Bakı savaş qərarı versə, KTMT qarışa bilərmi? – Rusiyadan baxış
24-09-2020, 09:43
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar mümkündür. Amma Rusiyanın birbaşa hərbi müdaxiləsi olmayacaq.
Bu barədə Axar.az-a politoloq, tarix elmləri namizədi, "Arxont" jurnalının baş redaktoru Anton Bredixin deyib.
O qeyd edib ki, Qarabağ və ətraf rayonlar Ermənistanın ərazisi deyil, bu da hərbi münaqişənin KTMT ölkələrinin iştirakına səbəb olmayacağı anlamına gəlir:
"Biz Türkiyənin Azərbaycana ardıcıl və birbaşa dəstəyini görmüşük. Onlar birgə təlimlər keçirib. Rusiya ilə Azərbaycan strateji müttəfiqlərdir. Bununla yanaşı, hazırda erməni hərbçiləri Qafqaz-2020 təlimlərində iştirak edir. Paşinyan isə Rusiyanın siyasi müttəfiqi deyil. Bu o deməkdir ki, Bakı-İrəvan xətti boyunca hərbi qarşıdurma Ermənistanın özündə siyasi qüvvələr nisbətinə tam təsir göstərə bilər. Məğlubiyyətin qaçılmaz olacağı təqdirdə isə Ermənistan hakimiyyəti küçə və “rəngli inqilab” yolu ilə Nikol Paşinyanı hakimiyyətə gətirən öz adamları tərəfindən devriləcək”.