Ekspert Mərkəzi Bankın nöqsanlarını SADALADI
1-02-2016, 19:56
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun Azərbaycanda 6,6 milyon əmanətçinin bank əmanətlərinin tam həcmdə sığortalanacağına dair açıqlama verdi. Bundan sonra qərarın tezliklə qüvvəyə minəcəyi gözlənilir. Lakin baş bankirin “qanun, bank sektorunda qeyri-sabitlik dövründə aktual olacaq” fikri bəzi şübhələr doğurur.
Bəzi ekspertlər yanvar ayının sonunda bir neçə kommersiya bankının lisenziyasının geri alınmasını bu qanunun qüvvəyə minəcəyi və bir çox əmanətçinin əmanətinin geri qaytarılmayacağı ilə nəticələnəcəyi proqnozunu verib. Digərləri, ümumiyyətlə, Azərbaycanda əmanətlərin tam sığortalanmasının baş tutmayacağını istisna etmir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev Modern.az saytına deyib ki, "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun tətbiqini gözləmək tezdir: “Çünki, qanun hələ birinci oxunuşdan keçib”,-deyə o bildirib. Mərkəzi Bank tərəfindən müxtəlif bankların fəaliyyətinin dayandırılmasına gəlincə, ekspert deyib ki, Azərbaycan iqtisadiyyatı normal qanunauyğunluq, məntiqlə idarə olunmadığından proqnoz vermək çətindir:
“Ona görə də qəbul olunan qərarlar hər qrup tərəfindən öz istək və öz məntiqinə görə qəbul olunur.
Bu baxımdan nə baş verəcək, sonrakı mərhələdə bizi nələr gözləyir, demək çox çətindir. Son günlər bir neçə kommersiya bankı bağlandı. Hansı məntiqlə? Bank rəhbərləri ilə razılaşmadan, xəbərdarlıq olunmadan lisenziyası geri alınır. Sonra danışıq aparılır, razılıq əldə olunur lisenziyası geri verilir və s.
Bu idarəetmə deyil, bu, “bunu edək, sonrasına baxarıq” yanaşmasıdır. Prosesin nə qədər davam edəcəyini də söyləmək çətindir.
Bunu hansısa islahat adlandırırlar, ancaq bu, islahat da deyil. Çünki, islahat olacağı təqdirdə dəqiq çərçivələr müəyyən olunmalıdır ki, bankların fəaliyyətinin dayandırılması hansı kriteriyalar əsasında müəyyənləşir. Qərar verilirsə, heç kəsə fərq qoyulmadan icra olunmalıdır. İndiki halda təəssüf ki, baş verənlər anlaşılan deyil.
Mərkəzi Bank lisenziyanın geri alınmasını məcmu kapitalın icra olunmaması ilə, hansısa problemlərlə əlaqələndirdi. Nəzərə alaq ki, keçən il fevral devalvasiyasından sonra bankların gəlirləri, xərcləri barədə verilən məlumatlar tam deyil. Bizə də məlumatlar gəlir. Amma bunlar da dəqiq deyil, ağızdan-ağıza ötürülən informasiyalardır.
Ona görə də bütün bankların bağlanma səbəblərinə aydınlıq gətirmək mümkün deyil. Bu qərarlar Mərkəzi Bankın öz baxışları ilə qəbul olunan qərarlardır.
Nəzərə alaq ki, Prezident səviyyəsində bank sektorunun konsoldasiyaya getməsi, böhranın qarşısının alınması istiqamətində göstərişlər verilib.
Mərkəzi Bank da bankların bağlanmasını bu sektorun böhrandan çıxarılması yolunda atdığı addım kimi qələmə verir. Gözlənilir ki, proses davam edəcək. Amma qanun nə vaxt qəbul olunacaq və işləyəcək, buna Milli Məclis qərara verəcək”.