PUTİN ÜÇÜN QARA ZOLAQ – Rusiyanı mürəkkəb və gərgin il gözləyir!
30-01-2016, 02:08
Rusiya böyük dövlət olmasına baxmayaraq, onun hazırkı siyasəti, qarşıya qoyduğu hədəflər bu dövlətin imkanları xaricindədir. Rusiya cəsarətli addımlar atmaq bacarığına malikdir, lakin onun mövcud imkanları müəyyən çərçivədən kənara çıxmağa imkan vermir. Bu səbəbdən 2016-cı ildə Moskva ambisiyaları ilə mövcud imkanlarını uyğunlaşdırmaq istiqamətində təzyiqlə üzləşəcək. Lakin ambisiyaların reallaşdırılması islahatlar tələb edir ki, bu da hal-hazırda şübhəli perspektiv kimi görünür. (Newsweek)
Rusiyanın indiki siyasəti özündə üç risk daşıyır. Bu risklər maddi təminat, siyasi sabitlik, güc və təsir imkanlarının xaricdə reallaşdırılması bacarığıdır.
Vladimir Putinin hakimiyyətə gəldiyi 2000-ci ildə Rusiyada həyat şəraitinin yüksəlməsi baş vermişdi. Bu, idxal olunan xammalın yüksək qiymətləri və həmçinin də aparılan müəyyən iqtisadi islahatlar hesabına təmin edilirdi. Ancaq Medvedyevin ardınca Putinin prezident postuna yenidən qayıtmasından sonra iqtisadiyyat böhran istiqamətinə doğru hərəkət etməyə başladı.
Məlumdur ki, hər hansı bir dövlətin apardığı ümumi siyasət, şübhəsiz ki, həmin dövlətin iqtisadi siyasətinə çox güclü təsir göstərir. Dövlət müəssisələrinin israfçılığı özəl sektoru sıxır. Neftin qiymətinin düşməsi və Ukrayna ilə bağlı olan sanksiyalar, xammal üzərində qurulmuş Rusiya iqtisadiyyatını zəiflədir. Bu ölkədə tüğyan edən korrupsiya və kriminal hələ sanksiyaların tətbiqi və aşağı neft qiymətlərinə qədər də iqtisadiyyatı laxlatmışdı.
2015-ci ildə Rusiyanın Ümumi Daxili Məhsulu 4 % aşağı düşüb. Neftin qiyməti 2016-cı ildə də aşağı səviyyədə qala bilər. Çox güman ki, Qərbin sanksiyaları ləğv olunmayacaq. Çin və Türkiyə ilə həyata keçirilməsi nəzərdə tutulan qaz kəməri layihələri baş tutmayıb. Almaniyaya çəkiləcək “Şimal axını-2” qaz kəməri layihəsi isə çox geniş etiraz polemikası doğurub.
Əgər Şimali Qafqazdakı terror və həyacanlı gərginlik atmosferini diqqətə almasaq, demək olar ki, Rusiya daxilən sabit görünür. Artıq 2011-2012–ci illərdə on minlərlə dinc etirazçıların iştirak etdiyi anti-Putin nümayişləri yoxdur.
Rusiyanın Suriyaya müdaxiləsi başlayandan sonra, keçirilən ictimai rəy sorğusuna görə Putinin populyarlığı 90 faizə yüksəlib. Heç şübhə yoxdur ki, KİV-lərin təbliğatı ictimai düşüncəyə ciddi təsir etmək imkanına malikdir. Əlbəttə, sorğunun nəticəsinə respondentlərin mənfi fikir söyləməkdən çəkinmələri də təsir göstərib.
Bütün bunlarla yanaşı mövcud narazılığın eyhamları aydın şəkildə görünür. Bu yaxınlarda yük avtomobilləri sürücülərinin etirazı son illərin ən böyük aksiyasıydı. Ümumiyyətlə, bu barədə çox az danışılmasına baxmayaraq, ölkədəki sosial etirazların sayı artır. Hökumət Dövlət Dumasına seçkilərə qədər, iğtişaşların baş vermə ehtimalına qarşı təhlükəsizlik qüvvələrini yenidən hazır vəziyyətə gətirir.
Elita nümayəndələri arasında Ukraynadakı müharibə və iqtisadi cəhətdən geriləmə ilə əlaqədar narahatçılıq yaranıb. Lakin narazıların nümayəndələri dağınıqdırlar və həm də ki, onlar qorxurlar.
Rusiyanın xaricdəki təsir imkanları getdikcə daralır. İmperiya quruluşu və hissiyatsızlıq bunun nə üçün baş verməsini izah edir. 2005-ci ildə Putin Sovet İttifaqının dağılmasını 20-ci əsrin ən böyük geosiyasi fəlakəti adlandırmışdı. 2008-ci ildə Putin prezident Çorc Buşa deyib ki, Ukrayna, hətta dövlət deyil. Keçən il Putin söyləmişdi ki, Nazarbayev hakimiyyətə gəlməyənə qədər, Qazaxıstanın heç zaman dövləti olmayıb. Bu cür çıxışlar hiddət doğurur.
Moskvanın ən böyük səhvi Ukraynadır. Krımı qansız və güllə atmadan ələ keçirən Kreml, özünə hədsiz əmin olmağa başladı. Rusiya şərqi Ukraynaya əvvəl əlaltılarının köməyi ilə, sonra isə birbaşa öz qüvvələri ilə hücuma keçdi. Amma ukraynalılar onların önünü saxlaya bildilər. Beləliklə, Rusiya öz nüfuzunun böyük bir hissəsini Ukraynada itirdi. ”Pew” araşdırmalar mərkəzinin keçən ilin yazında apardığı rəy sorğusuna əsasən, hətta Ukraynanın şərqindəkilərin 61%-i Rusiyaya qarşı neqativ münasibət bəsləyir.
Rusiya gücləri tərəfindən Gürcüstanın, Moldovanın və Ukrayna ərazilərinin işğal edilməsinə baxmayaraq, bu üç dövlət Avropa Birliyi ilə yaxınlaşmaq üçün assosiativ əməkdaşlıq müqaviləsi imzalayıblar. Mükafatlardan biri vizasız rejimdir. Rusiyanın digər qonşuları da Moskvanın bəzi istəklərinə qarşı çıxırlar. Belarus öz ərazisində Rusiya hərbi-hava bazasının yaradılmasını istəmir. Qazaxıstan isə Rusiyanın Avrasiya İqtisadi İttifaqının siyasi və valyuta ittifaqına çevrilməsi planını pozur. Litvada yenicə istifadəyə verilən sıxılmış qaz terminalı, Pribaltika ölkələrini Rusiya qazından olan asılılıqdan qurtarır. Bundan başqa Pribaltikada milyonlarla rus yaşayır ki, onlar Rusiya ilə birləşmək barəsində heç bir maraq nümayiş etdirmirlər.
Moskvanın digər yerlərdə də ümidləri boşa çıxıb. Rusiyaya qarşı sanksiya tətbiqindən sonra Kreml üzünü şərqə tərəf çevirdi. Ancaq Çin Rusiyanın təcrid vəziyyətinə düşməsindən istifadə edərək, çox az məbləğdə maliyyə təklif edir. Eyni zamanda Pekin Orta Asiyaya milyardlarla dollar sərf etməklə, Rusiyanın buradakı təsirini heçə endirir.
Bəşər Əsədin legionları Suriyada zəifləyəndə, Rusiya hərbçiləri vəziyyətə müdaxilə etdilər. Lakin birlikdə göstərdikləri səylərə baxmayaraq, onlar itirilmiş torpaqların əhəmiyyətli hissəsini Əsəd hökumətinin nəzarətinə qaytara bilmədilər. Çox böyük ehtimalla İran Suriyadakı yaraqıların sayını azaldır ki, bu da Moskvanın Suriyadakı vəziyyətini daha da kövrəkləşdirir.
Rusiya kifayət qədər güclü deyil və əgər Moskva Əsəd erasının bitiməsindən sonra məsələnin siyasi həlli üçün beynəlxalq güclərlə birlikdə hərəkət etməzsə, onda onun Suriyada uğur qazanması mümkünsüzdür.
Sadalanan üç kontekstdə – daxili siyasət, iqtisadiyyat və xarici siyasətdə Rusiya mövqelərini itirir, amma bəzi liderlər bunu etiraf etmirlər. Moskva reallıq qarşısında bir neçə güzəştə gedib. Bunlar rublun sərbəst üzməyə buraxılması, dövlət büdcəsindəkı xərclərin kəsilməsi və Ukraynanın şərqində hücumların intensivliyinin azaldılmasıdır. Öz mövqeyini gücləndirməkdən ötrü, Rusiya başqa addımlar da ata bilər. Onlar öz qoşunlarını Ukrayna ərazisindən çıxara, effektsiz dövlət müəssisələrini özəlləşdirə bilərlər.
Bu isə Kreml üçün heç də asan olmayacaq. Çünki o, özünün əvvəlki sosial müqaviləsini dəyişib. Belə ki, Kreml vətəndaşlarına siyasətə müdaxilə etmədiklərinin əvəzinə, onların həyat şəraitinin yaxşılaşdırılması sözünü vermişdi. Həmin yeni siyasətin məqsədlərindən biri Rusiyanın böyük dövlət statusunun bərpa olunmasıdır. Həyata keçirilən siyasətdən imtina olunması indiki hakimiyyət üçün riskli sayılır. Ancaq digər tərəfdən isə siyasi durğunluq da çöküşü sürətləndirəcək.
Almaniyanın “Bild” jurnalına verdiyi müsahibəsində Putin bildirib ki, o, Qərblə münasibətləri yaxşılaşdırmaq istəyir, amma ilk növbədə onlar gərək özlərinin Rusiyaya qarşı “ədalətsiz” olduqlarını etiraf etsinlər və sanksiyaları qaldırsınlar.
Təbii ki, bu cür alınmaz. Çünki Qərb özünün dəyərlərini qurban verməyəcək. Lakin Qərb qanuni maraqlarını razılaşdıra bilər. Məsələn, Qərb böyük ehtimalla sanksiyaları saxlayacaq. Sanksiyaların götürülməsi o zaman baş verə bilər ki, Rusiya Ukraynanı tərk etsin.
Əgər Moskva Suriyada əməkdaşlıq etməyə hazırdırsa, onda Qərb ona sülh prosesində mühüm rol oynamağa imkan verməlidir. Xoş məramlar çərçivəsində Minsk razılaşmasının həyata keçirilməsini də gözləmək olar.
Ümumiyyətlə Rusiyanı mürəkkəb və gərgin bir il gözləyir.
AzPolitika