Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

24-09-2020, 00:02           
Azərbaycanda bitməyən internet problemi -
Son vaxtlar ölkə ərazisində internetlə bağlı problemlər səngimək bilmir. Ümumən internetin zəif olması vətəndaşlarda aqressiya yaradıb. Adətən belə olan halda interneti təmin edən firma ilə əlaqə saxladıqda qarşı tərəf hər kəsin bildiyi "sehrli" bir ifadəni işlənir: “Təmir işləri gedir, problem tezliklə aradan qaldırılacaq”. Ancaq niyəsə bu təmir sonsuzluğa doğru uzanır.
Bəzi insanlar hərdənbir abunəsi olduqları “provayder”lərin "sehrli" ifadəsini eşidib, aqressiyalarının dozasını aşağı salırlar. Digər qisim vətəndaşlar isə “üzünün suyunu tökməmək” üçün utandıqlarından zəif internetlə barışıb, həyatlarına davam edirlər. Məsələ o qədər acınacaqlıdır ki, utanmalı olan şəxslərlə haqlı olanların yerləri dəyişib.
İstər Bakı, istərsə də regionların kəndlərində fiber optik şəbəkə yoxdur. Məlum firmalara və ya şirkətlərə bununla bağlı müraciət edib, sual verəndə ki, niyə kəndlərdə fiber optik şəbəkəni təmin etmirsiniz, cavab olaraq söz oyunu eşidirik. Əsaslı bir səbəb göstərilmir. Yaxın müddətdə planlarında belə bir ideyanın olmadığını qeyd edirlər. Kəndlərdə telefon xətti üzərində olan ADSL texnologiya ilə interneti “Baktelecom”-un təmin etdiyini nəzərə alsaq, həmin şirkətin optik şəbəkələri təmin edən digər provayderlərə sədd yaradıb-yaratmadığı qaranlıq məqam kimi ortaya çıxır. 50% əhalisi kəndərdə yaşayan bir ölkədə niyə şirkətlər qazancdan üz çevirsin ki?
Məsələnin nədən qaynaqlandığını və illərdir bu problemlərin niyə həll olunmadığını öyrənmək üçün suallarımızı Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzə yönəltdik.

Xeberler.az bildirir ki, Azərbaycan İnternet Forumunun Prezidenti açıqlamasında problemin əsasən yüklənmədən yarandığını qeyd edib:
“Ancaq bu o demək deyil ki, vətəndaşlar haqsızdır. Provayderlər işini elə qurmalıdır ki, onun müştərisi müqavilədə göstərilən sürəti ala bilsin. İnternetdə yüklənmənin olub-olmamasının müştəriyə heç bir aidiyyəti yoxdur. Həm Bakı, həm də regionların kəndlərində genişzolaqlı internetlə bağlı problemlər var. Statistikaya görə əhalinin 50%-i kəndlərdə yaşayır.

Bakının kəndləri ilə bağlı “Baktelecom” bir layihə həyata keçirirdi. Ancaq nəticəsi haqqında heç bir açıqlama yoxdur. Yəni genişzolaqlı interneti neçə yerə çəkdilər, nə qədər vətəndaşın bu internetə ehtiyacı var və layihə hansı formada yekunlaşdı – bu kimi sualların cavabını bilmirik. Alınan məlumatlar onu göstərir ki, genişzolaqlı internetlə bağlı problemlər var. Regionlarda isə bu problemlər daha kəskindir və dövlət proqramları həyata keçirilmir. Hazırda nazirliyin bir qurumu bir rayonla bağlı proqramı həyata keçirir və bir il də vaxt keçir. Bir ilə bir rayon olacaqsa, onda bizə uzun müddət lazımdır.

2014-cü ildə ölkə üzrə situasiyanı dəyişəcək böyük bir dövlət proqramı var idi. Həmin vaxt bu proqram üçün yarım milyard manata yaxın vəsait ayrılmışdı. Amma son anda dövlət o proqramı maliyyələşdirməkdən imtina etdi. Büdcədən pul buraxılmadı və proqram donduruldu. Nazirliyin iki dövlət provayderi ötən müddət ərzində nə bacarıblarsa, onu ediblər”.
O. Gündüz hesab edir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi regionlarda, kəndlərdə fiber optik internetin inkişafı ilə bağlı böyük bir təşəbbüslə çıxış etməlidir: “Dövlət proqramı hazırlanmalıdır. Bütün maraqlı tərəflər və özəl provayderlər bu işə cəlb olunmalıdır. Proqramın icrası üçün müddət ayrılmalıdır. Həmçinin, hökümətə müraciət edilməlidir ki, müəyyən bir vəsait ayırsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.