"Həmin şəxs jurnalist peşəsinə deyil, sadəcə təhsilə önəm verir" — AÇIQLAMA
12-09-2020, 00:06
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin verdiyi məlumata görə, jurnalistikaya qabiliyyət imtahanında 1000 nəfərə yaxın şəxs iştirak edəcək.
Maraqlıdır, sadəcə cari ildə 1000 nəfərə qədər şəxsin jurnalistikaya qabiliyyət imtahanında iştirak etməsi ölkəmizdə jurnalist peşəsinə kifayət qədər böyük maraq olmasının göstəricisi sayıla bilərmi? Say çoxluğu keyfiyyət amilinə necə təsir göstərəcək?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu rəqəmin kifayət qədər yüksək olduğunu vurğuladı:
“Təbii ki, 1000 adamın jurnalistikadan qabiliyyət imtahanında iştirakı kifayət qədər yüksək rəqəmdir və biz bu rəqəmi əsas götürərək deyə bilərik ki, bu, cəmiyyətdə jurnalist peşəsinə olan marağı əks etdirir. Lakin burada bir sıra amillər var k, bu amillərə də diqət yetirmək lazımdır.
Birincisi, bu şəxslərin test imtahanlarındakı nəticəsi, yığdığı ballara da diqqət yetirmək lazımdır. Bu, keyfiyyət amilini müəyyənləşdirmək baxımından gərəklidir.
Bundan başqa, həmin şəxslərin jurnalist ixtisasına yiyələnməkdə nə dərəcədə maraqlı olması da mühüm amildir. Bəzən elə olur ki, hər hansı bir şəxs jurnalist ixtisasını digər ixtisaslara balı çatmadığı üçün seçir. Bu isə o deməkdir ki, həmin şəxs jurnalist peşəsinə deyil, sadəcə təhsilə önəm verir. Odur ki, bütün bu amillərin nəzərə alınması vacibdir”. (Moderator.az)