Azərbaycan mediası müharibəyə hazır deyil - “Hansı redaksiyada dəbilqə, zirehli jilet var?”

23-09-2020, 13:04           
Azərbaycan mediası müharibəyə hazır deyil -
Qarabağda müharibənin yendən başlayacağı barədə fikirlər dolaşır. Mütəmadi olaraq, cəbhədə vəziyyətin gərginləşməsi, Ermənistanın təxribatları müharibə riskinin bir az da yaxın olduğuna əyani sübutdur.

Bəs Azərbaycan mediası müharibəyə hazırdırmı?

Bu barədə Modern.az-a danışan “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadənin sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri və bu ilin iyul ayında Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar onu göstərdi ki, Azərbaycan mətbuatı belə ekstremal şəraitdə işləməyə tam hazır deyil:

“Bunun da bir neçə səbəbi var. Əvvəla, cəbhədə baş verən hadisələr barədə rəsmi məlumatlar gecikdirilir. Amma həmin informasiyalar təhrif olunmuş şəkildə sosial şəbəkələrdə yayılır və KİV-lər də ondan istifadə etməyə məcbur olur. Bu da bir çox hallarda həqiqətə uyğun olmayan məlumatların yayılmasına səbəb olur. İkincisi, bəzən oxucu cəlb etmək, xəbəri 1-ci yaymaq üçün qabağa düşmək ehtirası ilə həqiqətə uyğun olmayan məlumatlar trajlanır. Üçüncüsü, hərbi texnikanın, canlı qüvvənin hansı istiqamətdə hərəkət etdiyinə dair xəbərlər, foto və videogörüntülər yayılır. Bu isə qətiyyən yolverilməzdir. Çünki düşmən həmin informasiyaları izləyir. Mətbuatın müharibə şəraitinə hazır olması üçün rəsmi məlumatlar operativ şəkildə verilməlidir. Belə olsa, mətbuat sosial şəbəkələrdə yayılan qeyri-dəqiq xəbərlərə istinad etməz. Həmçinin, düşmənlə informasiya müharibəsində üstünlük qazanmaq mümkün olar”.

“Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov isə bildirib ki, mətbuatın müharibəyə hazır olması dedikdə həm texniki, həm kadr, həm də təlim-peşəkarlıq baxımından yanaşmağımız, analiz etməyimiz lazımdır:

“Təbii ki, hər bir azərbaycanlı torpaqlarımızın azad olunmasını istəyir. Müharibə yolu burada son və yeganə yoldur. Bu barədə jurnalistlər də, vətəndaşlar da, hərbçilər də eyni fikirdədirlər. Mətbuatımızın müharibəyə nə dərəcə də hazır olmasını araşdırmaq lazım gələrsə, aydın olar ki, mətbuatımız konkret hazır deyil. Çünki mətbuatda bu gün hərbi mövzuda yazan ixtisaslaşmış jurnalistlər ya yoxdur, ya da yüksək səviyyədə peşəkar deyillər.

Mətbuatın maddi- texniki bazası da buna imkan vermir. Döyüş bölgəsinə gedən jurnalistlərin nə dərəcədə təmin olunduğuna baxaq. Hansı redaksiyalarda zirehli gödəkçə, dəbilqələr var? Hansı redaksiya cəbhə bölgəsinə göndərdiyi jurnalisti tibbi çanta ilə təmin edir? Jurnalistlər bilirlərmi, ilkin tibbi yardım çantasının içərisində hansı dərmanlar olmalı, hansı məqamlarda hansı dərmandan istifadə etməlidirlər?

Çox ciddi məsələlərdən biri də sığorta məsələsidir. Cəbhəyə gedən jurnalistin başına bir iş gəlsə, axırı necə olacaq? Jurnalistlərin peşəkarlıq cəhətdən müharibəyə hazır olması vacibdir. Müharibə Bakıda filmə baxmaq deyil. Cəbhəyə gedəndə tamam başqa mənzərə görürsən. Müharibənin şiddət dərəcələri var. Böyük müharibə olduqda kiçik silahlardan ballistik raketlərə qədər hər şey istifadə edilə bilər. Jurnalistlər bütün bunları bilməli, hazır olmalıdırlar”.

Rəşad Süleymanovun fikrincə, döyüş zamanı özünü idarə etməyi bacarmaq hərbi jurnalist üçün ən vacib məqamlardan biridir:

“Məsələn, yanında partlayış ola bilər, parçalanmış cəsədlər, yaralanan, sürünən insanları görə bilərlər. Bütün bunları görəndə jurnalist şoka düşəcəkmi? Çoxları elə bu kimi məqamlarda düşmən gülləsindən yox, şokdan ölə bilər. Yaralananda özü-özünə ilkin tibbi yardım göstərə biləcəkmi? Mən bir faktı xatırladım. Jurnalistlər üçün minalarla bağlı təlim keçirilirdi. Həmkarlardan biri tank əleyhinə minanın üstündə oturmuşdu. Yaxşı ki, təlim minası idi, bədbəxt hadisə baş vermədi. Biz ölməyə adam göndərmirik, bizə lazımdır ki, döyüş bölgəsinə gedən jurnalist oradan informasiya gətirə bilsin.

Hüquqi cəhətdən bu informasiyanın yayımlanması, hansı məqamda, hansı məlumatı vermək olar – bunu bilmək önəmlidir. Dəqiqləşdirmək vacibdir, Müdafiə Nazirliyinin press-relizini yaymaq hərbi jurnalistika deyil. O odun, alovun, çətinliklərin içərisindən informasiyanı lentə köçürməlisən, tarix yazmalısan. Azərbaycanın belə jurnalistləri var. Məsələn, Birinci Qarabağ müharibəsini işıqlandıran, Vahid Mustafayev, Mirşahin, operatorlar, jurnalistlər olub, amma onlar yaşlanıblar. Həmin jurnalistlərin təcrübəsindən istifadə edib, indiyə qədər hərbi jurnalist yetişdirmək lazım idi. Redaksiyaların heç birində hərbinin spesifikanı bilən, silah texnikasının xarakterini mənimsəmiş jurnalist yoxdur. Bu, əslində arzuolunmaz məqamdır. Düşmən əynində hərbi geyim olanın jurnalist və ya əsgər olduğunu bilmir, vura bilər. Ona görə, bu sahəyə xüsusi diqqət ayırmaq lazımdır. Yenə deyirəm, mətbuat konkret olaraq, müharibəyə hazır deyil, təşkil olunan kurslara da jurnalistlər, tələbələr yalnız vaxt öldürmək üçün gedirlər”.

Yeniçağ.az saytının əməkdaşı Səxavət Məmməd xatırladıb ki, müharibə hər zaman aktual olub:

“Ancaq son vaxtlar məsələ aktuallıqdan, qaçınılmazlığa keçib. Azərbaycanla yanaşı, Ermənistan da ciddi hazırlıq görür. Əldə etdiyim bəzi məlumatlara görə, düşmən tərəf səngərləri möhkəmlətməklə yanaşı, bir çox ərazilərdə səhralaşma aparır. Bu da o deməkdir ki, hücuma keçən Azərbaycan tərəf olacaqsa, texnikanın və canlı qüvvənin maskalanması çox çətin olacaq.

Azərbaycan mediası artıq bir neçə dərs alıb. İstər 2014, istər 2016, istərsə də, son Tovuz döyüşləri. Hər dəfə düşünürük ki, artıq belə səhvlər olmaz, ancaq yenə eyni səhvlər, eyni yanaşmalar görürük. 30 ildir müharibə şəraitində yaşayan ölkənin jurnalisti əslində düşünməməlidir ki, mediamız buna hazır olacaq, yoxsa yox. Başqa bir ölkədə olsa, bunu düşünənlərə dəli kimi baxarlar. Ancaq təəssüf ki, bizdə vəziyyət acınacaqlıdır. Əslində bütün dünyaya ən çox müharibə jurnalisti verəcək ölkə olmalıyıq, ancaq ölkədə ixtisaslı konflikt jurnalistikası demək olar, barmaqla sayılacaq qədərdir. Müharibəyə gedən jurnalistin “kaska”sı, zirehli jileti olar. Azərbaycanda hansı redaksiyada hazır “kaska”, jilet görmüsünüz? Olanlar da, şəxsi əlaqələri vasitəsi ilə hansısa qurumlardan alıb, gizlin saxlayırlar. Əslində bunları almaq çox çətin deyil, sadəcə, gömrükdən keçirmək mümkünsüzdür. Ona görə də, dövlət qurumları, jurnalist təşkilatları bununla məşğul olmalıdırlar. Cəbhə bölgəsində işləməyin ilk şərti sağ qalmaqdır. Bu da çox ciddi fiziki güc tələb edir. Əraziyə gedəcək jurnalistlər və bunun arzusunda olanlar, redaksiyalar məsələni diqqətdə saxlamalıdırlar”.

Jurnalistin fikrincə, Azərbaycan mediasının əsas problemlərindən biri də ixtisaslaşmanın olmamasıdır:

“Buna nəinki diqqət edirik, heç bu, baş redaktorların marağında belə deyil.

Əgər müharibə olacaqsa, əsas yüklərdən biri də redaktorların üzərinə düşəcək. Bəzən reportyorları çox qınayırlar. Ancaq reportyor dar çərçivədə işləyir. Səhvləri də mümkündür, bunun üçün redaktorlar kifayət qədər təcrübəli olmalıdırlar. Bir də açıq şəkildə anlamaq lazımdır ki, cəbhə bölgəsi nə IP davası güdüləsi, nə də videoya baxanların sayının ölçüləsi yerdir. Hər bir hərəkət ölümlə nəticələnə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.