XƏLİFƏ “XİLAFƏT” ÜÇÜN ŞƏRAİT YARADIR? – İŞİD terrorla meydan oxumağa deyil, varlığını qorumağa çalışır

7-06-2019, 12:50           
XƏLİFƏ “XİLAFƏT” ÜÇÜN ŞƏRAİT YARADIR? – İŞİD terrorla meydan oxumağa deyil, varlığını qorumağa çalışır
Mustafa Feturi

“Middle East Monitor”, 06.06.2019



Marşal Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) Tripoliyə yürüşünün başlamasından 62 gün keçib. Bu müddətdə İŞİD LMO-nun nəzarət sahələrində ən azı dörd hücum həyata keçirib.

Xaos və təhlükə terror təşkilatının Suriya və İraqda sınadığı strategiyadır. İŞİD Liviyada eyni strategiyanı tətbiq edir. Terror qrupu Tripolinin fəthində LMO əməliyyatlarının ən böyük qalibi ola bilərmi?

LMO-nun Tripoliyə hücumunun Liviya, xüsusilə də seyrək əhalisi olan cənub səhrasına daha çox “cihadçı”nı çəkəcəyi əvvəldən təxmin edilirdi. Bu, indi baş verir. LMO paytaxtı fəth etmək üçün getdikcə daha çətin döyüşlər apararkən, İŞİD ölkənin başqa bir yerində özünü yenidən formalaşdırmağa çalışır. Əslində, döyüşçülər 2016-cı ilin sonunda Sirti itirdikdən sonra belə, Liviyanı heç vaxt tərk etməyiblər. Bu dəfə “cihadçılar” fərqli taktikalardan faydalanırlar.

İŞİD iyunun 4-ə, Bazar günü ən az 18 adamın yaralanmasına səbəb olan Dərnada iki avtomobilin partladılması üçün məsuliyyəti boynuna götürüb. Halbuki Dərna keçən ilin iyun ayında LMO qüvvələrinin nəzarətinə keçəndən təhlükəsiz şəhər sayılıb.

Terroristlər Dərnada ilk hücumu 2016-ci ildə həyata keçirib.

Bir ay əvvəl, mayın 4-də İŞİD döyüşçüləri Səbhada LMO-nun təlim düşərgəsinə hücum edərək, 9 əsgəri öldürüb və əsir saxlanılan yoldaşlarını azad ediblər. Səbha Liviyanın cənub-şərqində yerləşir və fevral ayında LMO-nun nəzarətinə keçib.

Aprelin 9-da İŞİD Səbhadan 150 kilometr şimaldakı strateji yolun kənarında yerləşən əl-Fuqaha kəndinə basqın edib. Yerli şura sədri Əhməd Suəssi və təhlükəsizlik rəsmiləri həlak olub, bir sıra evlər yandırılıb. İŞİD bunu Suriyadakı məğlubiyyətinin intiqamı olduğunu elan edib. Hətta qrupun “xəlifəsi” Əbubəkr əl-Bağdadi əl-Fuqaha hadisəsini bir videoda “qələbə” adlandırıb.

Əl-Bağdadinin hazırda harada olduğu bilinməsə də, Liviyadakı ictimai media hesablarında onun bu ölkədə gizləndiyi barədə şayiələrə yer alıb.

Bu, altı ay ərzində İŞİD-in əl Fuqahaya ikinci hücumu idi. Kənd kiçikdir, lakin strateji olaraq bəzi neft sahələrinə yaxındır və ən başlıcası, hücumlara mükəmməl örtük olan səhra ilə qarışır.

Mayın 18-də terror qrupu Zillah neft yatağının kənarında yerləşən bir LMO nəzarət məntəqəsinə hücum edib.

Dörd hücumda İŞİD LMO qoşunlarının Tripoli ətrafında döyüşə qatılmasından yaranan təhlükəsizlik vakuumundan yararlanıb.

2014-cü ildə LMO Binqazidəki döyüşlərdə iştirak edərkən də, eyni durum yaranıb. Terror qrupu Sirti tutaraq Liviyanın cənub bölgələri kimi Tripoli, Binqazi və Fəzzanı əhatə edən “Xilafət”in qurulmasını elan edib.

Təhlükəsizliyin yoluğu nəticəsində insanlar öz evlərini və iş yerlərini tərk edirlər. Sakinlər, ehtimal ki, Liviyanın cənubunda daha təhlükəsiz yerlərə köçüblər.

Tripoli döyüşü aydın bir qalib çıxarsa belə, – bu, yaxın vaxtlarda mümkün olmayacaq, – yeni hədəf İŞİD olacaq. Bu dəfə qrup sağ qalması üçün mübarizə aparır. O, Liviyada ərazilərə sahib olmaq, qeyri-sabitlik və qorxu yaratmaqda maraqlı deyil.

Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.