Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 16:26

Ölkədə dövlət qulluğuna qəbul olunmaq üçün min şərt qoyulur: ali təhsil, imtahan, şəffaflıq, təcrübə və sonda da – hərbi xidmət keçmiş olma tələbi. Amma görünür, bəzi hallarda bu şərtlər sadəcə “əhalinin qalan hissəsi” üçün keçərlidir. Elitalar üçün isə başqa yollar mövcuddur – “alternativ marşrut”, yəni kağız üzərində şəhid olan qanunlar.
Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, Cəlilabad rayon təhsil sektorunun müdiri İlkin Zeynalov hərbi xidmətdən saxta yollarla yayınıb və ümumiyyətlə xidmət keçməyib. Ən maraqlısı isə budur ki, bu şəxs hazırda dövlət qulluqçusudur. Yəni dövləti müdafiə etməyə ehtiyac duymadan, birbaşa dövlətin içində rəhbər postda yer alıb.
Biz də bu “sirli keçmişin” üstünü açmaq üçün hərbi və təhsil orqanlarına rəsmi sorğular göndərdik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qısa və kəsə cavab verdi: “Xüsusi kateqoriyalı fərdi məlumatlar onun razılığı olmadan təqdim edilə bilməz.”
Başqa sözlə, "biz bilmirik və sizə də deməyəcəyik".
Lənkəran-Astara Regional Təhsil İdarəsi isə görünür, mətn redaktoru ilə dostluğunu sübut etmək istəyib. Uzun-uzadı yazılmış cavabda əslində heç nə demədilər. “Araşdırmanı ancaq aidiyyəti dövlət qurumları aparmalıdır” – bir səhifəlik yazının nəticəsi bu oldu. Yəni, "məsələni tutmusan, amma əl çəkməyin məsləhətdir".
Ən susqun tərəf isə İlkin Zeynalovu işə alan qurumun özü oldu. Sanki heç nə olmamış kimi, guya “biz də oxuyuruq xəbərlərdə”.
İndi isə cəmiyyət olaraq cavab axtarırıq:
Hərbi xidmət keçməyən biri necə dövlət qulluğuna qəbul edilib?
Bunun üçün hansı “mərhələlərdən” keçmək lazımdır?
Xüsusi “kursa” yazılmaq, yoxsa sadəcə kiminsə kölgəsində durmaq kifayətdir?
Belə çıxır ki, bu ölkədə artıq iki cür vətəndaş var:
– Biri Vətən çağıranda çantasını yığıb əsgər gedir,
– Digəri isə kabinetdə əyləşib, sonradan “Vətənə xidmət etmiş kimi” vəzifə tutur.
Məgər təhsildə vətənpərvərlik hissini aşılayan şəxsin özü Vətənin çağırışından yayınırsa, biz bu gənclərə hansı örnəyi təqdim edirik?
Bu gün məktəblərdə müəllimlər şagirdlərə “əsgərlik vətən borcudur” deyəndə, İlkin müəllimin keçmişini necə izah edəcəklər?
Yoxsa onun "xidmət" yeri başqa cürdür – hərbi hissə yox, vəzifə listesi?
Bütün bunlar cəmiyyətin etimadına, qanunların aliliyinə, dövlət sisteminə vurulan bir zərbədir. Qanunlar hər kəs üçün bərabər işləmirsə, biz hansı hüquqi dövlətdən danışırıq?
"DogruXeber.az" olaraq məsələni diqqətdə saxlayacağıq.
Əgər qanunlar unudursa, biz xatırladacağıq.
Əgər aidiyyəti qurumlar susursa, biz danışacağıq.
Əgər vəzifələr xidmət əvəzinə mükafat kimi verilirsə, onu da cəmiyyətin mühakiməsinə verəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az