Lavrovun arzuları: ölünü diriltmək cəhdi

Bu gün, 11:18           
Lavrovun arzuları: ölünü diriltmək cəhdi
Ekspert: Rusiya Azərbaycanın Dərbəndin işğalına son qoymalı və onu Azərbaycan xalqına qaytarmalıdır

Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, hazırda məsləhətləşmə xarakterli “3+3” regional platforma çərçivəsində görüşlərin bərpası vaxtında atılmış addım olar bilər. Bu formatda bir tərəfdə Azərbaycan, Ermənistan və Gürcüstan, digər tərəfdə isə üç böyük regional dövlət – İran, Rusiya və Türkiyənin təmsil olunması nəzərdə tutulur.

Lavrov xatırladıb ki, platformanın yaradılması təşəbbüsü Türkiyə və Azərbaycana məxsus olub.

“İki il əvvəl nazirlik səviyyəsində bir neçə görüşümüz baş tutdu. Görüşlər nazir müavinləri səviyyəsində olmuşdu, – Rusiya XİN rəhbəri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) tələbə və professor-müəllim heyəti qarşısında çıxış edərkən bildirib. – İndi hesab edirik ki, bu formatı bərpa etməyin tam vaxtıdır. Qonşumuz İran bu prosesləri tam dəstəkləyir, Türkiyə və Azərbaycan isə dediyim kimi, platformanın təşəbbüskarları olublar”.

“Ümid edirəm ki, yaxın vaxtlarda bu format bərpa olunacaq”, – deyə nazir yekunlaşdırıb.

Tanınmış ekspertlər Lavrovun bu gözləntilərin Pressklub.az üçün şərh ediblər.

Müstəqil politoloq Xaqani Cəfərli qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov “3+3” formatının bərpasını təklif edir və mövqeyini əsaslandırarkən bu təşəbbüsün Türkiyə və Azərbaycana məxsus olduğunu vurğulayır.

“Əslində isə “3+3” formatının ilk təşəbbüskarı 90-cı illərin əvvəllərində İran olub. O zaman İranın məqsədi Azərbaycan və Ermənistanı yaxınlaşdırmaq idi. Amma Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunduğu üçün Bakı bu prosesdə iştirak edə bilmədi və İranın təşəbbüsü reallaşmadı.

Uzun müddət sonra Türkiyə bu formatı təklif etdi və Azərbaycan onu dəstəklədi. Ancaq Gürcüstan ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunduğu üçün Tbilisi Moskva ilə eyni formatda təmsil olunmaqdan imtina edir. Buna görə də, mahiyyət etibarilə “3+3” formatı formalaşmayıb və ehtimal ki, formalaşmayacaq”, – analitik hesab edir.

Onun sözlərinə görə, yarım əsrdən artıq diplomatik təcrübəyə malik Lavrovun ölü doğulmuş bu formatı indi diriltmək istəyi təsadüfi deyil. “Beləliklə, rəsmi Moskva Azərbaycanla gərgin münasibətlərin tənzimlənməsində Rusiya üçün əlverişli format əldə etmiş olacaq. Ən əsası odur ki, Rusiya bu formatı bərpa etməklə Qərbin Cənubi Qafqaza gəlməsinin qarşısını almağa çalışır. Rusiya bunu təkbaşına edə bilmir, çünki Ukraynaya qarşı təcavüz səbəbilə çox zəifləyib. Amma fikrimcə, Lavrovun yarım əsrlik diplomatik təcrübəsinə baxmayaraq, Rusiya bu cür təşəbbüslərlə ciddi nəticələr əldə edə bilməyəcək.

Əgər Rusiya real əməkdaşlıq istəyirsə, əvvəlcə Gürcüstanın işğal olunmuş torpaqlarını azad etməlidir. Daha sonra Azərbaycanın şimal ərazilərinin, xüsusən Dərbəndin işğalına son qoymalı və onları Azərbaycan xalqına qaytarmalıdır. Moskva bunu etmədiyi, edə bilmədiyi müddətdə real əməkdaşlıq və tərəfdaşlıqdan danışmaq mümkün deyil. İranda da oxşar vəziyyətdir: bu ölkə xeyli zəifləyib və ona qarşı fəal addımlardan yayınmaq üçün Qərblə razılığa gəlməyə çalışır. Amma bunun üçün “3+3” formatına ümid bəsləmək ölünün başqa bədəndə dirilməsinə inanmaq kimi bir şeydir”, – Cəfərli vurğulayıb.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə hesab edir ki, “3+3” sadəcə məsləhətləşmə formatıdır və Rusiya onu Bakıya təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir.

“Plan sadədir – Azərbaycan-Rusiya münasibətlərində mübahisələri aradan qaldırmaq üçün prosesə Bakı ilə Moskvanın qarşıdurmasında maraqlı olmayan vasitəçi qüvvələri cəlb etmək. Bu cür vəziyyətlərdə adətən belə deyirlər: balıq olmayan yerdə xərçəng də balıqdır. Aydındır ki, Moskva Rusiya-Azərbaycan münasibətlərindəki dalandan çıxmağa yol axtarır. Amma israrla qəbul etmir ki, çıxış yolu elə girişin olduğu yerdədir”, – Vasadze yekunlaşdırıb.

Rauf Orucov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru