Xaricdə nə qədər azərbaycanlı qalıb? - Rəqəmlər dəyişir, XİN hesablamağa çətinlik çəkir
11-09-2020, 11:45
Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinə görə, sərhədlərin bağlanması xaricdə qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasına çətinlik yaradıb.
Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Məlumdur ki, Rusiyada Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün dövlət tərəfindən xüsusi portal yaradılıb. Vətəndaşlar portalda qeydiyyatdan keçərək, növbəlilik prinsipi əsasında ölkəmizə gətirilirlər.
Türkiyə ilə hava sərhədi açılıb və müntəzəm yox, xüsusi təyyarə reysləri həyata keçirilir. Ancaq biletlər olduqca baha olduğundan (İstanbul-Bakı 220 dollardan başlayan qiymətlərlə satılır, üstəlik COVID-19-a testi üçün müəyyən məbləğ ödənilir) heç də hər kəsin imkanı daxilində dyil. Bundan başqa, xarici ölkələrə şəxsi nəqliyyat vasitəsi ilə gedənlər də var ki, onların geri qayıtması proseduru fərqlidir. Buna görə hələ də vətənə qayıda bilməyən azərbaycanlılar var.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Cebhe.info-ya açıqlamasında pandemiya səbəbindən xaricdə qalan azərbaycanlıların konkret sayı ilə bağlı məlumatsız olduğunu deyib:
“Artıq xeyli müddətdir ki, Türkiyə və Moskva ilə xüsusi reyslər fəaliyyət göstərir. Həftə içində həm AZAL, həm də Türk Hava Yolları vasitəsilə həmvətənlərimiz geri dönür. Bakı-Moskva xüsusi reysləri də fəaliyyət göstərir. Biletlər onlayn satışdadır. Vətəndaşlarımız tranzit keçidi istifadə edərək hava və quru yollarla həm Türkiyə, həm də Rusiya vasitəsilə geri qayıdırlar. Həmçinin mütəmadi əsaslarda Gürcüstanda olan vətəndaşlarımız da ölkəyə geri qaytarılırlar. Yəni bəzi istiqamətlərdə xüsusi reyslər açılıb, digər istiqamətlərdən də vətəndaşlar geri qaytarılırlar. Vətəndaşların geri qayıdışı ilə bağlı işlər hələ də davam etdirilir. Bununla bağlı statistik göstəricilər olduqca tez dəyişdiyindən konkret rəqəmlər əlimizdə yoxdur. Çünki həftə içində həm planlı istiqamətdə geri qayıdanlar var, həm də vətəndaşların özləri açılmış bu reyslərdən istifadə edərək geri dönürlər. Bir sözlə, qeyd etdiyim istiqamətlərdə uçuşlar, gediş-gəliş olduğundan vətəndaşlarımız həmin yollardan istifadə edərək geri qayıda bilirlər”.
Qeyd edək ki, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlərin davamı olaraq Qazaxıstandan da son olaraq 36 vətəndaşımız ölkəyə gətirilib. Bu günə qədər Qazaxıstandan ümumilikdə 559 vətəndaşımız gəmi vasitəsilə ölkəmizə yola salınıb. İki gün əvvəl isə Dağıstanda qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə qayıdıb. Martın 15-dən iyun ayının 11-dək “Azərbaycan Hava Yolları” (AZAL) və digər tərəfdaş şirkətlər tərəfindən 13 min 501 Azərbaycan vətəndaşı 159 təxliyə reysi ilə vətənə qaytarılıb. Həmçinin 151 təxliyə reysi ilə 12 min 823 əcnəbi Azərbaycandan öz ölkələrinə yola salınıb.