“NAZ Lifan”a minən ilk nazir kim olacaq? - Günün sualı

27-01-2016, 13:20           
“NAZ Lifan”a minən ilk nazir kim olacaq? - Günün sualı
Dünən regionların inkişafı proqramının gedişinə həsr edilmiş, sahibkarların və nazirlərin iştirak etdiyi konfransda prezident İlham Əliyev məmurları bir daha dəbdəbəli həyatdan uzaqlaşmağa, xalqa yaxın olmağa və yerli məhsullara üstünlük verməyə çağırıb. Başqa sözlə, onlara deyib ki, xalqın yediyindən yeyin, geydiyindən geyin. Prezident həmçinin məmurları Naxçıvan avtomobil zavodunun istehsal etdiyi “NazLifan” maşınları almağa çağırıb.

Azərbaycan xalqı müdrikdir, eyni zamanda, sadəlövhcəsinə unutqandır. Və onun bu unutqanlığından istifadə etmək qədər asan heç nə yoxdur. İndi bu xalqın istədiyi odur ki, ölkə başçısının bu sözləri sadəcə söz olaraq qalmasın. Və ən maraqlısı hansı nazirin və ya yüksək səviyyəli məmurun ilk olaraq təmtəraqlı avtomobilindən düşüb həmin o Azərbaycan istehsalı olan “NAZ Lifan”a minəcəyidir. Hansı nazir dəbdəbəli italyan kreslosunu Masallı kreslosuna əvəz edəcək? Xəbər lentlərində oxucuların bu günlərdə ən maraqla gözlədiyi xəbərlər bunlar olacaq.

Çünki həmin məmurlar prezidentin tövsiyələrinə əməl etsələr dərhal stereotipləşmiş məmur “qınından” çıxaraq “xalqdan biri” olacaq, “özümüzünkü” statusu əldə edəcək.

Axı xalq normal azərbaycanlının necə yaşadığını SOCAR-ın sıravi işçisi olan Qiymətdən daha yaxşı bilir. O bilir ki, “normal ailə” Bodrumda villa ala bilməz. Hamıya gün kimi aydındır ki, tanınmış generalın oğlu olmayan, özünü o cür qələmə verməyə çalışan adi idmançı “Land Cruiser”dən düşüb “Bentley”yə minə bilməz. Hələ bir maşının nömrəsini çıxarıb o biri maşına qoymağa, gündə bir kütləvi dava salaraq aylarla “tapılmaya” cürət etməyi heç bilməz.

Normal azərbaycanlı süpürgəçi Aybəniz xala 250 manat maaşını itirmək qorxusu ilə şaxtalı gündə kürəyində loqotip yazılıb deyə nazik bir gödəkçədə küçələrin texnika təmizləməli olduğu qarını təmizləyən yaşlı qadındır. Buna hamı inanar, bunu hamı qəbul eləyər. Amma 250 manatlıq, hətta 1000 manatlıq maaşla villa və “Bentley” almağa inanmaz.

Bəs ilk “özümüzdən olan” və hamının ala biləcəyi maşına oturan nazir kim olacaq? Bunu gözləməyə dəyər.

Azərbaycandan uzaq Venesuela adlı ölkədə enli bığları ilə məşhur olan bir prezident var – Nikolas Maduro. O, bığlarını bilərəkdən qırxmır və bunun səbəbini də gizlətmir: “Xalq məni belə tanıyıb və bu bığlar məni onlardan biri edir, çünki Venesuelada hər bir avtobus sürücüsünün belə bığları var. Axı mən də gəncliyimdə avtobus sürücüsü olmuşam”..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.