Əli Həsənovun başı üzərində “qara buludlar” sıxlaşır – FETÖ ittihamları ona nə vəd edir?

17-09-2020, 09:53           
Əli Həsənovun başı üzərində “qara buludlar” sıxlaşır –
Əli Həsənovun başı üzərində “qara buludlar” sıxlaşır
Prezidentin sabiq köməkçisi Əli Həsənovun başı üzərində “qara buludlar” sıxlaşır. Artıq Türkiyə mediasında onun FETÖ ilə əlaqəli olduğu barədə yazılar yazılmağa başlayıb. Onu FETÖ ilə əlaqədə ittiham edib, həbs edə bilərlərmi? Hazırda Türkiyədə olması sabiq köməkçi üçün daha təhlükəli deyilmi?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin hakimiyyətdə kadr və struktur dəyişikliyi “köhnə qvardiya”nın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi: “Uzun illər administrasiyada önəmli vəzifə daşıyan Əli Həsənov ölkədə ideoloji sahəni və mətbuatı kurasiya edib. Bu istiqamətdə olan problemlər və iqtidar daxilində müəyyən mərkəzdən qaçma meylləri Əli Həsənov-Ramiz Mehdiyev tandeminin üzərinə ciddi şübhələr salırdı. Bu şəxslərin vəzifədən alınması, xüsusilə Əli Həsənovun idarəçilyində olan TV, qəzet və digər şirkətlərdən məhrum edilməsi də iqtidarın əlində konkret fakt və əsasların olmasının göstəricisi idi. İndi də Türkiyədə Əli Həsənovun FETÖ ilə əlaqəli olması məsələsi ortaya çıxarılırsa, deməli, onunla bağlı durum daha da ciddi hal alır. Əli Həsənovun hazırda Türkiyədə olduğu bildirilir. Belə bir vaxtda o, FETÖ ilə əməkdaşlıqda günahlandırılır. Bu fakt əsasında istintaq başlasa, onun Türkiyədə sorğuya cəlb edilməsi reallaşa bilər. Hesab edirəm ki, Əli Həsənovla bağlı vəziyyət çox ciddidir və ona qarşı ittihamlar həbsinə rəvac verə bilər. Hakimiyyət, görünür, Əli Həsənovun işlərini təftiş edib və onun iqtidar daxilində nə qədər problemlər yaratdığının fərqindədilər ki, ona qarşı bu addımlar atılır.

FETÖ məsələsi ciddi ittihamdır, Türkiyə iqtidarının başında dayanan şəxslərin ən sərt münasibət sərgilədiyi məsələdir. Ona görə də düşünürəm ki, Türkiyədə Əli Həsənovun həbsinə hazırlıq üçün proseslər ictimailəşdirilir. Belə görünür, hakim komanda Əli Həsənov məsələsinin üstündən sükutla keçməyəcək".

Politoloq Əhəd Məmmədli bildirdi ki, Əli Həsənovun illərdir Azərbaycanda FETÖ-nün himayəçisi olması haqda fikirlər səslənirdi: “FETÖ bir terror təşkilatıdır və Türkiyədən sonra ən güclü Azərbaycanda olduğu dəfələrlə deyilib. Son vaxtlarda FETÖ Azərbaycanda baş qaldırıb dirçəlməyə başlamışdı. Məncə indi də FETÖ revanş almaqdadır. Qəti şəkildə Azərbaycan dövləti bunun qarşısını almalıdır. İstefada və ya vəzifədə olan fərq etməz, bütün FETÖ-çular sıradan çıxarılmalıdır. O cümlədən Əli Həsənov da ölkəyə gətirilib, istintaqa cəlb edilməlidir. Təkcə FETÖ-çü olduğuna görə deyil, həm də korrupsioner olduğu, medianı iflic vəziyyətə qoyduğu, siyasi partiyaları sıradan çıxartdığı üçün. FETÖ ölkəmizdə rusun ”5-ci kolonu" kimi təhlükəlidir. Qardaş Türkiyə ilə gözəl münasibətlərimizi bir FETÖ-çüyə görə təhlükəyə ata bilmərik".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.