İlham Əliyev korrupsiyalaşmış məmurları niyə "edam kötüyü"nə çıxarır? - TƏHLİL

16-11-2015, 23:33           
İlham Əliyev korrupsiyalaşmış məmurları niyə "edam kötüyü"nə çıxarır? - TƏHLİL
MTN-nin sabiq idarə rəisi, general-mayor Akif Çovdarov həbs edildi. Adının çəkilməsi ilə bir vahimə yaranan bu odioz fiqurun əlləri qandallı şəkilləri bir anın içində sosil şəbəkələri bəzədi. General Çovdarov ilk dəfə idi ki, layiq olduğu görkəmdə publika qarşısına çıxarılırdı- boynu bükük, sınmış, rəzil bir görkəmdə fotoqrafalara “poz verirdi”.

Prezident İlham Əliyev hakimiyyət dəhlizlərini “qara yara”dan təmizləməyə başladı və sıravi vətəndaşdan tutmuş, tənqidçi media nümayəndələrinə qədər hər kəs ölkə rəhbərinin bu addımını alqışladı.

Beləliklə, Azərbaycanda azad sahibkarlığın və biznesin inkişafı qarşısında əsas maneələrdən birinə çevrilmiş MTN rəhbərliyi neytrallaşdırıldı. Daha sonra təcrübəli və peşəkar çekistlər, uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət keçmiş şəxslər yenidən xüsusi xidmət orqanlarına işə qayıtmağa başladı.

Adı reketçiliklə bir sırada çəkilən nazirlikdə ciddi islahatlar başladı. Yeni mərhələnin ən önəmli isimlərindən olan general – leytnat Mədət Quliyev MTN-nin nüfuzun bərpası istiqamətində son dərəcə önəmli rotasiyalar həyata keçirməyə başladı.

İstər İlham Əliyev tərəfindən iki nazirin vəzifəsindən azad edilməsi, istərsə də M. Quliyevin MTN rəhbərliyinə gətirilməsi ölkədə aparılan kadr islahatı kimi dəyərləndirilməlidir. Yerli və beynəlxalq müşahidəçilər bunu məhz belə səciyyələndirirlər.

Məsələ ondadır ki, İlham Əliyev ali icra hakimiyyətinin rəhbəri olduğundan nazirlərin vəzifəyə təyin və azad edilməsi birbaşa onun səlahiyyətinə daxildir. Dövlət başçısının kifayət qədər informasiyası var. Odur ki, yüksək ranqlı məmurların işindən qovulması emosional hərəkət kimi deyil, yeni kadr islahatlarının başlanğıcı kimi dəyərləndirilməlidir. Yeni kadr islahatının fəlsəfəsinə müvafiq olaraq yeni kadrların təyinatı həyata keçirilir. Elə buna görə də, son kadr islahatları cəmiyyət tərəfindən çox yüksək dəyərləndir.

Hazırda cərəyan edən proseslər onu deməyə əsas verir ki, dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar davamlı olacaq. Yeni kursun şübhəsiz ki, davamı olacaq. Bir sözlə, Azərbaycanda artıq yeni situasiya yaranıb. Hazırda lham Əliyevin indiyədək atmadığı addımlarını müşahidə edirik. O, daha qətiyyətli qərarlar qəbul edərək, vəzifəsinin öhdəsinin gələ bilməyən yüksək vəzifəli məmurları işdən azad edir. Uzun illərdir eyni vəzifədə oturub korrupsiya və rüşvətxorluqla məşğul olan, xalqın və dövlətin əmlakını mənimsəyən vəzifə sahiblərinə qarşı mütləq tədbirlər görülməlidir.Onlar vəzifədə olduqları müddətdə yalnız özlərini düşünüblər, qapılarını xalqın üzünə bağlayıblar. Ona görə də sadə vətəndaşların şikayət və təklifləri müvafiq şəxslərə ya çatmayıb, ya da bununla bağlı heç bir tədbir görülməyib. Prezidentin bu cür addımları xalqın hakimiyyətə inamını qaytarmaq baxımından da çox vacibdir. Təkcə nazirlərin deyil, vəzifəsindən sui-istifadə edən digər yüksək çinli məmurların da işdən çıxarılması və məsuliyyətə cəlb olunması xalq tərəfindən bəyənilir və dəstəklənir.

Yaranmış situasiyanın ən incə məqamı ondan ibarətdir ki, istər işdən çıxarılan kadrlara mənfi münasibət, istərsə də yeni təyinatlara müsbət münasibət baxımından ölkə rəhbəri ilə sıravi vətəndaşın mövqeyi üst-üstə düşür. Bu artıq inqilabi dəyişiklərin başlanğıcıdır. Korrupsiya uğramış məmurların cəzalandırılması ilə məsələ yekunlaşmır. Yeni təyinatlar tamamilə yeni situasiya yaradır. Ölkə koordinal dəyişikliklərə hazırlaşır və tamamilə yeni siyasi müstəvi qurulur. Yeni müstəvi yeni, peşəkar kadrların təyinatı ilə gücləndirilir. Son vaxtlara qədər ölkə başçısının ətrafından narazılıq əhvalı hökm sürməkdə idi. Artıq yeni mərhələdə prezidentə layiq olan komanda formalaşdırılır. Yəni, peşəkar komanda ilə peşəkar prezidentin birliyi reytinqləri qırmaq gücündə ola biləcək bir modeldir. Növbəti mərhələdə, ölkə başçısının vətəndaş cəmiyyəti və müxalifətlə dialoqa gedəcəyi də istisna edilmir. İlham Əliyev korrupsiyaya uğramış məmurları “edam kötüyü”nə çıxarır və cəmiyyətə əl uzadır.

Ölkə rəhbərinin son addımları cəmiyyətdəki gərginliyi də aradan qaldırır və artıq milli barışıq modeli uğurla yeni müstəviyə qədəm basır. Bir sözlə, yeni komanda ən həssas məqamda prezidentin yardımına gəlir və ölkə naminə milli birlik modelini həyata keçirir...

Avropa.info-nun ekspert qrupu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.