Qafqaz və İran azərbaycanlıları birləşə biləcəklərmi? - Rusiyadan baxış

1-01-2021, 13:26           
Qafqaz və İran azərbaycanlıları birləşə biləcəklərmi? - Rusiyadan baxış
2020-ci il dünyada gedən proseslər, o cümlədən Cənubi Qafqazda Azərbaycanın apardığı haqlı müharibə regionda tamamilə yeni şərtləri diqtə etdi. Bu şərtlər Rusiya və İran dövlətinin beyin mərkəzlərində ciddi araşdırımalara səbəb oldu. Xüsusilə Rusiya kəşfiyyatının Qafqazda Türkiyə faktoruna münasibəti fonunda hazırladığı və gizli mesajlarla cəmiyyətə ötürdüyü hesabat-analizlərdə ciddi narahatlıqları sezilir. Bu əndişə özünü pantürkçülük, Böyük Turan ideyası və Cənubi Qafqazda yaxın yüz illikdə Bütöv Azərbaycan dövlətinin yaranması ilə sıx bağlıdır.

KONKRET.az-ın analitik qrupu sosial şəbəkələrin Rusiya seqmentində yayılan bu tipli baxışları qruplaşdırıb. Xüsusilə ayrı-ayrı internet səhifələrin hazırladığı şərhləri diqqətlə izləyərək belə nəticə əldə edir ki, Rusiya bütün vəchlə bu prosesin qarşısını almağa çalışacaq. Həmin yollardan biri də ideoloji xətdir. Rusiya beyin mərkəzinin birinin hazırladığı analitik materialda vurğulanır ki, “Bir çox rus bilmir ki, azərbaycanlıların böyük əksəriyyəti Azərbaycanın özündə deyil, qonşu İranda yaşayır”.

Bu fikirlərlə başlayan və ziyanlı ideoloji yazıda Azərbaycan xalqının iki dövlət arasında necə bölünməsindən və birləşmək arzularından danışılıb. Həmin şərhi oxucuların ixtiyarına buraxırıq:

“Bu gün dünyada Altay dil ailəsinə, türk qrupuna mənsub olan 35 milyona yaxın azərbaycanlı var. Ən maraqlısı budur ki, azərbaycanlıların böyük əksəriyyəti Azərbaycanın özündə (10,1 milyon nəfər) deyil, 15-30 milyondan çox insanın yaşadığı İranda cəmləşib (İranın bütün əhalisinin təxminən 30 faizi). Bəs necə oldu ki, qonşu İranda Azərbaycanın özündən daha çox azərbaycanlı yaşayır?

Azərbaycan xalqı XV-XVI əsrlərin sonlarında türk köçərilərinin və yerli fars əhalisinin assimilyasiyası nəticəsində formalaşıb. Eyni dövrdə, Teymurilər imperiyasının süqutundan sonra I Şah İsmayıl hakimiyyətə gəlib, eyniadlı imperatorluğu yaradan Səfəvi sülaləsi meydana çıxıb. Səfəvi dövlətinin xüsusiyyətlərindən biri də odur ki, bu dövlətə iki aparıcı etnik qrup sahib olub: azərbaycanlılar və farslar (iranlılar). Fəqət, XVIII-XIX əsrlərdə fars dövləti zəifləyib və şimal qonşusu Rusiya ilə müharibələrdə əraziləri itirməyə başlayıb. Beləliklə, 1804-1813-cü illərdəki Rusiya-Fars müharibəsi zamanı İran “Gülüstan” müqaviləsini imzalayıb və nəticədə şimal ərazilərini (Şərqi Ermənistan, Şərqi Gürcüstan, Dağıstan və Şimali Azərbaycan) Rusiyaya verib. 1828-1829-cu illərdəki Rusiya-Fars müharibəsindən sonra bu ölkə yenə də bir sıra şimal ərazilərini itirib və sərhədlərin yenidən bölüşdürülməsinə başlanıılb. “Türkmançay” müqaviləsinə görə, iki imperiya arasındakı sərhəd Araz çayı boyunca keçib, bu bölgü nəticəsində Şimali Azərbaycan (əsasən azərbaycanlılar yaşayır) Rusiyanın tərkibinə daxil olub və Cənubi Azərbaycan farslarda qalıb. Beləliklə, bir xalq – Azərbaycan xalqı iki dövlət arasında bölünüb”.

HAŞİYƏ: Burada xüsusilə qeyd etmək lazımdır ki, Səfəvi dövlətinin sahibi tam olaraq azərbaycanlılar olub. Digər bir məqam odur ki, Rusiya ilə sırf azərbaycanlılardan ibarət olan Qacarlar sülaləsinin idarə etdiyi dövlət arasında müharibədə ərazilər bölünüb.

Ruslar daha sonra yazır: “Yeri gəlmişkən, rus diplomatı və yazıçı A.S.Qriboyedov “Türkmançay” müqaviləsinin hazırlanmasında şəxsən iştirak edib. Ancaq 1829-cu ildə fars millətçilərinin qiyamı nəticəsində Qriboyedov faciəvi şəkildə ölüb.

Beləliklə, iki yüz il ərzində bütöv bir xalq yalnız iki dövlət arasında deyil, eyni zamanda iki sivilizasiya arasında bölünüb. Beləliklə, Şimali və ya Qafqaz Azərbaycanı Rusiya xristian sivilizasiyasının təsirinə məruz qalıb. Sovetlər dönəmində Azərbaycan dünyəvi respublikaya çevrilib ki, bu da İran cəmiyyətindən daha çox Azərbaycan cəmiyyətinin zehniyyətində türkçülüyü formalaşdırıb. SSRİ-nin dağılmasından sonra müstəqil Azərbaycan qonşu İranla ittifaqı gücləndirməyə çalışıb, lakin bu siyasət bir çox obyektiv və subyektiv səbəblərdən uğurlu olmayıb.

Məsələ burasındadır ki, 1925-ci ildə İranda Qacarlar sülaləsinin süqutundan sonra paniranizm və fars millətçiliyini yayan Pəhləvi sülaləsi qurulub. Bundan sonra İranda azərbaycanlıları əzməyə başlayıblar, ana dilində danışmalarını qadağan ediblər və türk xalqlarını tamamilə iranlaşdırmağa çalışıblar. Bunun səbəbi separatizm qorxusu və Güney Azərbaycanın Sovet Azərbaycanı tərəfindən mənimsənilməsi idi. Və bu qorxular əsassız deyildi, çünki SSRİ-də bu məsələ hər cür şəkildə təbliğ edilirdi. Nəticədə İran Azərbaycanında milli azadlıq hərəkatları başladı. Sovet rəhbərliyinin Cənubi Azərbaycanı Qafqazla birləşdirmək cəhdləri qüsursuz idi, çünki II Dünya Müharibəsi bitdikdən sonra İran hökuməti İran azərbaycanlılarına qarşı ayrı-seçkilik siyasətini sərtləşdirmişdi.

1979-cu ildə İranda İslam inqilabı baş verdi, yeni hökumət İran azərbaycanlılarına qarşı daha yumşaq bir siyasət yürütməyə başladı. Çünki bir çox inqilabçı türk mənşəli idi. Bütün bunlar nəhayətdə 1980-ci illərdə Güney Azərbaycanda yeni milli azadlıq hərəkatlarının dirçəlməsinə səbəb oldu.

1991-ci ildə Güney Azərbaycanın inqilabçı təşkilatı (SAMAN) dirçəlməyə başladı. Bu təşkilat azərbaycanlıların hüquqlarını, onların dili və mədəniyyətini müdafiə edən kütləvi hərəkatlar və aksiyalar keçirirdi. Etiraf edilməlidir ki, Prezident Elçibəyin başçılıq etdiyi Azərbaycanın ilk hökuməti Cənubi Azərbaycanı müstəqil Azərbaycanla birləşdirmək fikrini dəstəkləyirdi. Lakin 1993-cü ildə İranla münasibətləri korlamayan Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi və Türkiyə ilə iqtisadi və hərbi inteqrasiya yolunu tutdu. İran da öz növbəsində Azərbaycan inqilabçılarının liderləri ilə əlaqəli olan “vintləri sıxmağa” başladı. İran rəhbərliyi Dağlıq Qarabağdakı ilk müharibə zamanı azərbaycanlı qaçqınlara kömək etmədi və Ermənistan-Azərbaycan münaqişəsində Ermənistan tərəfini tam dəstəklədi.

Hazırda İran rəhbərliyi bütöv Azərbaycan tərəfdarlarına qarşı mübarizəni davam etdirir və İran-Azərbaycan sərhədində tam nəzarəti təmin edir. İranlılar Türkiyə və Azərbaycanın xarici siyasətinin Cənubi Azərbaycanda pan-türkçülüyün yayılmasından qorxdular. Bu, xüsusilə özünü 2020-ci ilin payızındakı müharibə zamanı daha qabarıq büruzə verdi.

Beləliklə, yaxın gələcəkdə Qafqaz və Cənubi Azərbaycanın birləşməsi məsələsi demək olar ki, mümkün deyil. Çünki azərbaycanlıların birləşməsi ideyası İran dövlətinin ərazi bütövlüyünü təhdid edir. Üstəlik, son 200 ildə parçalanan Azərbaycan xalqı zehniyyət baxımından çox fərqlidir”.

Göründüyü kimi, ruslar yanlış olaraq hesab edir ki, “Dünyəvi Azərbaycan dövlətinin vətəndaşları türkləri daha yaxşı başa düşür, nəinki İran azərbaycanlıları”. Ruslara görə, İran azərbaycanlılarının əksəriyyəti guya farslarla birlikdə vahid dini bir İranda yaşamağa üstünlük verirlər. Əslində isə bu, belə deyil. Ancaq tələsmək olmaz. Hər şeyi əlahəzrət zaman göstərəcək.
Natiq Səlim,
Mənbə: “МИР ГЛАЗАМИ ФИЛОСОФА”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.