Meşə torpaqları aqrobağlara niyə 50 ilədək icarəyə verilir?
19-09-2020, 00:02
“2020-ci ildə vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 21 nəfər meşə gözətçisi işdən kənarlaşdırılıb. 221 iş araşdırılma üçün hüquq-mühafizə orqanlarına göndərilib”.
Teref.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırov sosial şəbəkədə canlı yayımda izləyicilərin suallarını cavablandırarkən deyib. O bildirib ki, bu ilin may ayından bəri qanun pozuntusuna yol verən meşə gözətçiləri ilə bağlı 33 nömrəli qərar tətbiq edilir. Həmçinin artıq qanunu pozan belə şəxslərin öz işinə davam etməsi də qeyri-mümkün olur.
N. Xıdırov, həmçinin qeyd edib ki, hazırda nazirlik ağacların nırx dəyərinin artırılması ilə bağlı iş aparır. Bununla bağlı müvafiq icra orqanlarından razılıq alınıb. Mövcud qərarın dəyişdirilməsindən sonra ağacların nırx dəyərində 4 dəfə artım olacaq.
ETSN-in Xidmət rəisi meşə torpaqlarının aqrobağlara 50 ilədək icarəyə verilməsində nazirliyin hansı maraq güdməsi ilə bağlı sualı da cavablandırıb. O, qeyd edib ki, aqrobağlarla bağlı müqavilələr 49 ilə qədər bağlana bilər. Elə ağaclar var ki, 6-7, eləsi var 10 ilə bar verir. Onlara böyük miqdarda sərmayə qoyulur. Bütün bunları nəzərə alaraq əksər müqavilələr 15 il, bəzi hallarda isə investiya qoyuluşu və digər səbəblərə görə müqavilə 49 ilə qədər imzalana bilər.
“Təsərrüfat əhəmiyyəti olmayan, yanğın təhlükəsi olan əraziləri aqrobağların salınması üçün meşə ərazilərinin açıq hissələri, bəzi hallarda isə meşənin kolluq ərazilərini təmizlənərək aqrobağ salınması üçün icarəyə verilir. Başqa heç bir halda meşə torpaqları icarəyə verilmir”, - deyə N. Xıdırov əlavə edib.
“qafqazinfo”