AMEA əməkdaşlarına məqalələri kim yazdırır? – Mehdiyevin yeni həmləsi
23-09-2020, 12:54
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumu hərəkətə gətirib. Artıq ikinci dəfədir ki, AMEA əməkdaşları Ramiz Mehdiyev və qurum barədə ittihamlara cavab verir.
Yenisabah.az xəbər verir ki, AMEA prezidenti nəvəsinin toy qalmaqalından sonra tənqid hədəfinə gəlib. Əgər ilk günlərdə yalnız Ramiz Mehdiyev tənqid olunurdusa, məsələ uzandıqca bütövlükdə AMEA-ya qarşı ittihamlar səsləndirilməyə başlandı. Hətta qurumun ləğv edilməsi barədə təkliflər də səsləndirildi.
Bundan sonra AMEA əməkdaşları tənqidlərə şəxsən cavab verən Ramiz Mehdiyevə dəstək verməyə başladılar. Əvvəlcə Tarix elmləri doktoru Solmaz Tohidi geniş məqalə ilə çıxış edərək həm Ramiz Mehdiyev haqqında tənqidlərə, həm də AMEA-nın hədəfə alınmasına etirazını bildirdi. Doğrudur, o məqalənin AMEA prezidenti ətrafında baş verənlərə dəxli olmadığını elə ilk cümləsində qeyd etmişdi. Lakin elmlər doktorunun sonrakı fikirlərindən aydın şəkildə anlaşılırdı ki, deyilənlər həm də Ramiz Mehdiyevə ünvanlanan tənqidlərə cavabdır.
Solmaz Tohididən sonra Biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova da prosesə qoşulub. O, AMEA YAP ərazi təşkilatının üzvləri adından Milli Məclisin deputatlarına müraciət ünvanlayıb. Yeri gəlmişkən, Ulduzə Qurbanova həm də AMEA YAP ərazi təşkilatının sədri vəzifəsini daşıyır.
Fəlsəfə doktorunun müraciəti Milli Məclisin vitse-spikeri Adil Əliyev haqqındadır. Vitse-spiker bir neçə gün əvvəl AMEA barədə tənqidi fikirlər səsləndirib. Şübhə yoxdur ki, Adil Əliyevin akademiyaya diqqət ayırması Ramiz Mehdiyev faktoru ilə bağlıdır. Vitse-spiker ilk gündən AMEA prezidentini sərt tənqid edənlərdən olub. O hətta müsahiblərinin birində qardaşı, Prezidentin köməkçisi Məhərrəm Əliyevin Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilməsində Ramiz Mehdiyevin də “əməyinin” olduğunu bildirmişdi.
Ulduzə Qurbanova da vitse-spikerin AMEA-nı hansı səbəbdən hədəfə aldığını bilməmiş deyil. Hətta bu halda belə, Fəlsəfə doktorunun çalışdığı elm ocağının təəssübünü çəkməsi normal sayıla bilərdi. Əgər müraciətdə Adil Əliyev “müəmmalı keçmişi” ilə təhdid olunmasaydı. Ulduzə xanım xüsusi xidmət orqanının işçisi, yaxud iqtidar komandasının üzvləri haqqında dərin bilgilərə malik olan yüksək vəzifəli məmur deyil ki, Adil Əliyevin dünəni və bu günü barədə məlumatla malik olub onun sabahını müəyyən etsin. Deməli, vitse-spikerin “müəmmalı keçmişi” barədə bilgilər Ulduzə xanıma kənardan ötürülə, yaxud diktə edilə bilər. Təsadüfi deyil ki, bəzi ictimai-siyasi fəallar da sosial şəbəkələrdə Fəlsəfə doktorunun müraciətini Ramiz Mehdiyevin növbəti atəşi kimi dəyərləndirir. Müşahidələr göstərir ki, AMEA prezidenti ətrafında cərəyan edən proseslər dərinləşdikcə onun rəhbərlik etdiyi qurumun əməkdaşları tədricən ucadan danışmağa başlayacaq.
Burada başqa bir incə məqam da var. Yuxarıda Ulduzə Qurbanovanın həm də AMEA YAP ərazi təşkilatının sədri olduğunu təsadüfən qeyd etmədik. Əvvəla, o müraciətini hakim partiyanın akademiyadakı yetkilisi qismində ünvanlayıb. Bu isə Ramiz Mehdiyevin hələ də hakim partiya üzərində təsir imkanlarının qaldığını düşünməyə əsas verir.