Rusiyanın dözüm həddi: 1 barrel neft-20$

30-01-2016, 00:16           

“Yalnız bir halda; dünya bazarında neftin qiyməti 20 dollardan aşağı düşəcəyi təqdirdə Rusya iqtisadiyyatı buna dözə bilməz”

Strateq.az xəbər verir ki, bu sözləri Rusiyanın Enerji nazirinin birinci müavini Aleksey Teksler bildirib.

Teksler “RBC” telekanalına müsahibəsində neft şirkətlərinin mövcud vəziyyəti investisiya azaltmaqla yola verdiklərini, ancaq neft qiymətlərinin 20 dolların altına düşməsi halında Rusiyada da ciddi problemlərin yaşanacağını etiraf edib.

Onin fikrincə, neft qiymətlərindəki enişdən ən çox büdcə təsirlənməkdədir: “Qərbi Sibirin neft gəlirlərinin 75-80%-i büdcəyə köçürülür. Neftin hər barreli 50 dollar olanda bu nisbət 30%, 30 dollar enəndə 12-13% oldu. Əgər neft 20 dollara düşərsə, satışdan gələn pulun 4%-i büdcəyə daxil olacaq".

Rus rəsmisi ölkəsində bir barrel neftin quyudan çıxarılmasının 3-6 dollara başa gəldiyini, ümumi istehsal xərclərinin isə 15-16 dollar olduğunu xatırladıb.

Qeyd edək ki, ABŞ-ın uzun müddətdən sonra öz neftini ixrac etməsiylə başlayan ucuzlaşma, İran üzərindən sanksiyaların ləğvi xəbərləriylə 27 dollara qədər enmişdi. Mütəxəssislər ABŞ tərəfindən başladılan kampaniyanın Rusiyanı çökdürmək məqsədi daşıdığına inanırdılar. Həqiqətən də, ilk başda xeyli sıxıntılı vəziyyətə düşən şimal qonşumuz indiyə qədər çətinliklə də olsa ayaq üstündə dayana bildi.

Amma daha sonra kəskin ucuzlaşmanın ABŞ-ın da iqtisadiyyatından yan keçməyəcəyi anlaşıldı. Xüsusilə 40 dollardan baha başa gələn şist neft yataqlarının və bu sektora kredit ayıran ABŞ banklarının iflas edəcəyi ehtimalı yarandı. Maraqlıdır ki, Davos toplantısından sonra bütün gözləntilərin əksinə olaraq, neftin qiyməti tədricən yüksəlməyə başladı. Hazırda bir barrel “qara qızıl” 36 dollara satılır. Ekspertlər yenidən bahalaşmanın 45-50 dollara qədər artacağını proqnozlaşdırırlar.

Belə görünür ki, bu sınaqda Rusiya ABŞ-dan daha dözümlü çıxdı. Olan isə Azərbaycan kimi bütün ümidlərini neft hasilatına bağlayan dövlətlərə oldu. Kim bilir, bəlkə bütün mərəkə də elə Rusiyanın başında yox, onun Cənubi Qafqaz ayağı üstündəydi.

Sözgedən ehtimalın nə qədər doğru olub-olmadığını yaxın günlərdə hər kəsdən daha çox Azərbaycan vətəndaşları anlayacaqlar.

Gözləriniz neft, ağlınız qeyri-neft sektorunda olsun.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.