Kredit ödənişindən artıq məbləğ ödədikdə nə baş verir?

Dünən, 15:14           
Kredit ödənişindən artıq məbləğ ödədikdə nə baş verir?
İnsanların kredit öhdəliklərini yerinə yetirməsi zamanı ən çox qarşılaşdığı suallardan biri də “aylıq qrafikdən artıq məbləğ ödənilərsə nə baş verəcək?” sualıdır.
İqtisadiyyat.az bu məsələ ilə bağlı bank tələblərini və qüvvədə olan qanunvericiliyi araşdırıb.

Qrafik və qrafikdənkənar ödəniş nədir?

Bank kreditləri üzrə hər bir borcalana kredit müqaviləsi ilə yanaşı, ödəmə qrafiki təqdim olunur. Bu qrafikdə aybaay hansı tarixdə, hansı məbləğin ödənilməli olduğu və ödənişin hansı hissəsinin faiz, hansı hissəsinin əsas borc olduğu əks olunur.

Qrafik ödəniş — müqavilədə göstərilən ayın müəyyən tarixində, əvvəlcədən təsdiqlənmiş məbləğin banka ödənilməsi deməkdir.
Qrafikdənkənar ödəniş isə — borcalanın istənilən vaxt, aylıq ödəniş tarixindən əvvəl və ya sonra istədiyi məbləği bank hesabına köçürməsi və əsas borcu vaxtından əvvəl azaltması anlamına gəlir.

Artıq məbləğ ödənsə nə baş verir?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borcalan müqavilədə müəyyən edilən müddətdən əvvəl kreditin tam və ya qismən ödənilməsini həyata keçirə bilər. Lakin banklar bunu öz daxili qaydalarına əsasən müəyyən prosedurlarla tənzimləyir.

Əgər vətəndaş öz aylıq qrafik ödənişindən artıq məbləğ ödəyirsə, bank bu vəsaiti aşağıdakı qaydada yönəldir:

- Əvvəlcə hesabda gecikmə və ya cərimə varsa, həmin məbləğ silinir.

- Sonra cari ayın faiz və əsas borc hissəsi ödənilir.

- Artıq qalan məbləğ isə əsas borcun azaldılmasına yönəldilir.

Bu zaman əsas borcun azalması nəticəsində növbəti aylarda ödəniləcək faiz məbləği də azalır. Yəni, borcalan vaxtından əvvəl ödəniş etməklə, həm borcun müddətini azalda, həm də ümumi faiz yükünü aşağı sala bilər.

Qrafikdənkənar ödəniş qaydası necədir?

Bankdan-banka dəyişsə də, əksər kredit müqavilələrində qrafikdənkənar ödəniş üçün aşağıdakı şərtlər tətbiq olunur:

Borcalan əvvəlcədən banka yazılı və ya elektron ərizə ilə müraciət edib vaxtından əvvəl ödəniş etmək istədiyini bildirməlidir. Bəzi banklar qrafikdənkənar ödəniş zamanı xidmət haqqı və ya cərimə tuta bilər. Bu hal yalnız kredit müqaviləsində göstərilibsə, hüquqi qüvvəyə malikdir. Əks halda, Mülki Məcəlləyə görə belə cərimə tətbiq oluna bilməz. Ödənilən artıq məbləğ ya aylıq ödənişlərin miqdarını azaldır, ya da kredit müddətini qısaldır. Borcalan bu seçimlərdən birini seçmək hüququna malikdir.

Vətəndaş necə ödəməlidir?

Hüquqşünaslar bildirir ki, vətəndaş kredit ödənişi edərkən əvvəlcədən banka müraciət edərək artıq məbləğin hansı istiqamətə yönəldiləcəyini dəqiqləşdirməlidir. Çünki bəzi banklar artıq məbləği növbəti aylara avans kimi hesablayır, bəziləri isə əsas borcun azaldılmasına yönəldir. Qanunvericiliyə görə isə vətəndaş istənilən vaxt öz əsas borcunu tam və ya qismən ödəyə bilər və bank bunu qəbul etməyə borcludur. Qrafikdənkənar ödəniş hüquqi baxımdan icazəlidir və vətəndaşın istəyindən asılıdır.

Ekspertlər və hüquqşünaslar tövsiyə edir ki, kredit ödənişləri zamanı artıq məbləğin necə hesablanacağını və hansı istiqamətə yönəldiləcəyini banka yazılı bildirişlə təqdim etmək, həmçinin müqavilənin bu bölməsini diqqətlə oxumaq vacibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.