Neftin qiyməti nə qədər düşəcək? – Tarix təkrarlanır

7-06-2019, 00:24           
Neftin qiyməti nə qədər düşəcək? – Tarix təkrarlanır
“Neftin qiymətinin son günlər 10 dollar ətrafında düşməsi yenə bəziləri üçün Azərbaycan kimi ölkələrin iqtisadi vəziyyətinin pisləşəcəyi və devalvasiya və sair kimi hadisələrin baş verəcəyi haqda mülahizələr yürütməyə - müzakirələr açmalarına zəmin yaradıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib. O, bildirib ki, bu adamlar sanki, 2016-cı ilin ikinci yarısından etibarən, dünya bazarlarında hansı tendensiyanın cərəyan etdiyinə diqqət yetirməyiblər və ümumən, neftin qiymətini formalaşdıran əsas amilləri bu son 3 il ərzində heç nəzərə almayıblar.

“Xatırladım ki, neftin dünya bazar qiymətləri sonuncu dəfə 2014-cü ilin yayından, bax elə iyun ayının ortasından etibarən düşməyə başladı ki, bu tendensiya düz 2016-cı ilin ikinci yarısınadək davam etdi.

2016-cı ilin əvvəlində qiymətlər bir ara hətta 40 dollardan da aşağı endi. Lakin, bilavasitə neft hasil edib ixrac edən ölkələrin qurumu olan OPEC təşkilatı və ona üzv olmayan digər neft ölkələrinin birgə qarşılıqlı razılığı və qərarı, başqa sözlə desəm, təşkilatçılığı əsasında ucuzlaşma dayandı.

Yekdil atılan addımın məğzi ondan ibarət idi ki, hasilat azaldıldı. Və nəticədə, bazarda qiymətlər sabitləşdi. Hansı ki, bu, heç də ABŞ-ın münasibəti və mövqeyi məsələsinə uyğun deyildi. Bununla belə, qiymətlər uzun müddət 50 dollar ətrafında qaldı. Bu, nəyi göstərdi? Bu, ona göstərdi ki, qiymətinin bundan aşağı düşməsi hasilatçı və ixracçı ölkələrin heç biri üçün sərfəli deyil. Hətta, Səudiyyə Ərəbistanı üçün də belə... Baxmayaraq ki, Birləşmiş Ştatlar ilə sıx müttəfiqdir.

Sonradan qiymətlər ümumiyyətlə artmağa başladı, daha doğrusu, buna meyl etdi ki, və nəticədə keçən il ərzində 60 dollaradək dinamika nümayiş etdirdi. Belə ki, əsas etibarilə qeyd olunan rəqəm ətrafında möhkəmləndi. Düzdür, arada 70-i və hətta qısa zaman çərçivəsində 80 dolları da vurub keçdi. Ancaq, yenə də 60-a qayıtdı...

Hazırda qiymətlər yenə 60 dollar səviyyəsinə dirənib. Ona görə ucuzlaşmadan danışılır ki, bir müddət idi ki, 70 dolların azca üstündə idi. Demişəm və yenə təkrar edirəm ki, kəskin ucuzlaşma üçün heç bir əsas yoxdur: nə iqtisadi və nə də siyasi... Eyni zamanda, ciddi bahalaşma da baş verə bilməz.

Bəli, ABŞ istəyir ki, neft heç olmasa 50 dollardan aşağı olsun!. Bu isə nəinki, bizim kimi ölkələrə, Səudiyyə Ərəbistanı üçün də sərfəli qiymət deyil. Odur ki, qiymətlər 50 dollaradək də düşə bilər, ancaq bundan aşağı yox. Bu və ya digər siyasi səbəblər üzündən 70 dolların üstünədək də qalxa bilər. Amma bundan yuxarı xeyr!...

Dünya iqtisadiyyatının tələbatı, ABŞ-ın təklifi və israrı, OPEC-in isə mənafeyi məhz belə deyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.