Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə yeməkpulu: stimullaşdırma, yoxsa ayrı-seçkilik?
16-09-2020, 17:28
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsil alan tələbələrə aylıq 60 manat yemək xərci ödəniləcək.
Nazirlər Kabinetinin sentyabrın 3-də təsdiqlədiyi qərarda qeyd olunur ki, yemək xərclərinin ödənişi dövlət büdcəsində publik-hüquqi şəxslər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
“Fakt Yoxla” Nazirlər Kabinetinin bu qərarının ölkədə təhsil alan digər tələbələrə münasibətdə ayrı-seçkilik xarakterli olub-olmadığını yoxlayıb.
Öncə qeyd edək ki, Aİİ 2018-ci ildə dini fəaliyyətlə məşğul olan yerli kadrların hazırlanması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılıb.
Hazırda ilahiyyat fakültəsində bakalavr səviyyəsində 101, magistratura səviyyəsində isə 7 tələbə təhsil alır. İnstitutun əməkdaşlarının sayı isə 54 nəfərdir.
Qeyd edək ki, tələbələr arasında kadr azlığı olan sahələrə marağı artırmaq üçün adətən universitetin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin kefiyyətinin artırılması istiqamətlərində addımlar atılır.
Məsələn, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbə sayının artırılması və təhsilin stimullaşdırılması məqsədilə kadır çatışmazlığı olan bir sıra ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir.
Burada tədrisi ingilis dilində olan qruplar yaradılıb və universitetin nəzdində tələbələr üçün ödənişsiz ingilis dili, kompüter və dizayn kursları yaradılıb. Bunlar universitetin reytinqinin qaldırılması, təhsilin kefiyyətinin artırılması, eləcə də tələbələrin marağını cəlb etmək üçün görülən ənənəvi tədbirlərdir.
Aİİ-də də təhsil yalnız dövlət sifarişi hesabına təşkil edilir, lakin ADAU tələbələri dövlət büdcəsindən qanunla müəyyən edilmiş təqaüdlərdən əlavə heç bir vəsait almırlar.
Azərbaycanda tələbələrin sosial müdafiəsini gücləndirmək məqsədilə təqaüd alan tələbələrin kateqoriyası və təqaüdlərin miqdarı prezidentin sərəncamı ilə müəyyən edilir, amma bu sənəddə yemək xərclərinin dövlət hesabına qarşılanması üçün ödəmələr nəzərdə tutulmayıb.
Aİİ tələbələrinə əlverişli şəraitin yaradılması pozitiv diskriminasiya görüntüsü yarada bilər. Amma pozitiv diskriminasiya cəmiyyətdəki irqinə, cinsinə və s. görə çox vaxt haqsız davranılan qruplara üstünlük vermək hərəkəti kimi başa düşülür.
Aİİ tələbələri isə məhz Aİİ-nin tələbəsi olduğu, yaxud da dini təhsilli kadr olduqları üçün ayrı-seçkiliyə məruz qalmır. Buna görə də onlar da bütün digər tələbələrin sahib olduqları eyni haqlardan istifadə hüququna malikdirlər.
Aİİ tələbələrinə əlverişli şəraitin yaradılması digər tələbələrə münasibətdə həm də “bərabər imkanlar” konsepsiyasına ziddir.
Birləşmiş Krallıq Bərabərlik Aktında verilən təfsirə görə, eyni statuslu şəxslər üçün bərabər imkanlar yaradılmaması və ya bir qrupa daha çox üstünlük verilməsi bərabər imkanlar prinsipinin pozulması ilə müşahidə edilən diskriminasiyadır.
Azərbaycanında tərəfdaş çıxdığı Avropa Sosial Xartiyasına görə, dövlət sosial təminat sisteminin tədricən daha yüksək səviyyədə qaldırılmasına nail olmalıdır.
Bununla yanaşı, Xartiyada ifadə edilmiş hüquqların yerinə yetirilməsi irqi mənsubiyyətinə, dərisinin rənginə, cinsinə, dilinə, dini, siyasi və digər məsləkinə, sağlamlığına, hər hansı milli mənsubiyyətinə, doğma və ya digər status əlamətlərinə görə ayrı-seçkilik qoymadan təmin edilir.
Xariytanın V hissəsinin “E” bəndində qeyd olunur ki, yalnız obyektiv və məntiqi əsaslara söykənən fərqləndirici yanaşmaya ayrı-seçkili yanaşma kimi baxılmamalıdır. Nazirlər Kabinetinin qərarında Aİİ tələblərinə aylıq 60 manat ödənilməsinin obyektiv və məntiqi əsaslandırması qeyd edilməyib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Aİİ tələbələrinin aylıq yemək xərclərinin ödənməsi ölkədə kadır çatışmazlığı olan digər sahələrdə təhsil alan tələbələrə münasibətdə ayrı-seçkilik xarakteri daşıyır.