Azərbaycan qıtlıq dövrünə necə hazırlaşır? - “İşğaldan azad edilən rayonlarda…
7-12-2020, 17:50

Pandemiya dövründən sonra dünyanı daha bir təhlükə - ərzaq təhlükəsizliyi problemi gözləyə bilər.
Bununla bağlı bir sıra proqnozlara rast gəlinməkdədir, dünyada ərzaq qıtlığı yaşana biləcəyi ilə bağlı xəbərdarlıqlar edilir. Dünya Qida Proqramının (WFP) direktoru David Bisli də 2021-ci ildə qorxunc səviyyədə qıtlıq olacağı iddia edib. COVİD-19 pandemiyasının qida təhlükəsizliyinə dağıdıcı təsirləri olduğuna işarə edən Bisli qida problemi ilə qarşı-qarşıya qalan insan sayının artacağını bildirib.
Buna görə də bəzi ölkələr siyasətlərini daha çox öz vətəndaşlarının ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində qururlar. Bir sıra ölkələr bu məqsədlə ixrac olunan qida məhsullarına limit və ya qadağalar tətbiq eidrlər. Məsələn, Rusiya kimi böyük buğda istehsalçısı ixraca limit tətbiq edib. Çin, Pakistan və Səudiyyə Ərəbistanı kimi ölkələr də buğda ehtiyatlarını artırmaqdadırlar.
Digər tərəfdən isə iqlim dəyişikliyi və quraqlığın da qlobal miqyasda aqrar istehsalı təhdid etdiyi bildirilir. Məlumdur ki, Azərbaycanın ərzaq məhsullarına olan tələbatının böyük bir hissəsi idxal hesabına ödənilir. Qida məhsulları arasında xüsusi əhəmiyyət kəsb edən ərzaq buğdasının da yeri istehsal hesabına təmin edilməsi indiyədək mümkün olmayıb.
Belə bir vəziyyətdə ölkəmizdə buğda təhlükəsizliyi təmin olunubmu?
İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda ərzaq buğdasına olan tələbatın təxminən yarısı yerli istehsal sayəsində ödənilir:
“Qalan hissəsi isə idxal olunur. Azərbaycan iş adamlarının taxıl tədarükü ilə bağlı müqavilələrinə görə qarşıdakı bir il ərzində problem olmamalıdır. Müqavilələr üzrə tədarük vaxtlı vaxtında yerinə yetirilməlidir. Çətinliklərin olacağını düşünmürəm. Amma indi elə bir şəraitdə yaşayırıq ki, hər an fors-major vəziyyət gözlənilə bilər. Ən məşhur iqtisadi təhlil agentlikləri də bir həftədən artıq müddət üçün ciddi proqnoz verə bilmirlər. Bu baxımdan da Azərbaycan hökuməti də müəyyən tədbirlər görməlidir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə taxıl istehsal etmək mümkündür. Doğrudur, taxıl ənənəvi olaraq payızda əkilir, yayda biçilir, amma yazlıq taxıl növləri də var ki, onlar fevral ayının sonlarında, mart ayının əvvəllərində əklilir və payızlıq taxılla birlikdə biçilir. Bu növdə məhsuldarlıq payızlıq taxıl kimi olmasa da, onun 70-80 faizini əldə etmək olur. Bu imkanlardan istifadə etmək olar, həmin ərazilərdən 200-300 min ton taxıl əldə etmək olar. Ermənilərin hər il 90 min ton taxıl istehsal etdiyi bildirilir, amma nəzərə almaq lazımdır ki, bu həmin ərazilərin tam potensialı deyil. Ermənilər heç də bütün əraziləri becərməyiblər. Kəlbəcər və Laçın rayonlarında taxıl istehsalı potensialı yoxdur. Digər beş rayonun ərazilərində isə əvvəllər kifayyət qədər taxıl istehsal edilib. Bu sahələrin indiki potensialı 200-300 min ton edə bilər”.
Akif Nəsirli deyir ki, idxal müqavilələrində şərtlərin dəyişdirilməməsi nəzərdə tutulsa da, Azərbaycan hökuməti idxala arxayın olmamalıdır:
“2019-cu ildə 2020-ci ilin bu cür keçəcəyini heç kim düşünmürdü. 2021-ci ildə də bizi hansı “surpriz”-lərin gözlədiyindən xəbərsizik. Bu baxımdan da Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinin təmin etmək üçün bütün məhsullar üzrə daxili potensialı mümkün qədər reallaşdırıb idxaldan asılılığı mümkün qədər minimuma endirməlidir. Bunun üçün imkanlar var. Təkcə ərzaq buğdası deyil, ət istehsalını da artırmaq üçün potensial var. İşğaldan azad olunan vaxt ermənilər Laçın və Kəlbəcər rayonlarından 2 milyon başa yaxın iri və xırda buynuzlu heyvan aparıblar. Bu potensialdan da istifadə etmək olar. Ərzaq təhlükəsizliyi dolayısı ilə ölkənin milli təhlükəsizliyi, siyasi dayanıqlığıdır. Azərbaycan hökuməti növbəti il üçün xüsusi proqramlar hazırlamalıdır. Hesab edirəm ki, dövlət büdcəsinin müzakirələrində də bu məsələlər öz əksini tapacaq”.
İşğaldan azad olunan ərazilərdə gələn ilin başlanğıcında taxıl istehsalı mümkündürmü? Bunun üçün ilk növbədə təhlükəsizlik tədbirləri görülməlidir?
İqtisadçı hesab edir ki, ermənilər əsasən müdafiə xətlərini minalayıblar:
“Beş rayonun dördündə mina təhlükəsi minumumdur. Çünki ermənilər Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarından ajiotajla çıxıblar. Ona görə də onların həmin rayonlarda ciddi minalanma aparmasına inanmıram. Elə ərazilər var ki, onlar intensiv xaotik minalanmış ərazilərdir, onları qarış-qarış zərərsizləşdirmək lazım gəlir. Elə ərazilər də var ki, onlar da müdafiə xətti minalanıb. Həmin müfafiə xəttlərindən yol nəqliyyat zolaqları açmaq olar. Arxaya keçəndən sonra mina təhlükəsi minimum olacaq. Həmin ərazilərdə olan minalar 10-20 il sonra da üzə çıxa bilər. Müasir texnologiyalar geniş ərazilərdə minaların dronlarla axtarılmasına imkan verir. Ona görə də hesab edirəm ki, həmin ərazilərdə gələn ildən kənd təsərrüfatı ilə məşğul olmaq olar”.