Xəyal Əhmədzadə “New York Times”da həyəcan təbili çalır
10-09-2020, 00:04
Dünyanın ən böyük dizel istehlakçılarından biri olan Avropada bu yanacağa olan tələbatın zəifləməsi bölgədəki neftayırma zavodlarının fəaliyyətini davam etdirmə qabiliyyətinə ciddi təsir edəcək.
Bu barədə “Reuters” “New York Times”a istinadla məlumat yayıb.
COVID-19 pandemiyasının ən aktiv vaxtlarında – aprel və may aylarında rekord dərəcədə aşağı düşən Avropa dizel marjası iyul ayında cüzi artımdan sonra yenidən enişə keçib. Bunu təchizatçı “S&P Global Platts”ın məlumatları da təsdiq edir.
Məsələ ilə bağlı açıqlama verən “SOCAR Trading”in baş ticarət direktoru Xəyal Əhmədzadə bildirib ki, qaz yağı (və dizel) təmizlənmə həcminin 40-50%-ni təşkil edir: “Buna görə də yüksək gəlirli olmalıdır, əks halda neftayırma zavodları sadəcə pul itirəcək və iflas edəcək”.
Onun sözlərinə görə, qiymətli kağızlar bazarı göstərir ki, bəzi treyderlər dizel qiymətlərinin az qala sıfıra enəcəyini, hətta mənfi olacağını gözləyirlər: “Mövcud tələbatla müqayisədə çox sayda neftayırma zavodu var ki, onların bəziləri hazırkı səviyyədə fəaliyyətinə davam edə bilməyəcək”.
Son aylarda Avropada karantin rejiminin yumşaldılması ilə dizel yanacağına tələbat artsa da, bəzi ölkələrdə bərpa prosesi çox yavaş gedir.
İspaniyanın aparıcı yanacaq təmsilçisi CLH-nin verdiyi məlumata görə, avqust ayında daxili bazarda dizel yanacağı tədarükü iyul ayına nisbətən, təxminən 9% az olub və iki milyon kubmetr təşkil edib.
İngiltərənin İş, Enerji və Sənaye Strategiyası Departamentinin eksperimental məlumatları göstərir ki, aprelin ortalarında başlayan yol yanacağına tələbatdakı bərpa prosesi son dörd həftə ərzində dayanıb.
Dizel bazarı da yüksək həcmdə ehtiyatlardan əziyyət çəkir.
“Vortexa” analitika mərkəzinə görə, hazırda dünyada orta distillatların qlobal üzən anbarının ən böyük payı Avropaya düşür.
Eyni zamanda, “Vortexa”ya görə, avqust ayında digər bölgələrdən Avropaya idxal artıb.
Mənbə: Haqqın.az