Sizə ölkədən çıxma qadağasını kim, necə və nə zaman qoya bilər? - VƏKİL İZAH EDİR
14-09-2020, 11:21
Sizə ölkədən çıxma qadağasını kim, necə və nə zaman qoya bilər?
“Vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması üçün iki şərt qanunla əksini tapmalıdır”.
Mülki Prosessual Məcəllə və Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Xəbər verildiyi ki, təklifə əsasən, məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarını ödəməyənlərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilən məsələlər sırasında yer alıb. Dəyişikliyə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta , icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tərtib edilmiş maliyyə sanksiyalarının ödənilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.
Cebhe.info-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib ki, dövlət borclarının ödənilməməsi şəraitində vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması üçün iki göstərici qanunla əksini tapmalıdır:
“Əgər borc məhkəmə qərarı ilə tanınıbsa, qərarın icrasıyla bağlı borclunun ölkədən çıxışına qadağa qoyula bilər. Bircə vergi borcu istisna olaraq, digərlərində məhdudiyyəti məhkəmə qoyur. İndi vergi borcuna görə ölkədən çıxma qadağası məhkəməsiz də qoyula bilir. Yəni bu qanunvericilikdə var. Tutaq ki, kreditini ödəməyən şəxs barəsində məhkəmə qərarı var ki, həmin şəxsdən bu qədər pul tutulsun. Onu göndərirlər icraçıya, icraçı da həmin şəxsin ölkədən çıxışına qadağa qoya bilir.
İndi hamıdan tələb olunur ki, büdcə qarşısındakı borclarının ödəsin. Bura vergi, tibbi sığorta və digər ödənişlər daxildir. Hesab edirəm ki, ölkədən çıxışın məhdudlaşdırılmasında borcun məbləği də rol oynamalıdır. Bilirik ki, işsizlikdən sığorta haqlarının məbləği çox azdır. Məsələn, 50 qəpik və ya 2 manat. Belə məbləğə görə ölkədən çıxışa qadağa qoymaq doğru deyil. Ona görə də qanunvericilikdə göstərilməlidir ki, borc nə qədər və ondan yuxarı olarkən vətəndaşın ölkədən çıxışı məhdudlaşdırılacaq. 5 manatdan ötrü kiminsə xaricə çıxışına məhdudiyyət tətbiq etmək doğru sayılmaz. Bəlkə həmin şəxs özü də borclu olduğunu bilməyəcək.
Bunların hamısı mütləq məhkəmə qaydası ilə həll olunmalıdır. Yəni vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması üçün iki hal qanunla əksini tapmalıdır. Bunlardan biri çölkədən çıxışa məhdudiyyət yarada biləcək məbləğin qəti şəkildə göstərilməsi, digəri isə məhkəmə qərarıdır”.
Vəkil vətəndaşın ölkədən çıxışını məhdudlaşdıran digər məqamlardan da danışıb:
“Bunlardan başqa vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilən digər nüanslar da var. Əgər vətəndaşa qarşı cinayət təqibi varsa, axtarılan və ya şübhəli şəxsdirsə, şərti azadlığa buraxılıbsa sistemdə onun ölkədən çıxışına qadağa qoyulur”.