Onlayn təhsil minlərlə şagirdi şikəst edib – distant fəlakət…
21-09-2020, 11:23
Martdan ölkənin onsuz da bərbad və supermarketə oxşayan təhsilinin iflic edilməsi, distant tədris adı ilə uşaqların savadsızlaşdırılması ciddi narazılıq doğurmaqdadır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın və Təhsil Nazirliyinin uğursuz onlayn təhsil təşkilatçılığı ölkədə minlərlə məktəblinin yarım ildir bilik sarıdan şikəst edilməsinə gətirib çıxarıb.
Anaxeber.info-nun verdiyi məlumata görə, pandemiya dövründə internet üzərindən təhsilin təmin olunması istiqamətində heç bir dövlət resursundan istifadə olunmayıb. Minlərlə şagirdin distant təhsili üçün bir qəpik də ayırmayan hökumət məsləhət görür ki, smartfon telefon, yaxud notbukla dərs öyrənin.
Amma Təhsil Nazirliyi yanında İctimai Şura heç bir araşdırma, monitorinq aparmayıb ki, ailələrin texniki təminatında vəziyyət nə yerdədir. Əgər kiçik bir reyd aparılsa, məlum olacaq ki, minlərlə şagird təhsilsiz, məktəbsiz, kitabsız qalıb.
Çünki heç də hər evdə android telefonlar, notbuklar yoxdur. Varsa belə, ailədə 2-3 uşağın olduğunu nəzərə alsaq, say baxımdan bu texnoloji şərait yoxdur.
On minlərlə aztəminatlı, yoxsul ailələr var ki, evlərində notbuk, android telefondan istifadə edilmir.
Həmin valideynlər ənənəvi təhsilin olduğu dövrdə uşaqlarını məktəbə göndərməyə ayaqqabı, çanta belə ala bilmirdilər.
İndisə minlərlə belə yoxsul ailədən tələb olunur ki, distant təhsil üçün evdə internet, android, notbuk alsınlar.
Üstəlik, ölkənin bərbad və biabırçı internet sistemi var, sürət sıfırdır, regionlarda, kəndlərdə, ucqar bölgələrdə internetdən danışmağa dəyməz.
Amma Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin absurd distant təhsili ilə bağlı heç olmasa 5-10 aztəminatlı ailə ziyarət edilməyib, imkansız ailələrə dövlətin rezervi hesabına telefon, notbuk paylanmayıb.
Vətəndaşların sosial şəraitini nəzərə almadan onlayn tədrisə başlanması əslində təəccüb doğurmamalıdır.
Çünki sərt karantin dövründə kasıblara 190 manatı qıymayan, o pulu minnətlə verən hakimiyyətdən aztəminatlı ailələrin uşaqlarının distant təhsili üçün dəstək verəcəyini gözləməyə dəyməzdi.
Yeri gəlmişkən, yüzlərlə ailə borca girərək, kreditlə mobil telefon alaraq uşaqlarının onlayn təhsili üçün pandemiya dönəmində xərcə düşüblər. Amma yüzlərlə də şagird var ki, bu təchizatın yoxluğundan tamamilə təhsildən kənar qalıblar. Bu, savadsız, biliksiz bir nəsil yetişdirməkdir.
Təsəvvür edin, informatika müəllimi onlayn dərsə qoşula bilmirsə, interneti olmayanlar nə etsinlər?
Müəllimlər istədiyi zaman virtual dərsə qoşulmur, tədrisin keyfiyyəti olduqca aşağıdır, şagirdlər yeni bilik əldə edə bilmirlər.
Onlayn təhsil üçün ilk növbədə internet olmalıdır. Bunun üçün aidiyyatı nazirlik vətəndaşların internetə əlçatanlığını təmin etməlidir. Amma bu hələ problemin həlli demək deyil. Bu gün elə bölgələrimiz var ki, orada internet üzərindən nəinki dərs keçmək, heç mesajlaşmaq olmur.
Distant təhsilin formal olmaması, keyfiyyətliliyi və əlçatanlığı üçün konkret paketlər hazırlanmalıydı.
Hökumət Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyini bir araya gətirərək sürətli keçid planı hazırlamalı idi.
Kəndlərdəki vəziyyət daha ağırdır, böhran kimi dəyərləndirmək olar. Çünki kəndlərdə 2G, 3G, ya da 4G yoxdur.
Əslində məktəblərdəki kompüter və avadanlıqlar şagirdlərə verilə bilərdi. Bundan başqa, hökumət özü büdcədən aztəminatlı hissə, həssas ailələr üçün vəsait ayıraraq kompüter, planşet verməliydi.
Əhalinin digər təbəqəsi üçün də müəyyən addımlar atmaq mümkün idi. Belə desək, hökumət və nazirlik distant təhsilə heç bir hazırlıq görmədən onlayn tədrisə keçdi. Eyni sözləri ali məktəblər haqda da söyləmək olar. Universitetlərdə bazar mühiti çoxdan bəlliydi, indi də onlayn təhsil fürsət verib ki, tələbələr oxumaqdan yayınsınlar.
Elə müəllim və tələbə var ki, kompüteri, planşeti, smartfonu yoxdur. Ona görə də universitetlər monitorinq aparıb real mənzərəni üzə çıxarmalıdır. Beləliklə, neft kapitalını insan kapitalına çevirmək haqda zərrə qədər düşünməyən hazırkı hökumət və qurumları ölkəni savadsız gələcəyə sürükləməkdədir.
Azərbaycan təhsilinin və elminin adı yenə yerlərdə sürünəcək. Onun aliminin başında karantin və pandemiya vaxtı nəvəsinə toy edən Ramiz Mehdiyev, məktəblisini idarə edən isə heç bir onlayn təhsil paketi olmayan nazirlikdirsə, vay bizim halımıza…