ABŞ və Almaniyanın peyvəndləri satışa oktyabrda çıxarıla bilər
8-09-2020, 06:37
Almaniyada bu ölkənin “BioNTech” və ABŞ-ın “Pfizer Inc” koronavirus peyvəndlərinin kliniki sınaqları keçiriləcək.
Bu barədə “Report” “İzvestiya”ya istinadən xəbər verir.
Məlumata görə, əgər sınaqlar müvəffəqiyyətlə başa çatsa, şirkətlər oktyabrda vaksinin bazara girişi haqqında sifariş verməyi planlaşdırır.
Məlumata görə, artıq Paul Erlix İnstitutu sınaqların ikinci və üçüncü mərhələsini bəyənib. Almaniyada keçirilən sınaqlar iyulda başlanmış beynəlxalq tədqiqatın bir hissəsi olacaq. Sınaqlarda 30 minə yaxın könüllünün iştirak edəcəyi planlaşdırılır. Hazırda dünyada 120 tədqiqat mərkəzində keçirilən kliniki sınaqlarda 25 mindən çox könüllü iştirak edir.
“BioNTech”in təsisçilərindən biri Uqur Sahin peyvəndin təhlükəsizliyini və effektivliyini qəti şəkildə təsdiqləmək üçün böyük, nəzarət edilən 3 mərhələli sınaqların vacib olduğunu deyib.
Peyvəndin bazara girişi halında onu cari ilin sonuna kimi 100 milyon dozaya qədər buraxmaq planlaşdırılır. Bu göstəricinin 2021-ci ildə 1,3 milyarddan çox dozaya yüksəldilməsi nəzərdə tutulur.