Göy cismi Ay, yoxsa təqvim ayı? - Nəriman Qasımoğludan Ramazan bayramı ŞƏRHİ

5-06-2019, 12:26           
Göy cismi Ay, yoxsa təqvim ayı? - Nəriman Qasımoğludan Ramazan bayramı ŞƏRHİ
Yenə də növbəti Ramazan ayı başa çatır və yenə də hər il olduğu kimi yeni ayın müəyyən olunmasında İslam məzhəbləri, hətta eyni məzhəb alimləri arasında fikir ayrılığı mövcuddur. Bəziləri yeni qəməri ayı hesablamaqla müəyyən etməyi kafi hesab edir və gözlə görməyə lüzum görmür, bəziləri yeni ayın hilalının dünyanın hansı nöqtəsində görünməsindən asılı olmayaraq yeni ayın başlandığını hesab edir, bəziləri isə hilalın yalnız həmin region (üfüqləri eyni olan) üçün gözlə görünməsini vacib bilirlər.

BAKU.WS xəbər verir ki, şərqşünas-alim, Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi Nəriman Qasımoğlunun müsəlmanların Ramazanla bağlı əbədi fikir ayrılığını belə şərh edib:

"Ramazan ayı girər-girməz, bitər-bitməz müsəlmanlar yenə də fikir ayrılıqlarındadır. Ay nə zaman başlayır, Ramazan bayramı nə zaman keçrilməlidir sualları ətrafında insan ayağının çoxdan bəridir Aya dəydiyi, planetlərarası uçuşları gerçəkləşdirməyin yolları arandığı bir dövrdə də bu fikir ayrılığı gündəmi zəbt edir.

Bu ay təqviminin Ramazanı necə ola bilər ki, Tehranda, Bağdadda, Məkkədə, İstanbulda, Bakıda və b. şəhərlərdə fərqli tarixlərdə başlasın və bitsin? Məsələ burasındadır müsəlmanlar gözlərini göyə dikib hilalı, bu aydoğdunu fərqli günlərdə görürlər. Belə hesab edirlər ki, aydoğdunu sadəcə ya gözlərilə, ya da teleskopla görməlidirlər ki, ay nə zaman başlanır deyə qərar versinlər. Yəni astronomik ayın, təqvim ayının girişi onları maraqlandırmaz, çünki bu zaman aydoğdu görünməyə bilər.

Hərçənd OXU Ramazanın aydoğdunun görülməsi ilə deyil, təqvim ayı olaraq başlanılmasına verilən şəhadətlə daxil olmasını açıqca vurğulayır. Mətnin əsli belə deyir: “şəhru ramada:na-l-ləzi: unzilə fi:hi-l-qur'ə:nu hudən li-n-nə:si va bəyyinə:tin minə-l-hudə: va-l-furqa:ni fəmən şəhidə minkumu-ş-şəhra fəlyasumhu”. Tərcüməsi: “Ramazan ayı ki var, onda insanlara bələdçilə Ayırddan aydın dəlillər olaraq bu OXU endirilmiş. Kim sizdən o aya tanıqlıq eylədisə, oruc tutsun o ayı” (İnək surəsi, 2:185).

Tərcümələrin əksəriyyətində “şəhidə-ş-şəhra” ifadəsi “ayı gördü” kimi keçir. Bəzi tərcümələrdə (məsələn, ingiliscə) “aydoğdunu” mötərizədə yazaraq “təqvim ayını gördü” ifadəsinə üstünlük verirlər. Bu da sual altındadır ki, təqvim ayını bəsirət gözü ilə deyil, adi gözlə necə görmək olar.

OXU-da keçən “şəhr” sözü göy cismi mənasında ay deyil, məhz təqvim ayıdır. Başqa ayələrdə də bu söz yalnızca həmin anlamda işlənir. Məsələn: “Göylərlə yeri yaradan gün Tanrı yazısına görə on ikidir Tanrı qatında ayların sayı” (Tövbə surəsi 9:36). Yazının orijinalında da təqvim ayı mənasında “şəhr” və bu sözün cəmi “əşhur” keçir. Göy cismi mənasında isə işlənən söz bizim “qəmər” kimi tələffüz etdiyimiz “qamər”dir. OXU-nun 54-cü surəsinin adı “Qamər”, yəni göy cismi olan aydır.

“Şəhidə-ş-şəhra” ifadəsi “təqvim ayına şahidlik etdi” anlamındadır, gördü anlamında yox. Bunlar fərqli nəsnələrdir. Çünki təqvim ayı gözlə görülməz, bu ayın gəlişinə yalnız şahidlik etmək olar. Və bu ayın gəlişi zamanlanmasına dəqiqliklə tanıqlığı isə astronomlar edə bilərlər ki, onların bu şahidliyinə biz də inanıb şəhadət verməliyik. Əski zamanlarda bu, mümkün deyildi və bu mənada tam anlaşılandır ki, Ramazanın gəlişinin və gedişinin zamanlanmasını gözlərin göyə zillənməsilə təyin etməkdən başqa çarə yox idi.

İndiki müsəlmanlar isə əski zamanlarda qalmağı tərcih edirlər. OXU-nun bu günümüzə möcüzəvi bir tərzdə işıq tutan hikməti onlar üçün qapalı qalmaqdadır".

Qeyd edək ki, QMİ-nin verdiyi rəsmi məlumata əsasən, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.