Rusiya sərhəddə Ermənistanı silahlandırır, daxildə dil siyasətilə Bakını işğal edir.
13-09-2020, 16:50
Özünə aydın, ziyalı deyənlərin Azərbaycan məktəblərində dövlət hesabına rus dili bölümlərinin saxlanmasını israrla müdafiə etməsi Rusiyanın Azərbaycanı ruslaşdırmaq planının Bakı bölməsinin artıq yerinə yetirildiyini sübut edir.
Savadlı azərbaycanlılar rüşvət və korrupsiya ölkəsindən can qurtarmaq üçün təhsil ardınca xaricə gedir və genəldə Vətənə dönmürlər, beləliklə hər il ciddi beyin axınına uğrayırıq. Rus təhsilli gənclik isə onlar üçün dövlət səviyyəsində münbit iş şəraiti yaradılan Azərbaycanda qalmağı seçir. Nəticədə idarəetmədə rusdillilərin, yəni rusca düşünənlərin, Moskvanı paytaxt bilənlərin sayı sürətlə çoxalır.
Dövlət qurumları ilə yanaşı artıq xəstəxanalar, məktəblər, bağçalar, xidmət sektoru... sürətlə “ruslaşır”. Rus bölməsi üzrə hər il ali məktəblərə qəbulda keçid ballarının aşağı salınması Azərbaycan üçün Kremlə qulluq edəcək kadrların hazırlanmasının tərkib hissəsidir. Ona görə Kreml hər dəfə rəsmi görüşlərdə Azərbaycan rəhbərliyindən “rus dilinin inkşafı nə yerdədir” soruşur. Daha rusları, erməniləri Bakıya köçürməyə ehtiyac yoxdur. Burda rusca düşünən manqurtların sayı həndəsi silsilə ilə artır.
Ana dilli təhsilin inkişafını ləngidən də bu siyasətdir.
Müstəqilliyimizin bərpasının 29-cu ilində biz düşmənin, işğalçının dilində gələcək yetişdirəkmi sualının əlində aciz qalmışıq. Rusiya sərhəddə Ermənistanı silahlandırır, daxildə dil siyasətilə Bakını işğal edir. 12-ci qırmızı orduda daha Kirov, Orjenikidze, Şaumyan soyadlılar olmayacaq, hamısı Məmmədovlar, Quliyevlər, Həsənovlardır. Çiçək alın, biz etiraz edəndə bizi “vuran” manqurtlar, “ziyalılar”, ordunuz mərkəzdədir.