Saxta məhsullar ölkəni bürüyüb - SOS

22-01-2016, 11:10           
Saxta məhsullar ölkəni bürüyüb - SOS
Marketlər alıcıları aldatmaqda davam edir. Vitrində olan hər hansı məhsulun qiymətini üzərində düzgün göstərməyən bir sıra marketlər alıcılardan bu yolla nisbətən daha çox pul əldə etmiş olur. Belə ki, vitrində məhsulun altına yapışdırdıqları qiymət həmin məhsulun deyil, onun yanındakı məhsulun qiyməti olur. Alıcı bilmədən məhsulu götürür, kassada isə qiymət məlum olanda artıq gec olur.

Çekdə başqa qiymət görən alıcılar bunu irad tutanda satıcılar vitrinə yapışdırılan qiymətin əslində həmin məhsula aid olmadığını və səhv yapışdırıldığını deyərək, alıcıya “koduna baxardınız” deyərək irad da tuturlar. Baş çəkdiyimiz bir neçə marketdə alıcının kassada bu problemə görə mübahisə etdiyinin də şahidi olduq. Hətta kassada başqa qiymətlə rastlaşan bəzi alıcılar onu almaqdan imtina edirdilər. Bununla yanaşı, saxta məhsullar da ölkəmizi bürüyüb. Bir sıra məhsulların xaricdən gəldiyi deyilir, lakin onun doğrudan da yerli məhsul olmadığını sübut edən heç bir məlumata, ştrix koda rast gəlinmir. Bu halı daha çox kərə yağlarında hiss edirik. Bəzi yağlar xarici marka adı altında satılır, lakin ölkədə düzəldilir. Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Rəsmi məlumatlara görə, bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Ölkəyə əsasən Rusiya, Ukrayna, Belarus, Almaniya, Avstraliya və Yeni Zellandiyadan yağ idxal olunur. Bir çox istehsalçılar məhsulların üzərinə rus və ya hansısa xarici ad yazmaqla alıcıları bu məhsulun xaricdən gətirildiyinə inandırmağa çalışır. Lakin diqqət edəndə görürük ki, məhsulun qablaşdırmasının harada aparıldığı kiçik hərflərlə olsa da, qeyd edilib. Alıcıları aldatmaq üçün hətta məhsulun üzərinə xarici ölkənin ştrix kodu vurulur.

Qeyd edək ki, istehsalçıların aldadılması yalnız marketlərdə deyil, bazarlarda da baş verir. Bazardan 1 manata aldığımız kartoflar texniki kartof imiş. Bunu mətbuata açıqlamasında aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov deyib: “Bütün parametrlərinə görə bu gün satışa çıxarılan və çox ucuz qiymətə, təxminən 3-4 qəpiyə ölkəyə idxal olunan, hazırda isə 1 manata təklif olunan kartof birmənalı olaraq texniki sortdur”.

Ekspert idxal zamanı bu məsələyə göz yumulduğunu, müəyyən anlaşmaların olduğunu, ancaq əlaqədar qurumların bunu boyunlarından atdığını söyləyir. Rəsmi qurumların texniki sort kartofun satışda olduğunu təkzib etməsinə baxmayaraq, ekspert bu istiqamətdə çoxlu faktlar aşkarlandığını vurğulayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda istehsal edilən məhsulun üzərinə xarici ölkənin ştrix kodunun qoyulmasını qanunun qadağan etmədiyini dedi: “Bununla bağlı Azad İstehlakçılar Birliyinə nümunələr də gətirilir. Bütün bu problemləri həll etmək mümkündür. Rusiyada uzun müddətdir istehlakçı üçün ”məlumat standartları" var. Üç il bundan öncə Azad İstehlakçılar Birliyi Azərbaycanda olmayan bu standartın yaradılmasını və minimum təcrübə həyata keçirilməsini istədi. Lakin bizim komandamız bunun öhdəsindən gələ bilmədi. Biz dövlət qurumlarına müraciət etdik. Keçən ilin sonunda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu xidməti istehlakçılar üçün məlumat standartı tətbiq etdi. O standart tətbiq edilsə də biz bundan razı deyilik. Çünki standartda şriftin böyüklüyü məsələsi göstərilməyib. Yəni malların üzərinə məlumatı elə yazırlar ki, gözü zəif görən insanlar onu oxuya bilmir. Məsələn, spirtli içkilərin buraxılma tarixi və yararlılıq müddəti göstərilməyib. Bunun kimi bir çox çatışmazlıqlar mövcuddur. Həmin standartlar düzgün tətbiq olunsa, əlbəttə ki, bu kimi hallar baş verməz".

Qurum sədri məhsulların 65 faizinin başa düşülməyən dildə olduğunu dedi: “Məsələn, ”Kontinental" mağazalar şəbəkəsində məhsulların 65 faizinin üzərindəki yazılar, ümumiyyətlə, başa düşülməyən dildədir. Texniki vasitələr, avtomobillərin uyğun sənədlərin təxminən 60 faizi Azərbaycan dilində deyil. Bu da dövlət dili haqqında qanuna ziddir. Ərzaq məhsullarına gəlincə isə bu sahədə də ciddi problemlər var. Çox təəssüflər olsun ki, Azərbaycan istehsalçıları nədənsə xarici mallara üstünlük verirlər. Bu isə çox səhv bir fikirdir. Yerli mal onlarla müqayisədə ən təmiz mallardır. Lakin Azərbaycan istehsalçıları da bəzən mallarını elə dizayn edirlər ki, guya xaricdən gətirilib. Amma haradasa arxa tərəflərdə “Azərbaycan istehsalı” sözünü yazaraq məsuliyyətdən qaçırlar. Bu hal daha çox spirtli içkilər və şərablar sektorunda yayılıb. Onu da qeyd edim ki, xaricdən gətirilən hər hansı bir məhsul Azərbaycanda bükülə bilər. Onun mənşəyi standartın tələbinə uyğun olaraq mütləq göstərilməlidir. Ancaq bu məhsulun Azərbaycanda büküldüyü də qeyd edilməlidir. Qanun qadağan etmir ki, Azərbaycanda istehsal edilən məhsulun üzərinə xarici ölkənin ştrix kodunu qoyasan. Bu, normal haldır. Çünki ştrix kod malın keyfiyyəti barədə heç bir informasiya vermir. Ştrix kod malların avtomatik satışını həyata keçirmək üçündür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.