Dünya ət bazarındakı problemlər ölkəmizə necə yansıyır? - BAHALAŞMA GÖZLƏNİLİR...
11-09-2020, 09:47
Dünyada adambaşına düşən ət istehlakı 2020-ci ildə 3 faizədək azala bilər. BMT-nin hesablamalarına əsasən bu, 2011-ci ildən bəri ən aşağı göstərici olacaq. BMT analitikləri hesab edirlər ki, ətə olan ümumi tələbat azalacaq. Məsələn, ABŞ-da ətə tələbatın 2025-ci ilədək böhrandan əvvəlki həddə çatmayacağı gözlənilir. Bunun əsas səbəbi pandemiyanın yaratdığı böhran nəticəsində əhalinin gəlirlərinin kəskin azalması və insanların bahalı əti almaq imkanının olmamasıdır. Bu, dünyada milyonlarla insanın əti qida rasionundan çıxarmasına gətirib çıxarıb.
Tələbatın azalmasının digər mühüm səbəbi bütün dünyada restoranların uzun müddətə bağlanmasıdır. Eyni zamanda dünyada ət istehlakının 25 faizinə malik Çində əhali Pekində koronavirusun yayılmasından sonra heyvan mənşəli qidalardan çəkinməyə başlayıb. Bununla yanaşı, istehsalda yaranan fasilələr də ətin pərakəndə satışa çatdırılmasında problemlərə səbəb olub. Nəticədə, bu il Çində donuz əti istehlakı pandemiyadan əvvəlki səviyyə ilə müqayisədə 35 faiz azala bilər. Avropa Birliyində isə bu göstəricinin yeddi illik minimuma düşməsi gözlənilir. Qeyd etmək lazımdır ki, ekoloji və heyvanların müdafiəsi məqsədlərlə bir sıra ölkələrdə ət istehlakı pandemiyadan əvvəl də azalmaqdaydı.
BMT Ərzaq Təşkilatının (FAO) məlumatına görə, dünya bazarında ətin qiyməti 2019-cu ildə əvvəlki illə müqayisədə 6 faiz artıb. Ötən il ərzində dünyada ət istehsalı isə 2 faiz azalıb. Vuna Çində Afrika vəbasına görə donuz əti istehsalının 21 faiz azalması səbəb olub. Hesab olunur ki, Afrika vəbası yaxınmüddətli dövrdə Asiyada donuz əti istehsalında azalmanın davam etməsinə gətirib çıxaracaq. Lakin virusun yayılmasının qarşısı alınarsa, növbəti 5 ildə Asiyada ət istehsalının sürətlə artacağı gözlənilir. Ümumiyyətlə, 2019-cu ilədək inkişaf etməkdə olan ölkələrin hesabına ət istehsalının artması proqnozlaşdırılır. Bu artımın 87 faizi belə ölkələrin payına düşəcək.
Mal əti istehsalının nəhəngləri olan ABŞ və Braziliyanın 2029-cu ilədək ət istehsalını hərəyə yarım milyon ton artıracaqları gözlənilir. Buna baxmayaraq, Pakistan və Cənubi Afrika kimi ölkələrdə istehsalın daha yüksək sürətlə artması nəticəsində ABŞ və Braziliyanın dünya mal əti təchizatından payı azalacaq. Ümumilikdə 2029-cu ilədək dünyada ət ixracının ildə 0,7 faiz artmaqla bu məhsulun illik ticarət həcminin 42 milyon tona çatacağı proqnozlaşdırılır.
BMT qurumu bildirir ki, avqust ayında dünya üzrə ətin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalıb. Bunun əsas səbəbi olaraq əsas istehsalçı regionlarda istehsalın azalmasına rəğmən, mal və quş əti satışının azalması göstərilir. Mal və quş əti ilə yanaşı, qoyun(quzu) ətinə tələbat da azalıb. Donuz ətinin qiyməti isə 4 aylıq enmədən sonra artmağa başlayıb. Buna bir sıra regionlarda pandemiyaya görə istehsalın azalması fonunda Çinin idxalı kəskin artırması gətirib çıxarıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına əsasən, 2020-ci ildə Çinin bütün növ ət idxalı 8 milyon tona çatacaq. Dünya üzrə mal əti ixracının 29 faizi bu ölkəyə reallaşacaq. Bunun əsas səbəbi Afrika vəbası xəstəliyinə görə Çində donuzların böyük hissəsinin məhv edilməsidir. Bundan əlavə, ölkədə mal və qoyun ətinin istehsalında da kəskin azalma var. Cari ilin ilk rübündə Çində mal əti istehsalı 6.4 faiz azalıb. Quş əti istehsalındakı 1,1 faizlik artım bu azalmanı əvəzləmək imkanında deyil. Bütün bunlar ilin sonunadək qalan müddətdə Çinin ət idxalındakı artımın davamlı olacağını göstərir. Bu isə dünya ət bazarında qiymətlərin yüksəlməsini stimullaşdıracaq.
Azərbaycana gəlincə, ölkəmizdə ət istehlakında əsas yeri mal, qoyun və quş əti tutur. Bu üç məhsuldan yalnız quş əti ilə təminatımızda idxaldan asılılıq son illərdə azalır. Rəsmi məlumatlara görə, Azərbaycanda bütün növ mal-qara və quş əti ilə təminatda idxaldan asılılıq 2016-cı ildəki 12,1 faizdən 2018-ci ildə 17,5 faizə çatıb. Bu zaman mal əti idxalından asılılıq iki ildə iki dəfədən çox artaraq 6,6 faizdən 15 faizə yüksəlib.
Bu ilin birinci yarısında Azərbaycan xaricdən 36 min 424 baş digər diri iribuynuzlu heyvanlar alıb. Bunun 15 min başı Gürcüstandan, 3511 başı Rusiyadan, 17710 başı Ukraynadan alınıb. Halbuki bu ilin ikinci rübünədək iribuynuzlu heyvan idxalımızda üstünlük Gürcüstanda olub. Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycana 2 milyon 503 min dollar dəyərində 1 400,8 ton canlı iribuynuzlu mal-qara ixrac edib. Beləliklə də Azərbaycana ixrac olunan məhsulun dəyəri illik ifadədə 1 582 min dollar və ya 38,7 faiz, həcmi isə 1 206,7 ton və ya 46,2 faiz azalıb. Belə ki, ötən ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycana 4 085 min dollar dəyərində 2 607 ton canlı iribuynuzlu mal-qara ixrac etmişdi.
Əvəzində isə Azərbaycan Gürcüstandan dondurulmuş mal əti idxalını artırıb. Gürcüstan statistika orqanının məlumatına əsasən, 6 ayda oradan 6,48 milyon dollar dəyərində 1 540 ton dondurulmuş mal əti idxal edilib. İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi dondurulmuş mal ətinin çəkisi 1 530,2 ton və ya 157 dəfə artıb.
Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, Azərbaycanda mal əti istehlakı ildən-ilə artır: 2015-ci ildə 146 min 46 ton olan istehlak, 2018-ci ildə 164 328 tona çatıb. Bunun 158 377 tonu bilavasitə ərzaq məhsulu kimi istehlak edilib, 17 301 tonundan isə ərzaq məhsullarının istehsalında istifadə olunub. Mal əti idxalımız ümumi ət istehlakımızdan daha sürətlə artıb. Belə ki, 2012-ci ildə 12 404 ton olan idxal 2018-ci ildə az qala iki dəfə artaraq 23 833 tona çatıb. Təxminən eyni vəziyyət qoyun və keçi əti istehlakı və idxalında müşahidə olunur. Belə ki, bu ətin ümumi istehlakı 2015-ci ildəki 73 259 tondan 2018-ci ildə 84 698 tona çatıb. İdxalımız isə 4 dəfədən çox artaraq 482 tondan 1700 tona yüksəlib. Qoyun və keçi ətini ərzaq məhsulu kimi istehlakı 2015-ci ildə 73 259 ton, 2018-ci ildə isə 81 454 ton təşkil edib.
Ölkəyə idxal olunan ətin qiymətində ciddi bahalaşma müşahidə olunmaqdadır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyul aylarında Azərbaycana 51 milyon 281,32 min dollarıq ət(ötən il 43 milyon 329.94 min dollar) idxal olunub. Çəki ifadəsində bu, cari ilin yeddi ayında 28 min 675.55 ton, ötən ilin eyni dövründə isə 28 min 804.45 ton deməkdir. Göründüyü kimi, çəki ifadəsində ət idxalında cüzi artım olsa da, dəyər ifadəsində 8 milyon dollara yaxın artım baş verib.
Dövlət Statistika Komitəsi isə məlumat verir ki, yanvar-iyul aylarında Azərbaycanda 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 298,4 min ton təşkil edib. Halbuki yeddi ayda ötən ilin eyni dövrü ilə müqayisədə mal-qara və qoyunların sayında 1,5 faizdən yuxarı azalma qeydə alınıb.
Ölkədə mal-qara və qoyunların sayında davam edən azalma, eyni zamanda xaricdən idxalın bahalaşması hazırda bir qədər ucuzlaşma baş verən ət bazarında yaxınmüddətli dövrdə yenidən bahalaşmanın baş verəcəyini göstərir. Buna gətirəcək əsas amillərdən biri idxal olunan diri iribuynuzlu heyvanların qiymətindəki kəskin bahalaşmadır. Belə ki, diri mal-qaranın idxalında ağırlığın Ukraynaya keçməsi qiymət bahalaşmasına səbəb olub. Statistik rəqəmlərin təhlili göstərir ki, Ukraynadan gətirilən iribuynuzlu heyvanın biri 371 dollara, Gürcüstandan isə 192 dollara başa gəlir. Nəzərə alsaq ki, Azərbaycanda təzə qırmızı ət istehsalının çox mühüm bir hissəsi xaricdən idxal olunaraq ölkədə bəslənib kəsilən heyvanlar hesabına həyata keçirilir, onda builki qiymət artımının tezliklə bazarda bahalaşmaya gətirəcəyini söyləyə bilərik.
Bundan əlavə, bu il əksər bölgələrdə qeydə alınan quraqlıq təbii otluq ərazilərdən əldə olunan otun həcmində kəskin azalmaya səbəb olub. Yayın başlanğıcından etibarən heyvandarlıqla məşğul olan fermerlərin ot bağlamasının qiymətindəki bahalaşma ilə bağlı narazılıqları geniş yayılmaqdadır. Bütün bunlar, son nəticədə payız və qış aylarında Azərbaycanda ətin yenidən bahalaşacağı təhlükəsini artırır. //“Yeni Müsavat”//