Bakıda gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirildi - VİDEO

17-09-2020, 14:55           
Bakıda gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirildi - VİDEO
2018-ci il avqustun 20-si saat 13 radələrində Ramana qəsəbəsində yaşayan Kamran Tağı-zadə istifadəsindəki mobil telefondan DİN “102” mərkəzinə zəng edərək atasının qətlə yetirildiyini və evin qarət olunduğunu bildirib.

Baku Tv xəbər verir ki, daxil olan məlumat inzibati əraziyə nəzarət edən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə verilib və əməliyyat qrupu hadisə yerinə yollanıb. Qonaq otağında, divanın üzərində oturaqlı, qana bulaşmış vəziyyətdə kişi meyiti aşkar edilib.

Məlum olub ki, mərhum 85 yaşlı Əkrəm Tağı-zadədir. Ağır cinayət əməllərini törətdiyinə əsaslı şübhələr olduğuna görə qəsəbə sakini Sakit Mirzəyev həmin gün saxlanılıb.

Sabunçu rayon prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Əkrəm Tağı-zadənin ölümünə - açıq, qəlpəli sınıqlarla əlaqədar beyin maddəsinə qansızma səbəb olub. İstintaqla müəyyən edilib ki, avqustun 20-si saat 10 radələrində Sakit Mirzəyev qonşusu Əkrəm Tağı-zadənin yaşadığı Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən nömrəsiz evdə olarkən sonuncunun ona gəlini Tahirə Tağızadə ilə aralarında intim münasibətləri olması barədə məlumatının olduğunu deyib, iradını bildirib.

Bunu bəhanə edən Mirzəyev xuliqanlıq niyyəti ilə Tağı-zadəni öldürmək qərarına gəlib. Bu məqsədilə özünün yaşadığı evin həyətinə qayıdıb. Dolabdan əmək alətini götürüb və yenidən qonşusunun evinə gedib. Seçdiyi əzabverici üsulla fiziki imkanlarına görə müqavimət göstərmək iqtidarında olmayan Əkrəm Tağı-zadənin baş nahiyəsinə alətlə ardıcıl zərbələr vuraraq, zərərçəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Sakit Mirzəyev bildirib ki, qonşuluqda yaşayan Əkrəm Tağı-zadəni və onun ailə üzvlərini 2016-cı ildən tanıyıb, hadisədən 4 ay qabaq Əkrəmin oğlu Kamran və arvadı Tahirə ilə onun həyat yoldaşı Mükafatın arasında münasibətlər pisləşib. Belə ki, sonuncu Sakitin Əkrəmin gəlini ilə münasibətinin olduğunu düşünərək, onlarla dalaşıb. Buna görə 12-ci polis şöbəsində araşdırma aparılıb.

2018-ci il avqustun 20-də səhər işə getməyə hazırlaşanda Əkrəm pəncərədən onu evinə çağırıb. Həmin vaxt qonşusu tək olub, Kamran və Tahirə Salyan rayonuna gediblər. Əkrəm gəlini ilə Sakitin arasındakı intim münasibətdən xəbəri olduğunu deyib. Sakit qonşusuna bir neçə dəfə bunların yalan olduğunu desə də, sonuncu onu və Tahirəni öldürtdürəcəyi ilə hədələyib. Əkrəmin bu sözünə dözməyib və əli ilə onu özündən kənara itələyib. Otaqdan çıxarkən qonşusu arxadan dəmir parçası ilə kürəyindən möhkəm zərbə vurub. Əsəblərini cilovlaya bilməyən Sakit mismar çıxaran аləti götürüb, Əkrəmin evinə qayıdıb və baş nahiyəsinə bir dəfə vurub.

Məhkəmə hesab edib ki, Sakit Mirzəyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cəza təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum olunub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.