Nakam şair Mikayıl Müşfiqlə bağlı ekspertizadan yeni xəbərlər

18-09-2020, 10:53           
Nakam şair Mikayıl Müşfiqlə bağlı ekspertizadan yeni xəbərlər
Ədalət Həsənov: “Təqdim olunan sümüklər içərisində hələ ki Mikayıl Müşfiqə aid hər hansı bir fraqment aşkar olunmayıb”
2 il əvvəl böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması xəbəri bir anda bütün KİV-lərin manşetinə çevrildi. 2018-ci ilin oktyabrında həmin qalıqların Stalin illərində cəzalandırılanların bir çoxunun uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində aşkarlandığı haqda xəbər yayılıb. Məşhur Rusiya milyarderi Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarının axtarışını apararkən nakam şair Mikayıl Müşfiqin, Azərbaycanın rəhbəri olmuş Mircəfər Bağırovun gizli dəfn olunduğu məzarların yerini də öyrənib.

Onun bu haqda açıqlaması mətbuatda ildırım sürəti ilə yayıldı. Bu, Mikayıl Müşfiqin adının Azərbaycan üçün müqəddəsliyindən doğan bir yanaşma idi. Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoymuş şəxsiyyətdir. Bu xəbərlərdən sonra ölkə rəhbərliyi məsələyə reaksiya verdi. Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması ilə bağlı məsələnin araşdırılması Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verildi. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçirilməli, əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görülməli idi.

“Konkret olaraq qalıqların kimə aid olduğunu demək mümkün deyil. Elə qalıqlar var, təqdim olunur, amma heç nəyə yaramır, çünki tərkibində zülal qalmayıb, tamamilə ovulub tökülür. İlkin olaraq mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ona aid deyildi. Müayinələr davam edir. Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin miqyası genişlənib. Qalıqları aşkarladıqca göndərirlər, müayinələri davam etdiririk”.

Bu sözləri “Yeni Müsavat”a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Ekspertizaya şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından nümunələr götürülüb və ekspertizaya təqdim olunub. Ədalət Həsənov bildirib ki, təkcə Mikayıl Müşfiqlə bağlı deyil, digər ictimai-siyasi şəxslərə məxsusluğu iddia olunan sümüklər üzərində də iş aparılır.

“Söhbət DNT analizlərindən, genetik ekspertizadan gedir. Zülal molekulları ekspertiza olunur. Yəni kiçik bir fraqment, məsələn, diş də təqdim olunursa, zülal molekulları götürülür, yoxlanılır, eyniləşdirmə aparılır. Ekspertizaya bütöv skilet təqdim olunmayıb, oluna da bilməz, çünki çürümə prosesi gedir. Ona görə də ekspertizaya aşkar olunan fraqmentlər göndərilir. Əvvəl təkcə Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərlə bağlı iş aparılırdı. Daha sonra bizə digər tanınmışların da sümükləri ilə bağlı araşdırma aparılması tapşırıldı. Əhməd Cavad və digər ictimai-siyasi xadimlər də var. Belə qərara alındı ki, həmin ərazidə digərlərinin də məsələsi həll olunsun. Bütün bu işlər Azərbaycanda aparılır. Bizə müayinələrin aparılması üçün çoxlu sayda sümük qalıqları təqdim edilib və bu proses davam edir”.

Ədalət Həsənov: Mikayıl Müşfiqin qohumlarıdan nümunələr götürülüb » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ədalət Həsənov müayinələrin nə zaman bitəcəyini dəqiq bilmir:

“Bu müayinələr uzun çəkən prosesdir. Dediyim kimi, materiallar təqdim olunduqca analizlər aparılır. Ona görə də dəqiq nə vaxt yekunlaşacağını söyləyə bilməyəcəm. Bizim borcumuz müayinəyə təqdim olunan sümükləri müayinədən keçirməkdir. Təqdim olunan sümüklər içərisində hələ ki Mikayıl Müşfiqə aid hər hansı bir fraqment aşkar olunmayıb”.

Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə “NKVD qəbiristanlığı” olub.

Azərbyacanlı milyarder Fərhad Əhmədova gəlincə, ona valideyninin qalıqlarının aşkar edilməsinə “NKVD” və Bayıl türməsinin keçmiş “ölüm korpusu”nun tibbi xidmətinin əməkdaşları kömək ediblər. Və axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları Fərhad Əhmədova Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldıqları yerləri də göstəriblər. Sonralar Fərhad Əhmədov Mircəfər Bağırovun qohumlarından biri - sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüş və ona Azərbaycanın keçmiş rəhbərinin gizli basdırıldığı yer haqda məlumat vermişdi. Mircəfər Bağırovla bağlı 2017-ci ildə Londonda genetik ekspertiza - DNK analizi həyata keçirilib. Nəticədə “NKVD”nin sabiq əməkdaşlarının informasiyası təsdiqini tapıb. Tapılmış qalıqların M.Bağırova məxsusluğu rəsmən isbatlanıb. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn ediblər.

Bu baxımdan Mikayıl Müşfiqlə bağlı da axtarışların nəticə verəcəyi ehtimalı qalır. Mikayıl Müşfiq ürəklərdə əbədi olaraq yaşayır. Özünün misralarında sanki bu gün üçün yazır:

Hər kəs bilir həyatın sonu ölümdür,

Ah bu qəmli dəyişmə yaman zülümdür.

Şeirim! Bu gülünc oyun bəllidir yarın,

bizi də bəklər,

Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər!

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.