Ehtiyacı olan fələstinlilər üçün 500 min avro toplayan bloqer pulları maşınlara və "Rolex"ə xərclədi
Dünən, 12:28
Almaniyada yaşayan bloqer Abdel Hamid ehtiyacı olan fələstinlilərə yardım adı ilə topladığı pulları şəxsi ehtiyaclarına xərclədiyi üçün məhkəmə qarşısına çıxarılıb.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
İstintaqın məlumatına görə, Hamid 2021-ci ildən 2024-cü ilin oktyabrına qədər internet üzərindən 37 ianə kampaniyası təşkil edərək, Qəzza zolağındakı və digər münaqişə bölgələrindəki fələstinlilərə yardım topladığını iddia edib. Lakin toplanan vəsaitin yalnız kiçik bir hissəsi həqiqətən xeyriyyə məqsədlərinə yönləndirilib. Qalan məbləğ bloqerin dəbdəbəli həyat tərzinə sərf olunub.
Düsseldorf Əyalət Məhkəməsində keçirilən prosesdə Hamid özünü dələduzluqda təqsirli bildiyini etiraf edib. İstintaq müəyyən edib ki, o, 497 min avro vəsaiti şəxsi hesabına keçirərək, bu pulla bahalı avtomobillər, dizayner geyimləri, limuzin və "Rolex" markalı saat alıb.
Bundan əlavə, məlum olub ki, Hamid eyni zamanda yerli məşğulluq mərkəzindən sosial müavinət də alıb. Bu faktla bağlı dövlət ödənişlərində mümkün dələduzluq üzrə ayrıca istintaq aparılır.