“Çingiz Abdullayev adamları ittiham edəndə sözləri düzgün seçməlidir” - Qulu Məhərrəmli
10-09-2020, 17:54
Xəbər verdiyimiz kimi Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edib. Qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.
Məsələ ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən professor Qulu Məhərrəmli yazıçı ilə razılaşmadığını bildirib:
“Mən hesab edirəm ki, Çingiz Abdullayev bu məsələdə bir az emosiyalara qapılıb. Ola bilər ki, onların arasında cahil adamlar olsun, mənim buna şübhəm yoxdur, amma çoxluq cahillikdən deyil, millətin sabahı ilə bağlı nigaranlığından bu mövqeni tutur. Ölkədə bir müddət sonra yeni dərs ili başlayır, hazırlıq kursları açılır və s. İnsanların çoxu, xüsusən Bakı şəhərində öz övladlarını rus və ya ingilis bölməsinə yazdırır. Bu əlbəttə ki, müəyyən narahatlıq yaradır. Sabah bu millətin dilində kim təhsil alacaq? Bu millətin dilini, onun mədəniyyətini, elmini kimlər dərk edəcək? Ona görə də rus dilində təhsil alanların sayının artması, rus məktəblərinin hədsiz çoxalması narahatlıq yaradır. Azərbaycanda bəlli səbəbdən ənənə olaraq rusdilli məktəblər var və fəaliyyət göstərir, bu problem deyil. Problem yaradan Azərbaycan dilində olan məktəblərin sayını azaldıb, rusdilliləri açmaqdır. Hörmətli Çingiz müəllim də bunu nəzərə almalıdır və adamları ittiham edəndə sözləri düzgün seçməlidir”.
Professor hər bir vətəndaşın ilkin təhsili ana dilində almasının tərəfdarı olduğunu deyib:
“Bilirsiniz, təhsil elə bir şeydir ki, çox şeyi müəyyənləşdirir, o cümlədən də insanın gələcək simasını, düşüncəsini, həyata baxışını, milli dəyərlərə münasibətini və s. Mən həmişə o fikirdə olmuşam ki, rus, ingilis dilində təhsil almaq çox normaldır, amma yaxşı olardı ki, bütün Azərbaycan vətəndaşlarının ilkin təhsili ana dilində olsun, dördüncü sinifdən sonra şaxələnmə getsin, başqa dillərdə oxuya bilsinlər. Yəni uşağın bünövrəsi milli kökdə olsun. Əsas məsələ əlbəttə ki, milli düşüncə, milli dəyərlərlə bağlıdır. Ona görə də biz Azərbaycan dilində təhsil verən məktəblərin sayını yox, orada verilən təhsilin keyfiyyətini artırmalıyıq. Yeni, öyrədici proqramlar olmalıdır ki, müəllimlər onu tədris etsinlər.
Vaxtilə Üzeyir Hacıbəyov deyirdi ki, ana dili bizim isbati-vücudumuzdur, yəni milli varlığımızın ifadə formasıdır. Əgər insan doğma dilini bilmirsə, o dillə bağlı anlayışı yoxdursa, biz ondan necə milli təəssübkeşlik gözləyə bilərik?! Amma bu o demək deyil ki, rus dilində təhsil alanlar tamamilə milli kökdən uzaqdırlar, xeyr. 90-cı illərin əvvəllərində xalq hərəkatı başlayanda rusdillilər öndə idi, onların fədakarlığı, mübarizliyi hamının diqqətini cəlb edirdi. Amma indi təəssüf ki, deformasiyaya uğrama var və bu açıq şəkildə görünür. SSRİ dövründə hamı çalışırdı ki, rus dilini öyrənsin, çünki işə qəbul zamanı rus dili mütləq şərt kimi qoyulurdu, indi isə başqa kriteriyalar ortaya çıxıb və rus dili ilə yanaşı ingilis dilinin mövqeyi möhkəmlənir, halbuki vəzifəyə gətirilənlər birinci Azərbaycan dilini yaxşı bilməlidirlər. Digər dilləri bilmələri də onlar üçün avantaj olmalıdır”.