda xəstəxanaya düşmüşdü. Elə o vaxtdan da əməliyyat olunası idi. İsgəndər bəy hazırda Bakıda gedən proseslərdən xəbərsizdir. Bizlər isə İsgəndər bəydən foto istəyirik... Bu mənə Əbülfəz Elçibəyin Türkiyədə müayinə-müalicə vaxtı “dostlarının” onunla bağlı yaydığı şayiələri xatırlatdı. Görünən odur ki, zaman dəyişsə də bəzi insanlar dəyişməyib. İsgəndərin bəyin səhhəti düzələcək və ən qısa zamanda vətənə dönəcək”.

A.Şakiroğlu hərəkata qarşı təzyiqlərin dayanmadığını da qeyd etdi: “Təzyiqlər dayanmayıb. 2 idarə heyətinin üzvünün taleyindən hələ də xəbər yoxdur. Biz onların saxlanılması ilə bağlı məhkəməyə müraciət etmişik, 30 mayda ilk iclasa qarşı tərəf gəlmədi, proses bu həftə davam edəcək”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.