“Əl saxlayın, yoxsa məyus olacaqsınız” - Fermerlərə çağırış

15-04-2020, 09:59           
“Əl saxlayın, yoxsa məyus olacaqsınız” - Fermerlərə çağırış
Ölkəmizdə üzümçülük sahəsi son illərdə bir intibah dövrünü yaşayır. Müxtəlif bölgələrdə getdikcə daha çox üzüm bağları peyda olmağa başlayıb. Ancaq eyni zamanda, bu sahədə bir çox problemlər var, buna görə üzüm yetişdirməkdə ixtisaslaşan bəzi fermerlər peşələrini dəyişdirmək məcburiyyətində qalırlar.

Belə ki, Respublikanın qərb bölgəsində fermerlər üzüm bağlarını kütləvi şəkildə məhv edirlər. Bu, həmin sahələrin faktiki olaraq gəlir gətirməmələri ilə bağlıdır. Fermerlər üzüm bağlarını zərərvericilərdən təmizləmək üçün hazırlıq işlərinə çox pul xərcləyirlər, üzümü satmaq üçün isə bazar tapılmır – nə alıcı, nə də istehsal edəcək zavodlar var.

Mövcud reallığı AYNA-ya şərh edən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun sözlərinə görə, problemlərdən biri suvarma suyunun olmamasıdır: “Buna görə məhsuldarlıq aşağı düşür. İkincisi, qışda satış üçün normal saxlama şəraitini təşkil etmək çətindir. Azərbaycanda saxlama üçün çox az sayda normal anbar var ki, onlar da bahadır. Bütün bunlar məhsulun qiymətinə təsir göstərir”.
“Ölkəyə xaricdən, xüsusən İran və Türkiyədən yüksək keyfiyyətli üzüm gətirilir. Onlar elə görünüşdə olur ki, sanki təzəcə yığılıb. Bizdə isə satış üçün yararlı olmayan, çox keyfiyyətsiz üzümlər var. Bu, fermerlərin lazımi şəkildə məhsula qulluq göstərməməsinin nəticəsidir. Ölkədə adambaşına üzüm ehtiyacı 15 kq olsa da, adambaşına cəmi 11-12 kq məhsul ərsəyə gətiririk. Daha yaxşı, davamlı sortlar əkməliyik, üzüm bağlarını doğrayıb məhv etməməliyik. Bundan əlavə, yalnız yemək üçün deyil, həm də keyfiyyətli şərab hazırlamaq üçün istifadə ediləcək texniki üzüm sortlarını da yetişdirməyə ehtiyac var. Sonra şərab ixrac üçün göndərilə bilər və bunun üçün valyuta da əldə edilə bilər”, - mütəxəssis bildirib.

Məhərrəmov deyib ki, bəzi rayonlarda daha çox qazanc əldə etmək ümidi ilə, fermerlə üzüm bağlarını məhv edib, digər meyvə ağacları əkməyə başlayıblar: “Lakin onlar gec-tez qərarlarından dolayı məyus olacaqlar. Çünki meyvə ağacları yalnız üç ildən sonra məhsul verməyə başlayır və beş ildən sonra normal bir məhsul əldə etmək olar. Üzümçülüklə məşğul olmaq istəmirlərsə, onda hansı fəaliyyət sahəsinin sərfəli olacağı barədə diqqətlə düşünməlidirlər. Uzun müddət düşünməlidirlər”.

Müsahibimizin fikrincə, üzümçülüyə dəstək olmaq üçün dövlət fermerləri maarifləndirməli və onlar üçün təlimlər keçirməlidir: “Həm də dövlət kənd təsərrüfatı sahəsində səlahiyyətli mütəxəssislər yetişdirməlidir, bunlar olmadan əslində təhsil işinin təşkili mümkün olmayacaq. Fermerlər öz problemlərini özləri həll etməlidirlər, xüsusən də bazar tapmalıdırlar. Dərnəklərdə birləşməlidirlər, orada fiziki deyil, zehni-təşkilati işlərlə məşğul olanlar toplanmalıdır. Xüsusilə, məhsulların anbarını qurmalı, vətəndə və xaricdə bazar axtarmalıdırlar”.

“Ancaq dövlətin ümumilikdə kənd təsərrüfatının və xüsusilə üzümçülüyün inkişafı üçün yerinə yetirməli olduğu daha bir vacib məqam var. Söhbət əhalinin alıcılıq qabiliyyətini artırmaqdan gedir. İstehlak tələbatı olduqda kənd təsərrüfatı inkişaf edir, lakin indi əhalinin xeyli hissəsində vəsait çatışmır. Vətəndaşların daha çox pulu varsa, daha çox üzüm istehlak edəcəklər. Bu, istehsalçıları istehsal həcmini artırmağa məcbur edəcək”, - V.Məhərrəmov vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.