Məmurların “NAZ Lifan” sifarişində müəmma - bəs tenderlər hanı?!

2-02-2016, 12:38           
Məmurların “NAZ Lifan” sifarişində müəmma - bəs tenderlər hanı?!
Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev ölkə başçısı İham Əliyevin məlum çıxışından sonra həddindən artıq sifariş aldıqlarını deyib. O, iki gün əvvəlki açıqlamasında tələbin artmasından asılı olmayaraq, zavodun bunun öhdəsindən gəlmək iqtidarında olduğunu vurğulayıb.

Zavod direktoru bəyan edib ki, müraciət edənlər arasında müxtəlif dövlət qurumları, o cümlədən, nazirliklər, icra hakimiyyətləri var. Xatırladaq ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda prezident İlham Əliyev yerli istehsalın artırılması üçün yeni təkliflə çıxış edib. Məmurlara səslənən ölkə başçısı deyib: "Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.

Məhz bu çağırışın ardından bəzi məmurlar dərhal NAZ istehsalı olan "Lifan” markalı avtomobillər sifariş etməyə başlayıblar.

Bununla belə, ortaya maraqlı bir sual çıxır: məmurlar xidməti avtomobillərini şəxsi təşəbbüslə yeniləyə bilməzlər. Qanunvericiliyə görə, hər hansı dövlət qurumu bu kimi hallarda öncə açıq tender elan etməli, hər hansı sifarış məhz tenderin qalibi olan şirkətin vasitəsi ilə yerinə yetirilməlidir.

Amma indi belə görünür, bəzi məmurlar böyük ehtimalla ölkə rəhbərliyinə xoş gəlmək üçün tələsirlər və xidməti avtomobillərini yeniləmək üçün qanunvericiliyin məlum tələbini pozurlar. Məsələ burasındadır ki, hər hansı sifarişlə bağlı tender elan olunarkən satınalmada iştirak etmək istəyənlərin lazımi sənədləri təqdim etməsi üçün bəlli bir müddət var. Ən azı həmin müddəti nəzərə alsaq, NAZ-a sifarişlərin indidən artması müəmmalara yol açır, bu sifarişlər zamanı tender qanunvericiliyinin tələblərinin qorunduğunu şübhə altına alır.

Düzdür, əslində dövlət qurumlarının keçirdiyi tenderlər əksər hallarda formal xarakter daşıyır. Ekspertlər də indiyədək bildiriblər ki, bildirirlər ki, Azərbaycanda keçirilən tenderlər şəffaflıq və obyektivlik baxımından kifayət qədər qüsürludur, bu müsabiqələrdə bir çox hallarda say artırmaq üçün müxtəlif firmaların iştirakı təmin edilir, hansı ki, onların əksəriyyəti formal yaradılan qurumlardır. Bu həmin tenderlərdə rəqabət görüntüsü yaratmağa xidmət edir, əksərən əvvəlcədən müəyyənləşdirilmiş şirkətlər qalib elan olunurlar.

Bununla belə, hər halda məmurlar ən azı tender qanunvericiliyinə zahiri hörmət nümayiş etdirə və ölkə başçısının təşəbbüsünə hüquqi prosedurları formal da olsa gözləyərək qoşula bilərdilər. Amma belə görünür, onlar daha sürətli tərpənərək, "yuxarılar”a şirin görünməyi üstün tuturlar.

Onu da deyək ki, Azərbaycanda dövlət büdcəsindən nəqliyyat vasitələrinin alınması üçün nəzərdə tutulan vəsaitlərin necə xərcləndiyi uzun illərdir müzakirə və mübahisə mövzusudur. Müstəqil ekspertlər həmin vəsaitlərin korrupsiya predmetinə çevrildiyini deyir, rəsmi qurumlar isə öz ənənələrinə sadiq qalaraq, qətiyyətlə inkar edir və şəffaflığın təmin olunduğunu söyləyirlər. Bu məqamda kimə inanmaq lazım olduğunu isə oxucuların ixtiyarına buraxırıq...///Qaynar.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.