TAHIRƏ QÜRRƏTÜL-EYN VƏ BƏDƏŞT KONFRANSINDA QOPMUŞ “FIRTINA”

17-09-2020, 00:08           
TAHIRƏ QÜRRƏTÜL-EYN VƏ BƏDƏŞT KONFRANSINDA QOPMUŞ “FIRTINA”
Qürrətül-Eyn kimi bir qadının meydana çıxması istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır– xeyr, demək olar, bir möcüzədir. Məftunedici gözəlliyi ilə bərabər, nadir intellektual qabiliyyəti, atəşli bəlağəti, qorxmaz sədaqəti, şərəfli şəhidliyi ilə o, öz həmvətənləri arasında bənzərsizliyi və ölümsüzlüyü ilə irəli çıxır. Əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəmanı doğurması kifayət edərdi.” İngilis şərqşünası E.Braun

“O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, o qədər ki, Həvvadan tutmuş onun doğulacaq son qız övladına qədər, bu nəcib icmanın (müsəlman) hər bir üzvünün, Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən, gözləri yaşaracaq və o qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül-Eyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriy-yətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə…” . Türk yazarı Süleyman Nazif

1848-ci ilin iyun-iyul ayları idi. Seyyid Əli Məhəmməd Babınardıcılları Xorasan-Mazandaran yolunun üstündə Bədəşt kəndinə toplanmışdılar. Konfransda Xorasan, Mazandaran və Azərbaycandan olan 81 babi iştirak edirdi: 80 kişi və birqadın –Tahirə Qürrətülyn. Birinci dəfə idi ki, babilərinməşhur adamlarından ibarət qrup bir araya gəlib hərəkat qarşısında duran məsələləri müzakirə edirdilər.

Konfransda əsas məsələ zindana salınmış Babın taleyi idi. Lakin digər suallar da var idi ki, öz cavablarını tələb edirdi: babilik sadəcə İslamın yenidən canlandırılması səyi idi, yoxsa İslamdan asılı olmayan ayrıca bir vəhy tsikli yaratmaq istəyirdi? Seyyid Əli Məhəmməd kim idi – “Bab” (imamla mömünlər arasında vasitəçi), “On ikinci İmam”, yoxsa “Nöqteyi-Üla” (Allahın Rəsulu)? Bu və digər suallara kim cavab verəcəkdi?

Konfransın ikinci həftəsi Tahirə toplantının ortasında çadrasını atır və silahdaşlarına bu sözlərlə müraciət edir:“İsrafilin suru çalınır! Külli Zühur indi elan olundu! Mən Qaimin bəyan edəcəyi sözəm, o söz ki, yer üzünün başçılarını və əsilzadələrini qaçmağa məcbur edəcək. Bu gün bütün dini vacibatlar aradan qaldırılır və namaz, oruc və salavat əbəsdir. Bab yeddi səltənəti fəth edəndə və müxtəlif dinləri birləşdirəndə o yeni şəriət gətirəcək və öz Müqəddəs Kitabını icmaya təqdim edəcək. Onun əmr etdiyi hər bir mükəlləfiyyət yer üzünün insanları üçün məcburi olacaq. Ona görə də özünüzü dəyərsiz şeylərlə yükləməyin. Namaz və ibadət vaxtı keçmişdir, bu oyunu yığışdırın. İndi fədakarlıq və özünü həsr etmə meydanında döyüşə hazırlaşmaq vaxtıdır”

Konfrans iştirakçılar üçün bu əsl dəhşət idi: qarşılarında durmuş bu çadrasız qadın, üstəlik onun İlahi məqamlara iddiası və İslam şəritətini ləğv etməsi. Həmin çadırda toplanmış inananlar vahimələndilər, hər biri özündən soruşdu, “Şəriət necə ləğv oluna bilər? Bu necə ola bilər ki, qadın burada çadrasız dayansın? Məgər Bab Allahın rəsuludur?”.

Mənzərə çox dramatik idi və onun nə ilə sonlanacağı naməlum idi: gözləri qanla, qəzəblə və nifrətlə dolmuş kişiyığını və onların qarşısında durmuş və ağzında küfr tökülən çadrasız qadın....

Qızcığaz

1817-ci ildə Fatimə Baraqani kimi çox dindar bir ailədə doğulmaqla onun nə qədər taleyi olmuşdusa, o qədər də adı vardı. Ümmi Səlimə, Zərrintac, Bente-Taleh (şeytanın qızı), Hind, Zəkiyyə, Nöqtə, Tuti, Qürrətül-Eyn Tahirə, bunlar hələ yalnız onun ləqəbləridir. Uşaqlıqdan özünə diqqət cəlb edən bir qız idi. Yaşıdları kimi, özünü oyun və əyləncələrlə məşğul etmək əvəzinə, o saatlarla atasının ilahiyyat üzrə müzakirələrinə qulaq asardı. Atası Molla Saleh Quran və hədislər barədə geniş biliklərə malik üləma, yüksək məqamlı din xadimi idi. Əvvəlcə atasından, sonra isə müəllimdən təlim alaraq Tahirə öz təhsilini ilahiyyat, Quranın təfsiri, fiqh, fars və ərəb ədəbiyyatı üzrə davam etdirdi və onun bu təhsili o zamanın qadınları üçün qeyri-adi bir təhsil idi. Onun çevik zəkası bütün İslam elmini çox sürətlə və heç bir çətinlik çəkmədən mənimsədi və tezliklə o, ən mücərrəd və dərki çətin məqamların müzakirəsində iştirak etdi. Hədislərdə onun üçün gizli qalan heç bir məqam yox idi. Onun nüfuzu tezliklə Qəzvinə yayıldı və həmşəriləri ona möcüzə kimi baxmağa başladılar. O həm elmdə, həm də gözəllikdə qeyri-adi idi. Bu qızcığaz böyüdü və gənc bir qız oldu və onun üzü elə bir gözəllik saçmağa başladı ki, ona Qürrətül-Eyn adı verdilər ki, o da “gözlərin təsəllisi “kimi tərcümə edilir. Daha sonralar paklığı, isməti ona Tahirə (yəni pak) adını qazandırdı.

Qardaşı Əbdülvəhhab Qəzvini onun haqqında bunları yazmışdı: “Onun biliyi bizi o qədər qorxudurdu ki, bizim heç birimiz, nə qardaşları, nə də əmisi uşaqları onun yanında danışmağa cürət etmirdik..”.

Hələ çox gənc ikən o, şəhərin imamcüməsi olan əmisinin oğlu ilə evləndi. Bu nigahdan iki oğlu və bir qızı oldu. Bir gün o, xalası oğlu Molla Cavadın evində qonaq idi, xalası oğlunun kitabxanasında Şeyx Əhməd Əhsainin bəzi yazılarına rast gəldi. Tahirə o yazıları qaytarmaq şərtilə evə götürməyə icazə istədi. Molla Cavad kəskin etiraz etdi və dedi: Sənin atan Şeyx Əhmədlə Şeyx Kazımın düşmənidir. Əgər o hətta təsəvvür etsə ki, bu iki böyük Şəxsiyyətin sözləri sənin yoluna çıxıb, o mənə qəsd edər, sən də onun qəzəbinə tuş gələrsən.” Tahirə belə cavab verdi: “Uzun zamandır ki, mən bunlar üçün susuzam; bu izahları, bu batini mənaları axtarmışam. Bu kitablardan səndə nə varsa, mənə ver. Əgər atam qəzəblənərsə, buna fikir vermə.”

Bir gecə Tahirə atasını kitabxanada tapdı və onunla Şeyx Əhmədin təlimlərindən danışmağa başladı. O atası ilə qızğın müzakirələr apararaq Qiyamət və Məşhər Günü, Məhəmmədin Meracı, Vəd Olunmuşun Gəlişi kimi mövzular üzərində mübahisə etdi. Molla Salehin qəzəbi püskürdü və o qışqırıb dedi: “Cavad sənin ruhunu azdırıb!” Tahiriə cavabında dedi: “Mərhum Şeyx Allahın həqiqi alimi idi, onun kitablarını oxumaqla mən sonsuz ruhani həqiqətlər öyrənmişəm. Bundan əlavə, o bütün dediklərini Müqəddəs İmamların hədisləri ilə əsaslandırır. Sən özünü arif və Allah adamı adlandırırsan, qardaşın Molla Tağını alim və mömin sayırsan – amma sizin heç birnizdə mən o keyfiyətlərin izini belə görmürəm!”

O zamandan etibarən o atası ilə mübahisə və müzakirə etməyi dayandırdı. O, Seyyid Kazımla mürəkkəb ilahiyyat məsələlərinin həlli barədə gizli məktublaşmaya başladı və beləliklə iş elə gətirdi ki, Seyyid ona Qürrətül-Eyn (gözün təsəllisi) adı verdi; Tahirə (Pak) ləqəbi ilə birinci dəfə o, Bədəştdə tanındı və sonradan Bab tərəfindən yazılı Lövhlərdə təsdiq olundu.

O, Seyyid Kazımla görüşmək ümidi ilə Kərbəlaya yola düşdü, lakin çox gec gəlib çatdı. Tahirə o şəhərə çatandan on gün əvvəl o vəfat etmişdi. Ölümündən bir az əvvəl Seyyid öz şagirdlərinə bildirmişdi ki, vəd olunmuş Zühur yaxındadır. Beləliklə, onun ən görkəmli ardıcılları Kufə Məscidində toplaşdılar, bu zaman bəzilər Zühuru Kərbəlada gözləyirdilər. Tahirə də bunların arasında idi. O, gündüzlər oruc tutur, dini ibadətləri yerinə yetirir, gecələri oyaq qalır, dua oxuyurdu. Bir gecə səhərə yaxın o başını yastığa qoyduvə yuxu gördü; yuxuda bir gənc Seyyid göydən ona nazil oldu. O ayələr oxuyur, dualar edirdi. Tahirə həmin ayələrdən birini əzbərlədi, ayılanda onu öz dəftərində yazdı. Bab Özünü elan edəndən və Onun birinci kitabı, “Əhsanül-Qisəs” yayılandan sonra, bir gün Tahirə onun bir bölməsini oxuyanda yuxuda yazdığı həmin ayəyə rast gəldi. Dərhal Baba iman gətirdi.

Bu gözəl müjdə ona Kərbəlada çatdı və O dərhal təbliğə başladı. 1260-cı ilin məhərrəm (1844 yanvar) və 1262-ci ilin şaban (avqust 1846) ayları arasında Kərbəlada olarkənQürrətül-Eyn ardıcıllarının sayını genişləndirməyə müvəffəqoldu. O,“Əhsənül-Qisəs”i tərcümə edib Fars və Ərəb dilində şərh yazdı, qəsidə və şeirlər yaratdı. Kərbəlanın üləmalarıöyrənəndə ki, bir qadın insanları yeni bir dinə çağırır və artıq əhəmiyyətli sayda insanlara təsir edib, onlar hakimin yanına getdilər və şikayət etdilər. Onların ittihamları Tahirəyə azğın hücumlara və onun əzab-əziyyətinə səbəb oldu. Hakim onun evinə gözətçilər qoydu. Üç ay ərzində O, mühasirədə, tam təcrid olunaraq evini sarmış keşikçilərin əhatəsində yaşadı. Hakim sonra onun getməsinə icazə verdi, o da üç qadının müşayiəti ilə yola çıxdı. Bağdadda o əvvəlcə Şeyx Məhəmmədin evində qaldı. Amma onun ətrafındakı insanların təzyiqi o qədər böyük idi ki, o başqa bir məhəlləyə köçdü, gecə və günüz Babın təliminin yayılması ilə məşğul oldu. O, bütün şəhərdə tanındı və orada böyük bir vəlvələ qalxdı. Hərçən Babın birinci on səkkiz həvvarisi arasında yeganə qadın idi və onunla üz-üzə görüşməmiş həvvari idi, amma qısa bir zaman sonra hərəkatın ən nüfuzlusimalarından birinə çevrildi.

Tahirə, Kazımeynin üləmaları ilə də yazışırdı; O onlara təkzibedilməz sübutlar gətirdi, inandırıcı dəlillər təqdim etdi. Nəhayət o şiə üləmalarına xəbər göndərərək dedi: “Əgər siz bu qəti dəlillərlə qane olmursunuzsa, onda mən sizi mübahisəyə çağırıram.” Belə olanda üləmalar böyük etirazlar qopardı. Hakim Tahirəni və onun qadın müşayiətçilərini Bağdadın müftisinin evinə göndərməyə məcbur oldu. Orada o, üç aya qədər qaldı. Bir gecə Tahirənin yanına qasid gəlib dedi: “Sultan əmr edib ki, səni azad etsinlər, lakin bir şərtlə ki, sən bu diyarları tərk edəsən. Ona görə də sabah get və səfərə hazırlaş və bu ölkədən çıx get.”

Şəhəri tərk edəndə bir sıra ərəb inananlar, əli silahlı onların dəstəsinin arxasınca getdilər. Yol boyu o haradan keçirdisə, daha çox iğtşaş baş qaldırırdı. Kərənd kəndində təxminən 1200 nəfər dərhal ona tərəfdar olduqlarını bildirdilər. Onlar Kirmanşaha çatanda, qadınlar bir evə, kişilər isə başqa bir evə ayrıldılar, sakinlər davamlı axınla gəlib yeni Din haqqında məlumat almaq istəyirdilər. Hər yerdə olduğu kimi, burada da üləmalar hiddətlənmişdilər və tələb etdilər ki, yeni gələnlər qovulsunlar. Nəticədə kəndxuda bir dəstə adamla Tahirənin evini mühasirəyə aldı və onu talan etdi. Sonra Tahirəni və onun yoldaşlarını örtüksüz kecavəyə oturdub şəhərdən çıxardılar və əsirləri biyabdanda heç nəsiz buraxdılar. Qurbanlar çölün ortasında yalnız buraxıldılar, nə yemək, nə sığınacaq, nə də yol getmək üçün bir vasitə vardı.

Tahirə dərhal o yerin şahzadəsinə məktub yazdı: “Ey adil Hakim! Biz sizin şəhərinizdə qonaq idik. Siz qonaqlarınızla beləmi rəftar edirsiniz?!”. Onun məktubunu Kirmanşaha gətiriləndə o dedi: “Mənim bu ədalətsizlikdən xəbərim yoxdur. Bu fitnə-fəsadı üləmalar törədiblər.” O, vaxt itirmədən kəndxudaya əmr etdi iki, yolçuların bütün əşyalarını qaytarsınlar. O məmur oğurlanmış şeyləri lazımı qaydada təslim etdi. Yolçular öz səfərlərinə davam etdilər.

Onlar Həmədana gəldilər. Şəhərin ən münəvvər xanımlarıonları ziyarət edər, Tahirənin dediklərindən faydalanmaq istəyirdilər. Həmədanda o müşayiətçilərin bir hissəsini buraxdı və onları Bağdada göndərdi, bəzilərini isə özü ilə Qəzvinə götürdü. Yolda gedəndə Tahirənin Qəzvindən olan qohumları onların qarşısına çıxdı və onu atasının evinəapardılar. Tahirə tezliklə atasının evini tərk edib vəqardaşının evinə köçdü. Qaynatası Molla Tağının öldürülməsinə qədər orda qaldı.

Tahirə İrana qayıtdıqdan sonra sadəcə bir qadın natiq deyildi. O öz haqqı ilə həm də bir mütəfəkkir idi. O yalnız dini məsələlər barədə geniş müzakirələr aparıb meydan oxumurdu, o indi cəmiyyətə əks çıxırdı. Dünya barədə dərin baxışına malik olmaqla, inanırdı ki, yeni era başlanmaqdadır. O, sadəcə kişi din xadimlərinin sferasına daxil olmurdu, həm də bunun arxasında dayanan ehkamlara meydan oxuyur və onları dağıdırdı. Ailəsinin, xüsuilə də ərinin ənənəçiliyi Tahirənin islahatçı baxışları ilə cərt toqquşurdu.

Molla Tağının öldürülməsi bu cur oldu: bir gün o minbərdəŞeyx Əhməd Əhsayini ələ salıb söydü. Dinləyənlər arasında Şirazdan bir nəfər araşdırıcı vardı. O bu sancmalara və nalayiq sözlərə tab gətirə bilmədi. Gecənin qaranlığında özünü məscidə saldı, nizəni Molla Tağının başının arxasına soxdu və qaçdı. Səhərisi gün şəhərdəki babilər həbs edildilər, onları dəhşətli işgəncələrə məruz qoydular, halbukibaş verənlər barədə heç nə bilmirdilər. Bir neçə gün keçdikdən sonra qatilin özü təslim oldu və günahını etiraf etdi və dedi ki, o, Molla Tağını Şeyx Əhmədi söydüyü üçün öldürüb.

Qaynatası Molla Tağının öldürülməsindən sonra Tahirə də qətlin əsas təşkilatçılarından biri kimi saxlanıldı və şiddətli sıxıntılara düşdü, əri onu boşadı, uşaqları əlindən alındı. Tezliklə tərəfdarları onu qaçırmağa müəffəq oldular və onu gecə Tehrana çatdırdılar. Qürrətül-Eyn Nəsrəddin şahın sarayına çağrıldı. Şah onu gördükdə onun gözəliyinə vuruldu. O əmr etdi: “Buraxın onu. Mən onun gözəlliyini sevirəm”.

Bundan sonra Nəsrəddin şah ona sifariş göndərdi ki, əgər yeni dinə imanınından imtina etsə, ona evlənər və onu ən sevimli xanımı edər. Cavabında Qürrətül-Eyn aşağıdakı cavab şeirini göndərdi:

Sən hakimiyyət və səltənət düşkünü,

Mənsə iman və yoxsulluq düşkünü,

Gər hakimiyyət və səltənət seçilsə

Onlar halalın olsun.

Əgər dərvişin yolu bəyənilməzsə,

Mən cəzaya etiraz etmirəm.

Bu cavabdan şah susdu.Tahirə bir müddət Tehranda qalıbBədəştə yola düşdü.....

Bədəştdə fırtına

Babi hərəkatına qoşulanlar arasında Quddus və onun yoldaşları Məşhəddə Qara Bayraq qaldırmaq istəyirdilər. Lakin onlar qızışmış anti-babi iğtişaşlarının təsiri altında şəhərdən çıxarıldılar və İranın şimal-şərqinə tərəf getdilər. Tehrandan gələn Qürətül-Eyn və onun yoldaşları isə Quddusun qüvvələrinə qoşulamq üçün Xorasana gedirdilər. Onlar Mazandaran-Xorasan yolunda Quddus qrupuna rast gəldilər, iki qrup birləşdilər və qərara aldılar ki, Bədəşt ətrafında toplaşsınlar və sonrakı aqibətlərini müzakirə etsinlər və hərəkatın gələcək strategiyası haqqında bir sıra məsələlərə baxsınlar.

Birinci məşvərətin mövzusu Babın dustaq olması idi. BabilərMakuya ziyarət təşkil etmək barədə razılığa gəldilər. Onlarölkəyə səpələnməli, mümkün olan qədər çox ziyarətçi toplamalı və dəstə düzələn kimi Babın məhbəs olduğu yerə getməli idilər. Son nəticədə, bu səfər məhbusun azad olunması ilə nəticələnməli idi.

Dörd il hərəkatda fəal iştirak etmələrinə baxmayaraq, babilər hələ də özlərini İslamdan kənar görmür, öz hərəkatlarına hədislərdən izahatlar tapmağa cəhd edirdilər.Tahirə, Quddus və Bəhaullah tez-tez üçlükdə görüşür və saatlarla öz aralarında müzakirə edirdilər. Onlar bir nöqtədə yekdil idilər ki, Bab ondan əvvəl gəlmiş peyğəmbərlərdən daha böyükdür, necə ki Məsih Musanın qanununu aradan qaldırdı, necə ki Məhəmməd Məsihin qanununu aradan qaldırdı, eləcə də Bab Quranın qanununu aradan qaldırmışdır. Görüşlərin birində Tahirə dedi: “Allah Özünü zahir etmişdir və əvvəlki din aradan qaldırılmışdır; köhnə qanun ləğv edilmişdir; biz insanlar arasında yeni qanununu yaymalıyıq.”

Sonra Tahirə bildirdi ki, bu Müjdədən xəbəri olmayan cahil babiləri bu təlim barədə məlumatlandırmağın zamanıdır.Quddusun nəzərincə, ardıcıllar hələ də səmimi müsəlmanlar idi və onların xəyallarını dağıtmaq təhlükəli ola bilərdi. Qürrətül-Eyn cavab verdi ki, bu təlimlərin izahatını təxirə salmaq qalçılmaz olan bir şeyi sadəcə gecikdirməkdir; Quddus və Bəhaullah bu fikirdə idi ki, elə ilk sözlərdən onları Quranın əleyhinə olan insanlar hesab edəcəkdilər, onları küfrdə ittiham edəcək, üzərlərinə lənət və təhqir yağdıracaqdılar və bu da baş verənlərin ən pisi olmayacaqdı.​

Tahirə Quddus və Bəhaullaha vəziyətdən çıxışla bağlı öz planını açır: “Biz sabah hamını çağıracağıq. Quddus yığıncağa qatılmasın. Möminlər toplaşanda, mən bütün həqiqəti onlara açacağam. Mən Allahın Zühurunu vəQuranın qanununun aradan qalxdığını onlara başa salacağam. Əgər insanlar bunu qəbul etsələr, biz çətinlik çəkmədən məqsədimizə çatacağıq; əgər əksinə, onlar qalmaqal salsalar və qalxsalar, onlar gedib bu toplantıda iştitrak etməyən yeganə rəhbərlərinə məlumat verəcəklər. Onda Quddus məndən imtina edəcək, məni imansız elan edəcək, və məni İslama qayıtmağa məcbur etməyə cəhd edəcək. Bu bir neçə gün davam edəcək, bu zaman bizim o həyəcanı sakitləşdirməyə və insanları inandırmağa vaxtımız olacaq. Əgər biz müvəffəq olmasaq, onda mən Quddusun dəlillərini qəbul edəcəm və Qurana qayıtmış kimi özümü aparacağam”.

Belə bir planın üzərində yaxşıca düşündükdən sonra, Tahirə, Quddus və Bəhaullah bir daha əmin oldular ki, bu babiləri ayıltmaqdan ötrü ən yaxşı vasitədir. Hər üçünün həyatı əslində böyük təhlükə altında idi. Sabahısı gün düşərgədə hər gün edildiyi kimi, babiləri moizəyə çağırdılar. Hər kəs bilirdi ki, Tahirə danışacaqdı. Quddusdan başqa hamı görüşə gəlmişdi.

Qürrətül-Eyn həmişə pərdə arxasından danışardı. O gün o ən gözəl libaslarını geyindi, ən bahalı zinətlərini taxdı. Əmr etdi ki, iki nəfər qulluqçusu əllərində qayçı onun arxasında dayansınlar. Onun işarəsi ilə, onlar parçanı saxlayan ipləri kəsəcəkdilər və pərdə bircə hərəkətlə yerə düşəcəkdi.

O öz mühazirəsinə başladı: o dərəcədə həyəcanlanmışdı ki,əvvəllər heç vaxt bu qədər bəlağətli və inandırıcı danışmamışdı. Onun səsindən ovsunlanmış dinləyicilər ona dərindən qulaq asırdılar. O bu sözləri: “Sizin hamınız bu gün bilməlisiniz ki, Allah özünü zahir edib və Quranın hökmü aradan qaldırılıb: bizə göydən yeni kiitab nazil olub və bizə yeni qanun verilib,” deyən anda razılaşdırılmış işarəni verdi. Kənizlər onun işarəsinə əməl etdilər, pərdə düşdü, parlaqlığı ilə o dinləyicilərin qarşısında göründü. O bircə saniyə nə baş verməsini öyrənirmiş kimi xidmətçilərə tərəf dönəndə dərhal kütlə ilə qarşılaşdı. O dedi. “Bu vacib deyil, mən sizin bacınız deyiləmmi, sizsə mənim qardaşlarım? Bir bacı nə vaxt üzünü qardaşından gizlədib?”

Lakin bu hadisənin yaratdığı təsir çox dərin oldu. Bəziləri əlləri ilə üzlərinə döydülər, digərləri yerə sərildilər, bir başqaları da başlarını öz əbaları ilə örtdülər ki, Tahirənin üzünü görməsinlər. Bəziləi onu mürtəd adlandırdılar. Br nəfər onu qılıncla vurmaq istədi, Əbdül-Xaliq İsfahani adlı şəxs gördüklərindən dəhşətə gəlib, çaşmış halda öz əlləri ilə boğazını kəsdi.

Tahirə heyrətdən və nifrətdən sifətləri qaralmış fanatik kütlənin arasında gəzərək və onları öz qardaşı adlandıraraq inandırmağa çalışırdı ki, Quranın qanunları aradan qaldırılmışdır, qadınların çadra örtməsinə hökm edən qanun ləğv edilmişdir. Lakin o müvəffəq ola bilmədi. Ancaq bir neçə nəfər ona inandı. Bu səhnənin çox uzandığını və bunun faciəyə dönə biləcəyini başa düşən Bəhaullah öz əbasını Qürrətül-Eynin üzərinə atdı və onu öz çadırına yola saldı.

Görüş təsvir olunmaz bir həyəcanla başa çatdı. Özünü bu cür aparan, üzüaçıq qadının üzərinə təhqirlər yağmağa başladı. Bəziləri deyirdilər ki, o dəli olub, digərləri deyirdilər ki, bu bir fitnə idi, çox az bir qismi, Tahirə ilə gəlmiş bəzi nümayəndələr onun müdafiəsinə qalxdılar. Müzakirələr zorakılıq həddinə qədər qızışdı, nəhayət qərara aldılar ki, gedib qalmaqal barədə Quddusa xəbər versinlər. Ancaq Tahirəni müdafiə edənlər onun çadırının yanında qaldılar.

Quddus etirazçıları qəbul etdi və təfərrüatları söyləmələrini istədi. Beləcə o Qürrətül-Eynin hərəkətindən fanatik müsəlmanlarda (babilərdə) yaranmış dəhşəti başa düşəbildi. O, bəyan etdi: “Bu hadisə özlüyündə mənim üçün izaholunmazdır və məni çaşdırır. Əgər Tahirə o cür hərəkəti və danışığı ilə öz inamını ifadə etmək istəmişsə, o kafirdir və siz bundan sonra onu elə də qəbul etməlisiniz. Amma çox güman ki, bütün bunlarda gizli bir məna vardır.”

Quddusun ümid etdiyi kimi, bu son sözlər onu eşidənlərin bütün fikirlərini məşğul etdi. Onlar ehtirasla batini məqsədi, sirli mənanı axtarmağa başladılar və o andan etibarən müzakirə üçün bir əsas ortaya çıxdı. Quddus hər gün keçdikcə məharətlə şübhə toxumlarını öz tərəfdarlarının ruhuna yeritdi. “Şübhəsiz ki,” o dedi, “çadra daha çox adətdir, nəinki qanun; Peyğəmbərin özünün zövcələri çadra örtmürdülər, ta o vaxtadək ki, bir ərəb Aişəni Məhəmməddən almaq kimi bir cahil istəyini ifadə etməmişdi və düşünmək olar ki, Quranın müvafiq hökmü ancaq bu təmiz zövcələrə aiddir. Lakin bu adətə qədimliyinə görə ehtiram olunur, bundan da əlavə, bizim zövcələrimizin ismətini və ailələrimizin təmizliyini qoruyur. Yəqin ki, əgər bunun əksi olan bir adət özünə yer etmiş olsaydı, kişilər ona çox tez öyrəşəcəkdilər və ondan sonra onların ticarət etmək qadağan olan insanlara hörmət edəcəkdilər. Bu hətta bizim böyük şəhərlərimizin tənəzzül etmiş adətlərini yaxşılaşdırardı. Amma kimsə necə cürət edib deyə bilər ki, Quran aradan qaldırılmışdır və yeni qanunla onu əvəz etmək istəyir? İlahi Kitabda məchul qalan hər şeyi Mehdi izah etməlidir, onu geniş izah etməlidir, məhv etməli deyil. Qürrətül-Eyn kafirdir.”

Qürrətül-Eyn də yerində sakit oturmurdu. O, ona sadiq qalanları ətrafına topladı, onların sayı ilk gündən artırdı. O onlara yeni ehkamı izah etdi, Babın ilahidən olmasını onlara nümayiş etdirdi, Quddusu və onun tərəfdarlarını mürtəd elan etdi. Onun bənzərsiz istedadı, onun ecazkar gözəlliyi ona hücum edənlərin inamı üzərində qələbə çaldı.

Quddus ona son hücum üçün vaxtın gəldiyini bildirəndə, Tahirə ölməyə hazır olan iki nəfər istədi. İki gənc insan ortalığa çıxdılar və Qürrətül-Eyn onlara təlimat verdi. Onlar düşmən düşərgəsinə getdilər və Quddusun gündəlik moizə oxuduğu vaxt oraya gəldilər. Onlar onun nitqini kəsdilər vəqışqırdılar: “Tahirə sizi töhmətləndirir ki, onunla üzbəüz mübahisəyə çıxmağa cürət etməyərək onun haqqında pis sözlər danışmısınız. O sizi çağırır ki, onun düşərgəsinə gələsiniz və camaat qarşısında ağıl və həqiqi dəlillərə əsasən onunla mübahisə edəsiniz. Əgər siz ona qalib gəlsəniz, o bunu etiraf edəcək və sizə itaət edəcək; əgər əksi olsa, o sizə qalib gəlsə, siz ona təzim və itaət edəcəksiniz.”

​“Xeyr”, - Quddus dedi,- Bu qadın öz dinini tərk etmişdir: Mən nə onu görmək, nə də onunla danışmaq istəyirəm.”

“Təbii ki, biz belə təhqiramiz cavabı ona aparmayacağıq,” - onlar dedilər. “Ona görə də o burada bizə üç alternativ yol qoymuşdur: Ya biz sizi ona öz xoşluğunuzla aparacağıq; əgər imtina etsəniz, sizin başınızı aparacağıq; yox, əgər biz bunu edə bilməsək, buna nail olmaq üçün özümüz öləcəyik. Biz bu əmrləri almışıq, və onları yerinə yetirmək üçün burda-yıq. Ona görə də seç: ya gəl, ya öl, ya da bizi öldür.”

Quddus öz yoldaşlarına tərəf döndü və onlara dedi: “Siz cavab verməlisiniz: Əgər siz mənə öldür desəniz, mən öldürəcəyəm; Əgər siz mənə öl desəniz, mən öləcəyəm; Əgər siz desəniz get, mən gedəcəyəm.”

Burada canlı bir müzakirə başladı, lakin qərar özünü çox gözlətmədi: “Belə bir qərar verildi: “get, Tahirəni tap və onunla danış; bu öldürməkdən və ölməkdən yaxşıdır.”

Belə olduqda Quddus ayağa qalxdı və adamları ilə Tahirənin çadırına getdilər. Hamı öz yerini tutduqdan sonra, Tahirədüşmənlərinin qarşısında oturdu və bir an öncə müzakirələr başladı. Qurandan və hədislərdən gətirdiyi iqtibaslarla oİmamın vəzifələrini çox uğurla göstərdi: Onun vəzifəsi Allahın adından verilmiş bütün ilahi həqiqətləri danışmaq idi, bu rolun əzəməti qarşısında əvvəllər gəlmiş bütün peyğəmbərlərin, o cümlədən, Məhəmmədin, məqamları tamamilə ortadan qalxırdı.

Məğlub olmuş Quddus qalxdı və bəyan etdi: “Onun dediyi Həqiqətdir, onun etdiyinə isə afərin.” Sonra o Tahirəyə tərəf döndü və etdiyi xəta və küfrlər üçün üzr istədi. Onun bütün adamları da onun kmi etdilər və beləcə, hamının bölüşdüyü şövq və şadlıq içində yeni din bərqərar oldu.

Sevinc və qarşılıqlı təbirklərə həsr olunmuş bir neçə gündən sonra konfrans iştirakçılar Bədəşti tərk etdilər. Babilərin nəzərincə, Tahirə öz mövqeyinə görə Quddusa qalib gəldi. Quddus etiraf etdi ki, İslam qanunları aradan qaldırılmışdır. Onların barışığı o qədər tam oldu ki, onlar Bədəşti eyni kəcavədə tərk etdilər. Onlar Niyala kəndinə yaxınlaşanda çadrasını atmış bir qadının bir kişiniin anında oturub ucadan şeir deməsindən qəzəblənərək qaragüruhu onların əleyhinə qaldırdı. Bunun nəticəsində baş verən toqquşmada bir neçə nəfər öldü, babilər isə müxtəlif istiqamətlərdə dağılışdılar.

Beləliklə, Bədəştdən əvvəl heç bir yerdə açıq bəyan olmamışdı ki, Bab Yeni Dinin, yeni dövrün başlanğıcını qoymuşdur. Məhz orada babilər Quranın və İslamın hökmlərinin aradan götürüldüyünü birinci dəfə açıq və kollektiv şəkildə bildirdilər. Onlar Babiliyi islamın qolu deyil, müstəqil bir dini kimi elan etdilər. Əslində məhz Tahirə yeni dini elan etdi və rəmzi olaraq çadrasını atdı və beləliklə yeni eranın gəldiyini müjdələdi.



Tahirənin edamı



1850-ci il 9 iyulda şahın əmri iıə Babı edam etdilər. İki il sonra kiçik bir qrup babi şaha sui-qəsd etməklə qisas almaq istədilər. Bu cəhd alınmadı, bundan sonra babilərin ümumi qətliyamı başladı. Tahirə də həbs olundu. Onu Mahmud Xan Kələntərin nəzarətinə verdilər və 1852-ci ilin avqustunda edam olunana qədər o evdə qaldı. Onun dustaqlığı çox sərt deyildi və ayrı-ayrı babilər onu müxtəlif bəhanələr altında görə bilirdilər. Hökumət Tahirəni də edam etmək qərarına gəldi. İki baş müctəhid – Molla Əli Xani və Moll Məhəmməd Əndirmani tərəfindən istintaq edildikdən sonra Tahirəyə ölüm hökmü çıxarıldı. Bu iki kişi ilə dustaq arasında səkkiz görüş keçirildi. Tahirə ehtirasla söhbət apardı və təsdiq etdi ki, Bab vəd olunmuş və gözlənilən Kəsdir. O həqiqəti ortaya çıxararaq yeni ehkamı bəyan etdi.

Sonda Hacı Molla Əli ayağa qalxdı və yoldaşına üz tutaraq dedi: “Bir kafirlə çoxlu müzakirələr aparmağın nə faydası olacaq?” Onlar onlardan birinin evinə qayıtdılar və onun dindən döndüyünü və tövbə etməkdən imtina etdiyini təsdiq edən bir hökm çıxararaq Quran adı ilə onu ölümə məhkum etdilər.

Kələntərin evindəki xidmətçi qadın Qürrətül-Eynin qısa müddət orada müvəqqəti qalmasını belə təsvir edir: Dustağın belə bir adəti vardı ki, o, hələ hamının yatdığı bir vaxtda səhərlər yuxudan qalxardı. O dəstəmazını alır, bu zaman xəfifcə dualar oxuyur və Allahı tərif edirdi. Gün ərzində otağından çıxmazdı və o otağı çox təmiz saxlayardı. Onun əvvəlcədən icazəsini almadan heç kəs onun otağına daxil ola bilməzdi. O, həmişə gözəl və şux geyinərdi, özünü elə tutardı ki, sanki o bir məclisdə idi. Onu görməyə gələn qadınlar izn aldıqdan sonra onun yanına daxil olar və hamısı da onun gözəlliyinin məlahətindən və bəlağətindən əsir olardılar; onlar sanki ovsunlanar və ona heyranlıqdan özlərini unudardılar.

O dustaq olarkən Kələntərin oğlunun toyu oldu. Toyaşəhərin bütün adlı-sanlı adamlarının xanımları dəvət olunmuşdu. Ailə hər cür əyləncələrlə qonaqları əyləndirməyə çalışsalar da, qonaqlar uca səslə Qürrətül-Eynin onların yanına gətirilməsini tələb edirdilər. Nəhayət o təşrif gətirdi və danışmağa başladı. Xoşladıqları şirin şeyləri unudaraq qadınların gözləri və diqqəti ancaq Qürrətül-Eyndə idi.

Nəhayət bir gecə o otağı tərk etdi, o adətən bunu edərdi. Mən oyaq idim, mən gördüm ki, o, həyətə getdi, orada bütün bədənini yudu. Sonra öz otağına qayıtdı və paltarını dəyişib bəyaz libaslarını geyindi. O zümzümə edərək ətirləndi, mən onu heç vaxt belə məmnun və şad görməmişdim. O evdəki bütün qadınlarla danışdı, və xahiş etdi ki, onun burada olması səbəbilə yaratdığı bütün narahatlıqlara görə onu bağışlasınlar. O, uzun bir səfərə çıxanlar kimi hərəkət edirdi. Bizim hamımız təəccüb içində idik, bunun nə demək olduğunu fikirləşirdik. Gecə düşdü, o çadraya büründü. Biz ağlamağa başladıq, çünki biz onu yaxşılığına və tükənməz xeyirxahllğına görə sevirdik. O isə bizə gülümsəyərək dedi: Bu gecə mən böyük, çox böyük bir səfərə çıxıram.” Elə bu vaxt küçə qapısı döyüldü. “Qaç, qapını aç,” o dedi, “onlar məni aparmaq üçün gəliblər.”

Gələn Kələntər idi. O Qürrətül-Eynin otağına daxil oldu və dedi: “Gəlin, xanım, çünki sizi çağırıblar..” “Bəli,” o dedi, “ mən bilirəm məni haraya aparacaqlar; mən bilirəm mənə nə edəcəklər”. Beləliklə, o, elə həmin geyimdə Kələntərlə çıxıb getdi. Biz bilmədik ki, onu haraya apardılar, ertəsi gün onu edam edənə qədər bunu öyrənə bilmədik.

Kələntərin qardaşı oğlanlarından biri Qürrətül-Eynin ölümü haqqında bu təfərrüatları verir: Hacı Molla Məhəmməd Endermani və Hacı Molla Əli Keninin Tahirəni ölümə məhkum edən fitvasını şaha təqdim edəndə o onun edam olunmasına əmr verdi. Bu sirr möhkəm saxlanırdı və ancaq iki hökumət adamına məlum idi. O gecə mənə göstəriş verildi ki, Kələntərin evindən Elxani bağına qədər polislərdən ibarət gözətçi qoyum. Mən bacardığım qədər öz adamlarıma izahat verdim və dedim ki, bizim rəhbərliyimiz altında olmayan kimsə ortalığa çıxsa, atəş açsınlar. Gün batandan dörd saat sonra, Kələntər soruşdu ki, bütün tədbirlər görülmüşdürmü və mən onu əmin etdikdən sonra o məni öz evinə götürdü. O tək əndəruna girdi və bir qədərdən sonra Qürrətül-Eynlə oradan çıxdı. Kələntər mənə möhürlü bir zərf verib ddi: “Bu qadını Elxani bağına apar və onun təhvil verilməsi barədə qəbzi Əziz Xan Sərdara çatdır.”

At gətirdilər və Qürrətül-Eyn ata mindi. Lakin babilərin nə baş verməsindən duyuq düşmələrindən qorxaraq mən öz kürkümü onun üzərinə elə atdım ki, onu kişi sanardılar. Yaxşı silahlanmış dəstənin müşayiəti ilə biz küçələdən keçdik. Mənin gördüyüm tədbirlərə və mənimlə olan böyük dəstələrə baxmayaraq, mən inanırdım ki, əgər bizə hücum etsəydilər, onların hamısı qaçacaqdı, çünki babilər o qədər qorxu yaratmışdılar.

Biz bağa daxil olanda yüngülləşmiş kimi nəfəsimi dərdim. Dustağı otağa yerləşdirdik, bu otaq dəhlizin altında idi, adamlarıma tapşırdım ki, qapıya yaxşı baxsınlar, özüm isə birinci mərtbəyə sərdarı tapmağa getdim.

O tək idi və məni gözləyirdi. Ona verdiyim məktubu oxuduqdan sonra məndən soruşdu: “Sənin buraya kimi gətirdiyini heç kəs bilmir, eləmi?” Mən dedim: “Yox, və indi ki öz işimi bitirmişəm, mənə onun təhvil alınması barədə qəbz ver.” Xeyr” o dedi, sən edamda kömək etməlisən, mən sənə onda qəbz verərəm.”

O ixtirayında olan türk (azərbaycanlı) kişi xidmətçini çağırdı, o çox yaraşıqlı sifətə malik bir gənc adam idi. Sərdar onadedi: “Sən xeyli zamandır ki, mənim xidmətimdəsən və mən indiyə kimi səhv etmişəm ki, sənə diqqət verməmişəm. Bununla belə, mən səni sevirəm, səni mükafatlandırmaq istəyirəm. Bu iyirmi sikkə qızılı al, onları itədiyin kimi xərclə, mən tezliklə sənə yaxşı bir iş tapacağam. Bu ipək dəsmalı götür və o zabitlə aşağı en. O səni bir otağa aparacaq ki,orada kafir bir qadın var, o möminləri Məhəmmədin yolundan döndərir. Bu dəsmalla onu boğ – bu yolla sən Allaha böyük xidmət gösətrmiş olacaqsan, mənsə səni yaxşıca mükafatlandıracağam.

Xidmətçi itaət etdi və mənimlə getdi. Mən onu dustağın olduğu otağa apardım. Mən onun diz üstə düşüb dua etdiyini gördüm. Cavan oğlan ona verilmiş əmri icra etmək üçün ona yaxınlaşdı. Sonra qadın başını qaldırdı, düz oğlanın gözlərinin içinə baxdı, və dedi: “Cavan oğlan! Bu dəyməz ki, sən əlini bu qətlə bulaşdırasan.”

Mən bilmirəm, o xidmətçinin qəlbində nələr baş verdi, amma o dəli olmuş kimi qaçıb getdi. Mən onun dalınca qaçdım, biz ikimiz də sərdarın yanına birlikdə çatdıq, o ona dedi ki, ona verilmiş işi onun icra etməsi mümkün deyil. “Mən sənin himayəni itirəcəyəm,” o dedi. “ Mən özümü də itirəcəyəm. Mənimlə nə istəyirsən et, amma mən o qadına toxunmayacağam.”

Əziz xan onu qovdu və bir neçə dəqiqə fikirləşdi. Sonra o süvarilərdən birini çağırdı. Həmin adam pis davranışına görə cəzalandırılmışdı və mətbəxdə işləməyə məcbur edilmişdi. Bu adam içəri daxil olanda o onu dostyana söydü və dedi: “Belə, it oğlu, quldur, əyyaş, ümidvaram ki, cəzan səni fikirləşməyə məcbur edib, və sən gələcəkdə bir az hikmətli olacaqsan. Sən indi axmaq işlərə baş qoşmaqdan çəkinəcəksən. Yəqin ki, sən araq içmək imkanı olmadığından bunu çox çətin keçirmisən. Al, bir böyük stəkanı iç, mən sənə icazə verirəm.” O ona təzə bir şarf verdi və əvvəl türkə verdiyi əmri ona təkrar etdi.

Biz birlikdə otağa gəldik. O içəri daxil olan kimi, Qürrətül-Eynə hücum etdi, şərfi onun boynuna doladı, və bir neçə dəfə çəkdi. Nəfəsi kəsilən qadın torpağa yıxıldı. Sonra o dizini qadının kürəyinə qoydu və bütün gücü ilə şarfı dartdı. İmkan vermədi ki, o nəfəs alsın və qadını huşu getmiş halda götürdü və buz damının divarının arxasına apardı. Orada bir quyu vardı ki, o, qadnı diri-diri oraya atdı. Biz bəzi adamları çağırdıq və tez quyunu doldurduq, çünki dan yeri sökülürdü.

Bu böyük babi qəhrəmanın, ilk qadın azadlığı uğrunda şəhidin həyatı beləcə sona yetdi, o insan ki, ölüm anında ona keşik çəkmək üçün qoyulmuş qarovula üzünü tutaraq demişdi: “Siz məni öldürə bilərsiniz, amma qadınların azadlığını saxlaya bilməzsiniz.”

Onun həyat-fəaliyyəti qısa olduğu kimi göz qamaşdırıcı, hadisələrlə zəngin olduğu kimi faciəvi idi. Bu hadisədən 170 ildən çox keçməsinə baxmayaraq bizi bir sual düşündürür: bu necə ola bilərdi ki, qadının o qədər zəif hesab olunduğuİranda, ondan da əlavə, din xadimlərinin o qədər böyük nüfuza malik olduqları, üləmaların sayına və əhəmiyyətinə görə hökumətin və xalqın diqqətini çəkən Qəzvin kimi bir şəhərdə - bu necə ola bilərdi ki, bir qadın İslamdan çıxmışlardan ibarət belə güclü bir qrup yaratsın və qadın azadlığı üzrə birinci şəhid olsun. Bu bir sualdır ki, bizi çaşdırır, çünki belə bir hadisənin presedenti olmamışdı və yəqin ki, bundan sonra da olmayacaq!



Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru
paralel.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.