Eldar Mahmudovun dindirildiyi işdə sensasion yenilik - general adamını xilas etdi
12-09-2020, 19:23
Eldar Mahmudovun adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, şərti cəza alaraq həbsdən buraxılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən Sahib Ağayev şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, məhkəmə prosesləri əsas gətirilmədən qapalı keçirildiyindən məhkəmənin gedişatı ilə bağlı ətraflı məlumat əldə edə bilməmişik.
Amma bundan əvvəl cinayət işi ilə bağlı bir sıra məlumatlar dərc etmişdik.
İş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir.
S.Ağayev Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş şəxs olub.
İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş.
İmzalanmış müqavilə şişirdilərək 90 milyon göstərilib. Bu məbləğin 30 milyon manatı Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb.
Qeyd edək ki, haqqında danışılan müqavilə Maliyyə Naziriliyi ilə “Main İnvestment LTD” arasında razılaşdırılıb. 90 milyon MTN-nin büdcəsinə yatırılıb. Bu məbləğin 30 milyonu Dominikan Respublikasındakı şirkətlərdən birinin bank hesabına köçürülüb. Oradan isə Eldar Mahmudovun oğlu Anar Mahmudovun Latviyanın paytaxtı Riqa şəhərindəki şirkətlərindən birinin hesabına köçürülüb.
Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində olan cinayət işində şahid qismində Eldar Mahmudov da dindirilib. Eldar Mahmudovun ifadəsi Musavat.com-da dərc edilib.
Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz:
https://musavat.com/news/general-eldar-mahmudovun-istintaqa-ifadesi-ilk-defe-yeni-musavat-da_574730.html?d=1
Xatırladaq ki, Eldar Mahmudov şahid qismində dindirilərkən ondan 30 milyonun hara “yoxa” çıxması soruşulmuşdu. Amma sabiq nazir suallara cavabında bundan xəbərsiz olduğunu deyib.
Eldar Mahmudova oğlunun şirkəti və biznesi barədə də sual verilib. Eldar Mahmudov bu suala da “bilmirəm” cavabını verib. O, oğlunun Riqada və digər ölkələrdə bizneslə məşğul olmasından xəbərəsiz olduğunu söyləyib.
Amma Musavat.com-un əldə etdiyi məlumatdan bir daha aydın olurdu ki, Eldar Mahmudov yalan danışıb. Onun bu yalanını şəriki, dostu Sahib Ağayev ifşa edib.
Belə ki, Sahib Ağayev istintaqa ifadəsində Anar Mahmudovun bir neçə ofşor şirkətlərinin olduğunu təsdiqləyib. Lakin şirkətlərin sayı və adları barədə dəqiq məlumatının olmadığını deyib.
Sahib Ağayev həmçinin sabiq nazirin oğlunun Bakıda rəhbərlik etdiyi şirkətlər və biznesi haqda da ətraflı danışıb. O, Eldar Mahmudovun adamlarının xarici ölkələrdə kimlər vasitəsi ilə ofşor şirkətlər açması, necə idarə etməsini də izah edib. Sahib Ağayev həmin ifadəsində Mahmudovlarla bağlı maraqlı məqamları da açıb. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.
Sahib Ağayev Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, S.Ağayev Eldar Mahmudovun iş ortaqlarından və yaxın adamlarından biri olub.
Qeyd edək ki, “yoxa çıxan 30 milyon” işində Eldar Mahmudovun daha bir adamının Kanada vətəndaşı Kazem Askarinin adı keçir. Eldar Mahmudovla 1998-ci ildən dostluq edən Kazem bu işdə baş roldadır.
Belə ki, Avropa Oyunlarında Azərbaycanda quraşdırılan təhlükəsizlik sistemi məhz Kazemin Kanadadakı şirkətindən alınıb. Kazemin də bu işdəki fəaliyyəti haqda ətraflı məlumat verəcəyik.
İlkin Muradov
Musavat.com