Şagirdlər məktəbdə virusa yoluxub? - AÇIQLAMA
24-09-2020, 15:17
“Son 3 gündür ki, Təhsil Nazirliyi təhsil sahəsində koronavirusa yoluxanların statistik məlumatlarnı paylaşır. Əslində, Təhsil Nazirliyi bunu edən ilk qurumdur. Onların məqsədi heç də təhsil alan şagirdləri, onların valideynlərini təşvişdə saxlamaq deyil. Əksinə, məsələnin tam şəkildə nəzarətdə saxlanılmasını göstərməkdir”.
“MediaPost” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, şagirdlərin məktəbdə yoxsa məktəbə qədər virusa yoluxması sual doğurur:
“İndiyə qədər yoluxma dalğasının hətta ən pik nöqtəsində belə şagirdlərə, azyaşlı uşaqlara çox nadir hallarda rast gəlinirdi. İndi isə 8 gündür tədris ili başlayıb və 200-dən çox şagirdin və müəllimin yoluxmasını əks etdirən rəsmi rəqəmlər var.
Məsələ budur ki, şagirdlər indiyə qədər hər hansı bir testin və ya yoxlamanın predmenti olmayıb və indiyə qədər azyaşlıları yoxlamaq, testə salmaq heç kim tərəfindən həyata keçirilməyib.
Amma indi hər gün məktəbə daxil olan zaman şagirdlərin istiliyi yoxlanır, hərarəti olan şagirdlər, müəllimlər test və müayinəyə cəlb edilir, virus aşkar edilənlər tədris prosesindən kənarlaşdırılır.
Şagirdlər və müəllimlər arasında koronavirusa yoluxanların olması qaçılmaz idi. Bu, bütün dünyada var. Məsələ onun geniş yayılmasının qarşısını almaqdır”.
Ekspertin sözlərinə görə, yoluxmalarda günahkar valideynlər və məktəblərdir:
“Valideynlər ona görə günahkardır ki, övladlarını məktəbə yola salanda binanın qarşısında böyük sıxlıq yaradırlar və ara məsafəsi gözlənilmir.
Məktəblər isə ona görə günahkardır ki, yalnız bir giriş və çıxışdan istifadə olunur və nəticədə sıxlıq yaranır.
Yoluxma halları nəzarət çərçivəsindən çıxarsa, sərt tədbirlər həyata keçirilə bilər. Amma bu tədrisin tam dayanması ilə nəticələnməməlidir. Çünki biz bütün hallarda, virus ilə yaşamağa məcburuq. Qapanma ilə yalnız sayı azaltmaq mümkündür, məsələnin həlli üçün bu yetərli deyil”.
Ekspert virusdan qorunmaq üçün təkliflər də irəli sürüb:
“Məktəblərdə qoruyucusu maskalardan istifadə şagirdlər üçün də məcburi olmalı,şagirdlər əllərini hər tənəffüs zamanı yumalı, məktəblər bir yox, bir neçə giriş və çıxışdan istifadə etməlidir”.