Dünya şokda... ABŞ Konqresi 1814-cü il ingilis işğalından sonra ilk dəfə zorakılıqlara səhnə oldu - Çevriliş cəhdi, ya...
7-01-2021, 09:19
Xəbər verdiyimiz ki, ABŞ-da Prezident Donald Tramp tərəfdarları 3 noyabrda keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün toplanmış Konqres binasına basqın edərək içəri daxil olub.
Baki-xeber.com xəbər verir ki, binada baş verən qarşıdurmalarda bir qadın silahla başından vurularaq öldürülüb. Paytaxt Vaşinqtonda komendant saatı tətbiq edilib. Konqres binasında etirazçıların işğalı 4 saat davam edib. Milli Qvardiya və FTB-yə bağlı SWAT qrupunun müdaxiləsi ilə binada silahlı 13 nəfər saxlanıb. Bundan başqa, Konqres binası ətrafında və Respublikaçılar Partiyasının Vaşinqtondakı qərargahında kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkar edilib.
Onu da qeyd edək ki, ABŞ Konqresi 1814-cü ildəki ingilis işğalından sonra ilk dəfə zorakılıqlara səhnə olur.
ABŞ-da bir çox siyasətçi Konqres binasında baş verənləri çevriliş cəhdi kimi dəyərləndirir. Pensilvaniya qubernatoru Tom Volf, Nyu York baş prokuroru Letiçia Ceyms, Illinois təmsilçisi Adam Kinzinger, Maryland nümayəndəsi Kveysi Mfum və başqa bir çox siyasətçi etirazçıların paytaxt Vaşinqtonda Konqres binasına girməsini "çevriliş cəhdi" adlandırıb.
"Bu gün gördüyümüz demokratiya deyil, çevriliş cəhdidir" deyən T.Volf, ABŞ-ın ədalətli və sərbəst seçki keçirdiyini, nəticənin də bəlli olduğunu ifadə edərək Respublikaçıları zorakılığı dayandırmağa çağırıb.
NATO Baş katibi Yens Stoltenberq də ABŞ Konqresindəki hadisələrə münasibət bildirib. Yaşananlardan şoka düşdüyünü deyən Baş katib ABŞ-da prezident seçkilərinin nəticələrinə hörmətlə yanaşmağa çağırıb.
Konqresdəki hadisələrin "utanc verici" olduğunu deyən İngiltərə Baş naziri Boris Conson isə, ABŞ-da hakimiyyətin nizamlı və sülh yolu ilə ötürülməsinin vacib olduğunu bildirib.
Conson, Amerika Birləşmiş Ştatlarının dünya miqyasında demokratiyanı müdafiə etdiyini deyərək, hakimiyyətin nizamlı və dinc yolla ötürülməsinin indi həyati əhəmiyyət daşıdığını bildirib.
AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell Vaşinqtonda yaşanan hadisələri "ABŞ demokratiyasına misilsiz hücum" kimi xarakterizə edərək, seçkinin nəticələrinə hörmət etməyə çağırıb.