İradə Zeynalovanın qardaşının həbsinin TƏFƏRRÜATI
12-11-2015, 12:35
Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin dekanı İsabala Zeynalovun həbsinin bəzi təfərrüatları məlum olub. Lent.az-ın “Peterburqskiy Dnevnik” portalına istinadən verdiyi məlumata görə, o, akademik borcuna görə, universitetdən qovulan iki tələbədən ali məktəbə bərpa olunmaları müqabilində 400 min rubl (təxminən 6300 dollar) rüşvət istəyirmiş. Amma tələbələrin bu qədər pulu verməyə imkanı olmayıb.
Bundan sonra o, bu işə həmin ali məktəbin təlim-metodik işləri üzrə mütəxəssisi Lyubov Mukanovanı cəlb edib. Məhz Mukanovanın vasitəçiliyindən sonra rüşvətin məbləği 300 min rubla qədər endirilib. Amma dekan məbləğlə razılaşmayıb. Bundan sonra tələbələr hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlar nömrələnmiş pulları Mukanovaya verərkən, o, saxlanılıb. Bundan sonra İsabala Zeynalov həbs edilib.
İsabala Zeynalov hüququ fakültəsinin dekanı olmaqla yanaşı universitetin “Aqrar hüquq” kafedrasının müdiridir. Hüquq elmləri doktoru, professordur. Zeynalov və Mukanova barəsində 2 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.
Xatırladaq ki, İsabala Zeynalov ORT-nin redaktoru və aparıcısı İradə Zeynalovanın qardaşıdır. Onların atası Avtandil Zeynalov isə Moskvada yerləşən “Transstroyaqrika” şirkətinin baş direktorudur.
***
23.33
Rusiyanın Birinci kanalının azərbaycanlı aparıcısı İradə Zeynalovanın qardaşı İsabala Zeynalov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin dekanı olan İsabala Zeybalov tələbələrdən rüşvət almaqda şübhəli bilinir.
İradə Zeynalova saxlanılan dekanla qohum olduğunu inkar etməsə də, onunla çoxdandır əlaqə saxlamadığını bildirib.
61 yaşlı İsabala Zeynalova qarşı cinayət işi qaldırılıb, onunla yanaşı, həmin ali məktəbin təlim-metodik işləri üzrə mütəxəssisi Lyubov Mukanova da saxlanılıb. Onların hər ikisi rüşvət almaqda və rüşvətə vasitəçilik etməkdə təqsirkar bilinirlər.